İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”

İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”

Hazırda oxunan: İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”

189950

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanaraq dünyanın müxtəlif ölkələrindən çox sayda nüfuzlu qonağın iştirak etdiyi bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İraq Parlamentinin sədrini qəbul etdi – FOTO  


Azərbaycanla İraq arasında əlaqələrin zəngin tarixinin olduğunu deyən dövlətimizin başçısı hazırda İraqda sabitliyin, əmin-amanlığın təmin edilməsini müsbət amil kimi qiymətləndirib.

Azərbaycan Prezidenti İraqın zəngin tarixə və mədəniyyətə malik olduğunu vurğulayaraq ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığa toxunub, torpaqlarımız erməni işğalı altında olan dövrdə İraqın hər zaman ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstək göstərdiyini qeyd edib.

İraq Prezidentinin həm rəsmi, həm də Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfərlərini xatırladan dövlətimizin başçısı bu yaxınlarda Azərbaycanın iki nazirinin rəhbərliyi ilə nümayəndə heyətlərinin İraqa səfər etdiklərini, İraqın baş naziri tərəfindən qəbul olunduqlarını, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi istiqamətində ətraflı müzakirələrin aparıldığını vurğulayıb, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunub.

Prezident İlham Əliyev müdafiə sənayesi, energetika, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib.

Dövlətimizin başçısı Möhsin Əli Əkbər Əl-Mandalavinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını qeyd edib.

Qəbula və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən İraq Parlamentinin sədri VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən məmnunluqlarını bildirib.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişlə bağlı təbriklərini çatdıran İraq Parlamentinin sədri bu proses çərçivəsində dövlətimizin başçısının göstərdiyi səyləri dəstəklədiklərini və tezliklə sülh müqaviləsinin imzalanmasını arzu etdiklərini deyib.

O, Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyini qeyd edərək, bu Hərəkatın təsisatlanması istiqamətində ölkəmizin verdiyi töhfələri və irəli sürdüyü təşəbbüsləri xüsusi vurğulayıb. 

Möhsin Əli Əkbər Əl-Mandalavi iki ölkənin parlamentləri arasındakı əlaqələrə toxunaraq deyib ki, İraq Parlamenti Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsini dəstəkləyir.

İraqda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını bildirən Parlamentin sədri Azərbaycan şirkətlərini bu prosesə töhfə verməyə dəvət edib. Möhsin Əli Əkbər Əl-Mandalavi Prezident İlham Əliyevi tezliklə İraqda görməkdən məmnun olacaqlarını deyib.

Dövlətimizin başçısı İraqa məmnuniyyətlə səfər edəcəyini bildirib.

İraq Parlamentinin sədri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırıb, Bakı şəhərinin memarlığının onları heyran etdiyini deyib.
Xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Bakı şəhərinin memarlıq nümunələrindən olan və dünya miqyasında şöhrət qazanmış Heydər Əliyev Mərkəzinin memarı məhz İraq xalqının yetirməsi Zaha Hadiddir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO