“İsrail-Fələstin davası bitməyəcək, yalnız bu halda...” – ŞƏRH 

“İsrail-Fələstin davası bitməyəcək, yalnız bu halda...” – ŞƏRH 

Hazırda oxunan: “İsrail-Fələstin davası bitməyəcək, yalnız bu halda...” – ŞƏRH 

182728

Bu yaxınlarda İsrailin Baş naziri Benyamin Netanyahu açıqlama verərək bildirdi ki, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyat yaxın iki ay ərzində başa çata bilər. 

Bəs maraqlıdır, bu əməliyyatdan sonra Yaxın Şərqdə düzən necə olacaq?

Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, əməliyyatların bitməsi mövcud olan problemlərin həll edilməsi demək deyil:

“Oktyabrda HƏMAS-ın keçirdiyi hücumlar nəticəsində faktiki olaraq müharibə başladı. Müharibə başlayan andan etibarən hər iki tərəf uzunmüddətli müharibənin onları gözlədiyini bəyan etdilər. İsrail müəyyən hədəflərinə nail olub. Ancaq problem kökündən həll edilməyib. 

Fikir ayrılıqları Qərbdə olduğu qədər İslam ölkələrində də mövcuddur. İslam ölkələrinin bu məsələyə birmənalı baxışı yoxdur. Biz bunu Qəzzanın bir hissəsindən gələn məcburi köçkünlərin qəbulu ilə bağlı Misir və İordaniyanın mövqeyində gördük. Noyabr ayında Ərəb Dövlətləri Liqasının keçirdiyi toplantıda vahid qərarın qəbul edilməməsi və bəzi ərəb ölkələrinin buna qarşı çıxması timsalında da gördük. 

Kifayət qədər ciddi fikir ayrılıqları var. Məsələ bundadır ki, bu fikir ayrılıqları davam etdiyi müddətdə təəssüf ki, müharibə uzanacaq”. 

V.Zifəroğlu qeyd edib ki, burada vasitəçilik missiyasını üstlnəcək güclərə ehtiyac var: 

“Onlar bu missiyanı obyektiv şəkildə həyata keçirməlidirlər. Türkiyənin bununla bağlı kifayət qədər təcrübəsi var. Məsələn, Rusiya-Ukrayna məsələsində taxıl mövzusunda sözügedən vasitəçiliyi gördük. Bundan əlavə, Türkiyə Yaxın Şərqi yaxşı bilir, idarə etmək təcrübəsi var, hər biri ilə xoş münasibət saxlayır. 

Misir faktorunu da qeyd edə bilərik. Misir 1970-1980-ci illərdə ərəb ölkələri və İsrail arasında uğurlu vasitəçilik missiyasını yerinə yetirib. Qətər də bu vasitəçilik missiyasının öhdəsindən gələ biləcək nüfuza və gücə sahibdir. 
İsrail-Fələstin qarşıdurması Yaxın Şərqin ən kilidli münaqişələrindən biridir. Bu münaqişənin həll edilməsi Yaxın Şərqdə bir sıra başqa problemlərin həll edilməsi üçün çox geniş imkanlar və perspektivlər aça bilər”.

Məhərrəm Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO