Ermənistan baş naziri Nikol Paşinyan son çıxışında erməni kilsəsi və diasporunu Ermənistanın inkişafı yolunda başlıca əngəl kimi dəyərləndirməklə onları kəskin tənqid edib. O qonşu 4 ölkədən iki ən mühümü-Türkiyə və Azərbaycanla anlaşa bilməmələrinin səbəbini 3 amillə əlaqələndirib.
Bunlardan biri ona görə, erməni toplumuna əsrdən çoxdur hakim olan absurd standartlar, boydan yuxarı tullanmaq cəhdləri, Azərbaycan və Türkiyənin heç vaxt qəbul etməyəcəyi şərtlər, daim ağa axtarışıdır.
Bunun da kökündə erməni baş nazirin dediyi kimi əlbəttə ki, saxta tarix və ona kollektiv inam dayanır. Paşinyan ikinci ciddi əngəlin erməni kilsəsi olduğunu vurğulayıb.
Paşinyan deyib ki, qonşularla sülh içində dinc yanaşı yaşamağa üçüncü ciddi əngəl isə varlı-karlı erməni lobbisidir. O, diasporun qonşu ölkələrlə sülhə mane olduğuna işarə vuraraq, onu ölkə üçün təhlükə, hətta “arabanın 5-ci təkəri” adlandırıb. Baş nazir diasporun ölkənin idarəçiliyinə zorla daxil edilməsini “lüzumsuz və zərərli” sayıb.
Beləliklə görünən odur ki, Paşinyan kilsənin ardınca erməni diasporuna da müharibə elan edir. Təbii ki, Nikolun bu cür açıqlamalar verməsində başlıca rolu məhz keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi müqavimət hərəkatı oynayıb. Belə ki, erməni kilsəsinin təmsilçisi olan Baqrat həm də Kanada vətəndaşıdır. Bu isə onu deməyə əsas verir ki, diaspor və kilsə Ermənistan Baş nazirinə qarşı vahid cəbhədə birləşiblər.
Digər tərəfdən, Paşinyanla kilsə arasındakı gərginlik də yeni deyil. Nikol hakimiyyətə gəldiyi ilk günlərdən kilsə ilə problemlər yaşamağa başlamışdı. Lakin görünən qədərilə Baqratın müqaviməti Paşinyan üçün bardağı daşıran son damla olub. Ona görə də erməni baş nazir kilsə-diaspor tandeminə qarşı açıq mübarizəyə başladığını elan etdi.
Paşinyan hakimiyyətin 3 dayağından 2-ni sındıracaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ermənistan üçün ən böyük başağrısı bu ölkənin bir neçə əllə idarə olunmasındadır:
“Ermənilər özləri deyir ki, 3 dayaq üzərində qurulublar. Bunlar dövlət, kilsə və diaspordur. Bu mənada Ermənistanda dövlət var, amma ona sahiblik etmək istəyənlərin sayı 3-dür: İrəvanda oturan rəhbərlik, kilsə və diaspor strukturları. Ermənistanda sifarişi verənlər isə kilsə ilə diaspordur. Onlar isə Ermənistan dövlətinin rəhbərliyində oturan adamı normal işləməyə qoymur”.
Politoloq deyir ki, diasporun Ermənistanın daxili işlərinə qarışması orada böyük pulların yuyulması deməkdir:
“Habelə, silah-sursat, müxtəlif fondların xəttilə xaricdə pul yığıb, Qarabağa göndərməklə çirkli pulları yuyurdular. Paşinyan deyəndə ki, “virtual yox, real Ermənistan qurmalıyıq” məhz kilsə və diasporun timsalında kənardan uzanan əllərin qırılmasını nəzərdə tutur”.
Ekspert qeyd edir ki, yalnız kənardan uzanan bu əllər kəsildiyi təqdirdə, Ermənistanda dövlət və hökumətə başçılıq edən qüvvə öz işini görə biləcək:
“Erməni diasporu xaricdə oturub müharibə və münaqişəyə sponsorluq edir ki, regionumuzda vəziyyət gərgin olsun, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərində sülh heç zaman bərqərar olmasın. Çünki regionda qeyri-sabitliyin olması onların çirkli pulları mənimsəmələrinə xidmət edir. Paşinyan bu mənada böyük cəsarət göstərərək, kilsə və diaspora həm müharibə elan edir, həm də onlarla bir arada olmayacağını bildirir.
Onsuz da əvvəl-axır kilsə və diasporun bu özbaşınalığının qarşısını kimsə almalıdır ki, Ermənistan həqiqətən də normal, suveren dövlətə çevrilsin. Ancaq indiki kimi üç dayaq üzərində qalsa, Ermənistan heç zaman güclü dövlət olmayacaq, ona heç vaxt rahat yaşam tərzi verməyəcəklər. Paşinyan da bunu başa düşdüyündən, artıq virtuallıqdan reallığa keçməyi təklif edir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:10 / 22.06.2024
İrəvanda TAXT-TAC OYUNLARI – Paşinyan Ermənistanın əsas "dayaq"larını SINDIRACAQ?
Hazırda oxunan: İrəvanda TAXT-TAC OYUNLARI – Paşinyan Ermənistanın əsas "dayaq"larını SINDIRACAQ?
Hazırda oxunan: İrəvanda TAXT-TAC OYUNLARI – Paşinyan Ermənistanın əsas "dayaq"larını SINDIRACAQ?
198349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.