Ermənistan hökumətinin düşünülməmiş və yanlış siyasəti təkcə bu ölkəni yox, həm də Cənubi Qafqazı təhlükəyə sürükləyir. Nikol Paşinyan öz kreslosunu qorumaq üçün Qərbin qoltuğuna sığınır. Bunun əvəzində isə Qərbin istəklərinin icraçısı kimi çıxış edir. Bu isə ciddi təhlükələrdən xəbər verir.
Qərb hər vasitə ilə Cənubi Qafqaza soxulmaq istəyir.
MÖVZU İLƏ BAĞLI:
ASALA Paşinyanı hədəfə aldı? - Erməni lobbisi Nikoldan üz döndərir - VİDEO
Bunun üçün də Ermənistandan alət kimi istifadə edir. Bu məsələdə təhlükəli məqam odur ki, Ermənistan KTMT hərbi blokunun üzvüdür. Bundan başqa Ermənistanda Rusiyanın hərbi bazaları var. Ona görə də Qərbin, dolayısı isə NATO-nun Ermənistana gəlməsi ciddi münaqişədən xəbər verir. Ermənistanda baş verəcək beynəlxalq qarşıdurma isə təbii ki, regiona təsirsiz ötüşməyəcək. Ona görə də rəsmi İrəvanın təxribatçı addımları region dövlətlərində ciddi narahatlıq doğurur.
Təsadüfi deyil ki, erməni cəmiyyətində “SOS” siqnalı verilir. Artıq tək-tək adamlar yox, kütləvi şəkildə insanlar Paşinyanın təhlükəli oyununa qarşı çıxırlar.
Məsələn, “HayaVote” təşəbbüs qrupunun koordinatoru Avetik Çalabyan hesab edir ki, Paşinyanın Rusiyaya açıq şəkildə qarşı çıxması və Qərbə sığınması ölkədə ciddi qarşdurma yaradacaq:
“Ermənistan və Rusiya hələki münasibətləri pisləşən tərəfdaşlardır, lakin bu münasibətlər düşmənçiliklə nəticələnə bilər. Moskva İrəvanla viza rejimini dayandıra bilər, bundan sonra on minlərlə insan Rusiyaya işləmək üçün gedə bilməyəcək”.
O xatırladıb ki, Qərb Rusiya ilə münaqişənin ən kəskin mərhələsindədir:
“Makron Ukraynaya qoşun göndərməyi istisna etmir, Polşa isə müharibənin onun sərhədlərinə yaxınlaşdığını deyir. Qərb proseslərə bu prizmadan baxır. Onları Ermənistan maraqlandırmır, öz təhlükəsizlikləri düşündürür və onların qarşısında Rusiya üzərində üstünlük əldə etmək vəzifəsi durur. Bu, bizim məğlubiyyətimizə gətirib çıxarır, çünki Qərblə istənilən razılaşma Rusiya ilə münasibətlərin pisləşməsi hesabına başa gəlir.
Amma Qərbdən fərqli olaraq, Rusiya regionda hərbi güclə təmsil olunur. Qərbin təsiri yumşaq formada həyata keçirilir. Məsələn, Qərb sanksiyalar tətbiq edə bilər. Üstəlik, burada Qərbin deyil, Rusiyanın müttəfiqi olan İran yerləşir”.
Çalabyan qeyd edib ki, Qərblə Rusiya arasındakı oyun Ermənistan üçün təhlükə mənbəyidir:
“Biz Qərblə Rusiya Federasiyası ilə münasibətlərin daha da pisləşməsinə səbəb ola biləcək addımlar atmamalıyıq”.
Digər bir erməni politoloq Argişti Kiviryansa deyir ki, Ermənistan hakimiyyəti Moskvanı məsuliyyət öhdəliyindən azad etmək üçün hər şeyi edib.
O bildirir ki, Ermənistan hakimiyyəti Rusiyanı öz öhdəliklərini yerinə yetirməyə məcbur etmək əvəzinə Moskvanın heç bir məsuliyyət daşımaması üçün əlindən gələni edib:
“Niyə Rusiya Ermənistana qarşı sanksiyalar tətbiq etmir? Çünki bu vəziyyət Rusiyaya sərf edir. Moskva bilir ki, Qərbin bölgəyə girməsi ermənilər üçün vəziyyəti daha da çətinləşdirəcək. Onlar anlayırlar ki, ermənilərin sonu pis olacaq. Sonradan Moskva Ermənistanı günahlandıracaq və deyəcək ki, özü Qərbi seçib”.
Kiviryanın fikrincə hələlik Ermənistan Rusiya üçün ciddi təhlükə yaratmır:
“Rusiya Ukraynadakı problemlərini həll edən kimi region ölkələri ilə, o cümlədən Gürcüstan və Ermənistanla məşğul olacaq”.
“Nikolun gücü yalan üzərində qurulub”.
Bunu isə “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan feysbuk səhifəsində yazıb. O, hakim iqtidarın siyasətinin yalan tezislər üzərində qurulduğunu bildirib:
“Paşinyan deyir ki, Ermənistan Aİ-yə üzv olacaq və xoşbəxt yaşayacaq. Bu, yalandır. Özü də çox təhlükəli yalandır. Qərbin Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı proqramı yoxdur. Biz Ukrayna yolu ilə Avropaya “inteqrasiya ediləcəyik”. KTMT-dən çıxsaq, Qərb və NATO Ermənistanın təhlükəsizliyini təmin edəcək?!
NATO-nun baş katibi Bakıda və İrəvanda nəyin nə olduğunu açıq şəkildə göstərdi və etiraf etdi ki, onlar Ermənistanın təhlükəsizliyinin təmin edilməsi problemini həll etməyəcəklər. Ermənistan KTMT-dən deyil, KTMT Ermənistandan çıxır”
Göründüyü kimi Ermənistan cəmiyyəti də hadisələrin inkişafından narahatlıq keçirir. Artıq İrəvanda etirazlar başlayıb. Aprelin 6-da isə daha böyük etiraz dalğasının olacağı bildirilir. Hətta bəzi qüvvələr Nikol Paşinyanın zorla devrilməsini vacib hesab edir.
Çünki onlar başa düşür ki, əks təqdirdə Ermənistan ikinci Suriyaya və yaxud Ukraynaya çevrilə bilər. Məsələn, erməni politoloq Suren Surenyantsın hazırkı Baş nazir Nikol Paşinyan hökumətinin devrilməsi yönümlü çıxışında deyib ki, cəmiyyət populizm və avantürizmi, əcnəbilərə arxalanmaq xislətini və xilaskar axtarışını rədd etməlidir:
“Xarici və daxili həllər nə olursa olsun, biz iki halı gözardı edə bilmərik: Ermənistan artıq 2018-ci ildən əvvəlki kimi ola bilməz, Ermənistan artıq 44 günlük müharibədən əvvəlki kimi ola bilməz. İnanıram ki, məqsədyönlü mübarizə, real gündəm və yanaşmalarla Ermənistanı çirkin və alçaldıcı həll yollarından xilas edə bilərsiniz”.
Və o, insanları 6 apreldə Aznavur meydanında mitinqə dəvət edib.
Göründüyü kimi Nikola Paşinyan 5 aprel Brüssel görüşünə, erməni xalqı isə 6 aprel mitinqinə hazırlaşır. Bu da o deməkdir ki, yaxın günlərdə Ermənistan qarışacaq.
Surxay Atakişiyev, Bizim.Media