Qərbin İranla münasibətlərimizi pozmaq planı necə İFLASA UĞRADI? – TƏHLİL 

Qərbin İranla münasibətlərimizi pozmaq planı necə İFLASA UĞRADI? – TƏHLİL 

Hazırda oxunan: Qərbin İranla münasibətlərimizi pozmaq planı necə İFLASA UĞRADI? – TƏHLİL 

176830

Nəhayət, ədalət yerini tapdı. Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum etmiş Yasin Hüseynzadə barəsində edam hökmü çıxarıldı. 

İran Ədliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, 2023-cü ilin yanvar ayının 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. Təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

İrandakı səfirliyimizə hücum etmiş şəxsə edam hökmü VERİLDİ


Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu törədilib.

Terror hücumu nəticəsində səfirliyin bir əməkdaşı həlak olub, digər iki əməldaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanıb. Bundan sonra Azərbaycanın İrandakı səfirliyi öz fəaliyyətini dayandırıb. 

Ötən bir il ərzində İran səfirliyin açılması və münasibətlərin normallaşması üçün çox cəhdlər etdi. Lakin Azərbaycan səfirliyin yenidən fəaliyyətə başlaması üçün iki əsas məqamı rəsmi Tehranın diqqətinə çatdırdı. Birincisi, terror aktı ilə bağlı istintaqın başa çatması və ədalətli qərarın qəbul edilməsi idi. 

İkincisi, səfirliyimizin tam şəkildə təhlükəsizliyinə təminat verilməsi və buna Azərbaycanın zəmanət almasıdır. Çünki səfirlik əməkdaşlarımızın və ailə üzvlərinin təhlükəsizliyi tam təmin edilmədiyi üçün onlar İranı tərk etməyə məcbur olmuşdular.

Artıq Azərbaycanın ilkin və əsas şərtinə rəsmi Tehran əməl edib. 

Cinayətkar öz layiqli cəzasını alıb. Bu da onu göstərir ki, İran həqiqətən Azərbaycanla münasibətləri normallaşdırmaqda maraqlıdır. Baxmayaraq ki, bir vaxtlar molla-fars rejimi Azərbaycana qarşı çox çirkin kampaniya aparırdı. Hətta Səfirliyimizə hücum etmiş Yasin Hüseynzadənin ətrafında da xeyli şou təşkil edildi. 

Amma Azərbaycanın qətiyyəti qarşısında İran geri çəkildi və anladı ki, Azərbaycanla güc dilində danışmağın zamanı çoxdan keçib. Ona görə də cinayətkar ədalət məhkəməsinə çıxarıldı. Eyni zamanda, zərər görmüş tərəfin məhkəmədə iştirakı təmin edildi. 

Azərbaycanın da əslində İrandan gözlədiyi bu idi.

Çünki iki qonşu ölkə arasındakı gərginlik heç bir tərəfə fayda vermirdi. Azərbaycan dövləti, Azərbaycan xalıqı və eləcə də İran dövləti və xalqı bu gərginlikdən ciddi ziyan görürdü. Ona görə də gərginliyin aradan qaldırılması hər iki tərəf üçün məqbul variantdır. 

İranla Azərbaycan arasındakı gərginlikdən ən çox faydalanan Qərb idi. 

Çünki Qərb regionda davamlı sülhün və iqtisadi dirçəlişin olmasında maraqlı deyil. Təbii ki, yaranmış gərginlik Ermənistanın da işinə yarayırdı. Ermənilər bu gərginlikdən maksimum dərəcədə faydalanmaq üçün İranla hər cür əlaqəni inkişaf etdirmək istəyirdi. Bu yolla da Azərbaycanı regionda təkləmək kimi absurd fikrə düşmüşdülər. 

Məhz yaranmış soyuqluqdan istifadə edərək Ermənistan azərbaycanlıların heysiyyatı ilə oynamaq həvəsinə düşdü. Bəyan etdilər ki, Təbrizdə Ermənistanın konsulluğu açılacaq. Dekabrın 27-də bir araya gələn İran və Ermənistan xarici işlər nazirlərinin görüşündə çox təəccüblü qərar qəbul edildi ki, 2024-cü ilin ilk həftəsində Təbrizdə Ermənistan konsulluğu açılsın. 

Amma Ermənistanın təkidlərinə baxmayaraq rəsmi Tehran bu riski gözə almadı. Artıq konsulluq məsələsi gündəmdən çıxıb. 

Bu fakt da onu göstərir ki, İran son addımında səmimidir. 

Təbii ki, biz bu səmimiyyətin davamını gözləyirik. İranın iqtisadi sanksiyalardan yayınması və iqtisadi dirçəlişi bir çox məqamlarda Azərbaycandan asılıdır. Azərbaycan Şimal-Cənub dəhlizinin əsas oyunçusudur. Təkcə bu dəhliz İrana çox böyük iqtisadi dividendlər gətirir. 

Hələ Zəngəzur dəhlizini demirik. Azərbaycanın xeyir-duası ilə İran bu dəhlizə qoşulmaqla Avropaya çıxış imkanı qazanır. Eləcə də Asiya ilə iqtisadi əlaqələri daha da genişləndirir. Hələ “3+3” platformasını demirik. Azərbaycanın moderator olduğu bu layihə təkcə İran üçün deyil, həm də region üçün yeni üfüqlər açır. Təbii ki, rəsmi Tehran gec də olsa bu reallıqları anlayıb, dərk edib. Hər halda biz bunu belə bilmək istəyirik. 

İran məhkəməsinin qərarı həm də bir suala aydınlıq gətirdi. 

Məlum oldu ki, törədilmiş terror aktında İran hakimiyyətinin rolu olmayıb. Ona görə də məhkəmə ən ədalətli qərarı verdi. Məhkəmənin bu qərarı bir cinayətkarın cəzasını kəsmədi, bu qərar həm də iki ölkə arasında buzların əriməsinə imkan yaratdı. 

İnanmaq istərdik ki, rəsmi Tehran daha praqmatik, daha yaradıcı olacaq. İki ölkənin, son nəticədə regionun inkişafı üçün vacib qərarlar verəcək. Ən başlıcası İran siyasiləri nəhayət ki, dostu düşməndən ayıra biləcəklər. 

Bu gün İranla düşmənçilik edən Qərbə qucaq açan Azərbaycan yox, Ermənistandır. Son bir ildə Qərbin Ermənistana 400-dən artıq “müşahidəçisi” gəlib. Bu “müşahidəçilər” Azərbaycandan daha çox İran ərazisini və sərhədlərini müşahidə edir.  
Həmin “müşahidəçilərin” son hədəfi hələki bəlli deyil. Daha doğrusu hədəfin Azərbaycan, Rusiya və yaxud İran olduğunu ayırd etmək hələ ki çətindir. Amma bilinən odur ki, İranın Azərbaycana qarşı səmimi davranışı iki ölkənin dirçəlişinə və inkişafına töhfə verəcək amildir. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO