Putin nədən çəkinir? – ABŞ-ın “diplomatiya” kartı

Putin nədən çəkinir? – ABŞ-ın “diplomatiya” kartı

Hazırda oxunan: Putin nədən çəkinir? – ABŞ-ın “diplomatiya” kartı

18373

Son günlərdə Ukraynanın Şərqi ilə bağlı yaşanan gərginliyin ciddi şəkildə yüksəldiyi müşahidə olunur. Baş verəcək hər hansı hərbi toqquşmada Ukraynanı dəstəkləyəcəyini ifadə edən ABŞ keçən həftə ərzində Rusiyaya qarşı bir sıra sanksiyalar elan edib. İlk olaraq 10 rus diplomat ABŞ tərəfindən ölkələrinə geri göndərilib.

Bu prosesi bir sıra Şərqi Avropa ölkələrindən rus diplomatların çıxarılması izləyib. 21 iyundan etibarən isə Rusiya Maliyyə Nazirliyi, Mərkəzi Bankı və Milli Rifah Fondu tərəfindən buraxılan dövlət istiqrazlarının Qərbdə satın alınması, bu qurumlara hər hansı formada borc verilməsi qadağan edilib. 

Bir çox ekspertin fikincə, ABŞ-ın yeni sanksiyaları yetəri qədər sərt deyil.

Əgər ABŞ həqiqətən Rusiyanı sıxışdırmağı və Ukrayna məsələsi ilə bağlı real nəticə əldə etməyi düşünürsə, daha sərt addımlar atmalıdır. 10 diplomatın ölkədən çıxarılması və bir sıra qurumlara qarşı sanksiyaların verilməsi Rusiyanı geri addım atmağa vadar edəcək dərəcədə gücə sahib deyil.

Bəs, ABŞ-ın Rusiyaya qarşı bu cür sanksiyalar verməsinin səbəbi nədir? Real nəticə əldə olunmayacaq sanksiyalar kim və nə üçündür?

Bu sualların cavabı sanksiyaların elan edilməsindən bir neçə gün əvvələ təsadüf edən ABŞ-Rusiya prezidentlərinin telefon görüşü ilə birbaşa bağlıdır. ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə reallaşan telefon danışdığında hər iki ölkə lideri qarşılıqlı münasibətlərin normallaşdırılması ilə bağlı məsələləri müzakirə etdikləri bildirilir. Telefon görüşməsində eyni zamanda Ukrayna məsələsi, Rusiyanın kiber hücumları, Əfqanıstanda Talibanla əlaqələri və İranın nüvə proqramı kimi məsələlər də müzakirə olunub.

Qarşılıqlı dialoqun təkcə ABŞ və Rusiyanın deyil bütün dünya ölkələri üçün faydalı olduğunu bildirilib. Bayden həmçinin Rusiya prezidentini 22-23 apreldə keçiriləcək İqlim Zirvəsinə dəvət etməyi də unutmayıb. 

İki ölkə prezidenti arasında növbəti görüşün tarixi müzakirə olunduğu bir vaxtda ABŞ Rusiyaya qarşı yeni sanksiyaları elan edib.

Sanksiyaların sərtlik dərəcəsi, Ukrayna məsələsində Qərb tərəfindən atılan hərbi addımlar onu göstərir ki, ABŞ indiki anda Rusiyanı zəiflətmək və sıradan çıxarmağı hədəfləmir. Məsələ Rusiya ilə əlaqəli deyil, daha çox Putinin şəxsi ilə əlaqəlidir.

Bayden Vladimir Putini “qatil” adlandırarkən də əslində Rusiyanı yox məhz Putinin özünü hədəfə alıb. Oxşar qaydada telefon görüşməsi nəticəsində müzakirə olunan mövzular və Putinin İqlim Zirvəsinə dəvət olunması da daha çox şəxsi xarakterlidir. 

Görünən odur ki, ABŞ rəhbərliyi Putini diplomatik danışıqlar üçün masaya cəlb etməyə çalışır.

Bütün sanksiyalar və təzyiqlər də məhz buna görədir. Lakin bu masa Putinin diktə etdiyi əvvəlki dövrlərdəki masalardan deyil. Yeni reallıqda Putinin hansı faktlarla üz-üzə qalacağı, necə reaksiya alacağı qeyri-müəyyəndir. Bayden Putinə mövcud dünya reallıqlarını məhz danışıqlar masasında göstərməyi hədəfləyir. Çünki, Putinin son illər ərzində verdiyi qərarlar Rusiyanın Qərbdən ciddi şəkildə izolyasiya olunması ilə nəticələnib. Nəticədə Rusiya siyasi olaraq özünə qapanıb və müdafiə mövqeyinə keçib. 

ABŞ rəhbərliyinin Rusiya daxili siyasi prosesləri və ictimai gözləntiləri də çox yaxşı analiz etdiyi aydındır.

Hakimiyyəti dövründə Putin hər zaman şəxsi harizması üzərində gedişlər edən lider olub. İstər əvvəlki ABŞ prezidentləri, istərsə də Avropa liderləri məhz Putinin şəxsi keyfiyyətləri ilə mübarizə aparmalı olublar. Bu təkcə Qərbdə deyil, elə Rusiya daxilində də Putinin gücünü artıran əsas amildir. 

Son dövrlərdə Qərb məhz bu şəxsi harizmanı hədəf almağa çalışır. Navalnı məsələsi, onun Putinə aid olduğu iddia edilən sarayın görüntülərini yayımlaması, Rus kəşfiyyatının Qərbdəki uğursuz əməliyyatlarının tirajlanması, diplomatların qovulması da məhz Putin stereotipinin sıradan çıxarılmasına hesablanmış addımdır.

Putinin şəxsi harizmasının sarsılması isə Rusiya daxilindəki siyasi situasiyanı da köklü şəkildə dəyişdirəcək amildir.

Çünki Rusiya keçmiş Sovet İttifaqının varisidir və əhalisinin də böyük bir hissəsi modern Qərb demokratiyasına inteqrasiyada uğurlu olmayıb. Rusiya əhalisinin avtoritar idarəçiliyə, harizmalı liderə rəğbət duyduğu kimi, güc strukturları da məhz bu amilə idarə olunur. Nüfuzdan düşmüş və ya harimzasını itirmiş bir lider isə Rusiya üçün fəlakətli nəticədir. Rusiya Boris Yelsinlə bunu çox yaxından təcrübə etmək imkanı qazanıb.

Baş verənləri Putin özü də çox yaxşı başa düşür və danışıqlar masasının küncündə yer almağın nə ilə nəticələnəcəyini də anlayır.

Rusiyanı diplomatiya meydanına çəkmək üçün Baydenin çağırışlarına və Qərbin sanksiyalarına Putinin cavabının isə ənənəvi olaraq populist addımlar, gücə əsaslanan nümayişlər olacağını təxmin etmək çətin deyil.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO