Xəbər verdiyimiz kimi bu gün Brüseldə ABŞ, Aİ və Ermənistan rəhbərliyi bir araya gələcək. Bu görüş bütün region dövlətləri tərəfindən diqqətlə izlənilir. Çünki bu görüşdə qəbul ediləcək qərar regionun geosiyasi mənzərəsini dəyişə bilər.
Təsadüfi deyil ki, ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bizim.Media-ya açıqlamasında görüşün yaxından izləniləcəyini və aprelin 5-də imzalanacaq sənədlərin region üçün müsbət nəticə verməyəcəyini qeyd edib:
MÖVZU İLƏ BAĞLI:
Roma Papası Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən danışdı
“Biz bu görüşü böyük diqqətlə izləyəcəyik, əvvəlki kimi, inanırıq ki, digər dövlətlərin regional məsələlərdə iştirakının artırılması müsbət nəticə verməyəcək”.
Məsələ ilə bağlı Rusiya “Milli Müdafiə” jurnalının baş redaktoru, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenkodan Bizim.Media-ya müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- İqor Yuriyeviç, Brüssel görüşündən gözləntiləriniz nələrdir?
- Əvvəlcədən deyim ki, təkcə mən yox, ümumilikdə Rusiyanın hərbi elitası Brüsseldə baş tutacaq üçtərəfli görüşdən yaxşı heç nə gözləmir. Əksinə, hesab edirik ki, bu görüşdə regional təhlükəsizliyə təhdid olacaq müəyyən qərarlar veriləcək. Çünki bu görüşdə söhbət təkcə Ermənistana iqtisadi yardımdan getməyəcək, həm də Ermənistana hərbi və texniki yardım müzakirə olunacaq. Bu da o deməkdir ki, Paşinyan praktik cəhətdən Qərbin hərbi dəstəyindən tam yararlanacaq.
- Hərbi yardım deyərkən nələri nəzərdə tutursunuz?
- Hesab edirəm ki, Qərbin Ermənistan üçün nəzərdə tutacağı hərbi dəstəyə hava hücumundan müdafiə sistemləri, hava məkanına nəzarət radarları, elektron kəşfiyyat avadanlıqları və həmçinin pilotsuz hücum aparatları daxildir. Bundan əlavə, ABŞ və Aİ Ermənistana silahlı qüvvələrin modernləşdirilməsinə də yardım etməyi düşünür. Hədəf odur ki, Ermənistan ordusunu NATO standartlarına uyğunlaşdırılsın.
- Qərbin bu cür planları Ermənistanda daxili vəziyyətin gərginləşməsinə səbəb ola bilərmi?
- Əlbəttə ki, Qərbin belə bir hərbi dəstəyi Ermənistanı yeni münaqişəyə iştahlandıracaq. Nəticədə, rəsmi İrəvan ilk növbədə Azərbaycanla sülh danışıqlarından yan keçəcək. Təbii ki, Aİ-nin Ermənistandakı “müşahidə missiyası” da rəsmi İrəvanın təxribatlarına göz yumacaq. Əvəzində isə bütün təxribatlara görə Azərbaycan günahlandırılacaq. Ona görə də Brüssel sammitininin yekunlarını biz həyəcanla gözləyirik.
- Sizcə müzakirə olunan bütün məsələlər publikaya açıqlanacaqmı?
- Əminliklə deyə bilərəm ki, xeyr! Nəzərə alaq ki, ABŞ, Aİ və Ermənistan danışıqlarının publika üçün açıq və qapalı hissələri olacaq. Məhz qapalı görüşdə ən vacib məsələlər müzakirə ediləcək. Bu görüşdə Ermənistanın Rusiya və KTMT ilə hərbi əməkdaşlığının pozulması da gündəmdə olacaq. İstisna olunmur ki, ən yaxın gələcəkdə Ermənistanda Qərbin hərbi niyyətləri üzə çıxacaq. Çünki Qərbin son niyyəti Cənubi Qafqazda hərbi cəhətdən möhkəmlənməkdir.
Fransanın da belə bir planı var. Brüsseldə də bu plan müzakirə ediləcək. Ola bilsin ki, Aİ-nin mülki missiyası tədricən NATO-nun hərbi missiyası ilə əvəzlənsin. Bununla da Rusiyanın Gümrüdəki hərbi bazasının ləğvinə və onun yerində NATO bazalarının yerləşdirilməsinə çalışılsın.
- Dediklərinizdən belə aydın olur ki, Qərb, daha konkret desək NATO Ermənistanda möhkəmlənməkdə qərarlıdır…
- Bəli. Bütün bunlar isə çox qorxulu hadisələrin anonsunu verir. İlk növbədə bu cür addımlar Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarını pozacaq. Bu isə regiona yaxşı heç nə vəd eləmir. Çünki Ermənistanın “NATO-laşması” o deməkdir ki, rəsmi İrəvan Qərbin direktiv göstərişlərini icra edəcək. Bu isə regionda sabitliyi pozacaq və gərginliyi artıracaq. Ona görə də Brüssel görüşü bütün hallarda Rusiyanın, Azərbaycanın, Türkiyənin və hətta İranın maraqları əleyhinə yönəlik bir tədbirdir.
- Elə isə region dövlətləri nə etməlidir?
- Tezliklə bir araya gəlməlidir. Təsadüfi deyil ki, Rəsmi Moskva öz mövqeyini ötən gün açıqlayıb. Kremlin son açıqlamaları regional təhlükəsizlik üçün, həm də Paşinyanın anti-Rusiya addımlarını dayandırmağa bir çağırışdır. İndiki halda bütün region ölkələri aralarındakı inciklikləri bir kənara qoyaraq, regional təhlükəsizlik üçün bir araya gəlməli, bir mövqedən çıxış etməlidir. Çalışmaq lazımdır ki, ABŞ, Aİ və NATO-nun Ermənistan üzərindən region üçün hazırladığı qorxunc plan pozulsun. Hesab edirəm ki, region ölkələri üçün hazırda prioritet budur. Regional təhlükəsizlik olmadan hansısa inkişafdan danışmaq yersizdir.
Surxay Atakişiyev, Bizim.Media