ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçicilər arasında dəstək baxımından digər respublikaçı namizədləri üstələyir. Bu barədə “CBC Nyus” kanalı və “YouGov” data analizi şirkəti keçirdikləri sorğuya əsasən məlumat yayıb. Araşdırmaya görə, Respublikaçılar Partiyası tərəfdarlarının 69%-i Trampa səs vermək niyyətində olduğunu bildirib. Ötən ilin noyabr ayında isə bu göstərici 61% təşkil edib.
Görəsən, Trampın yenidən seçilmək ehtimalı varmı? ABŞ seçkilərində sürpriz olacaqmı?
MÖVZU İLƏ BAĞLI:
Tramp ABŞ-ı “banan respublikası” adlandırdı - VİDEO
Politoloq Natiq Miri mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, Trampın ictimai rəydə üstünlüyü Bayden adminstratiyasının yetərsizliyi ilə bağlıdır:
“Bu illər ərzində Baydenin geosiyasətdə nə ölkə daxilində, nə də ölkə xaricində uğuru olmadı. O, hakimiyyətə gəldikdən qısa müddət sonra Əfqanıstanda müttəfiq sayılan hökuməti buraxaraq ABŞ qoşunlarını geri çəkdi. Bu da ABŞ-ın qlobal səviyyədə müttəfiq imicinə böyük bir zərbə vurdu.
Daha sonra ABŞ-ın iştirakı ilə Ukrayna-Rusiya müharibəsi başladı və bugünkü durum heç də ABŞ-ın istədiyi kimi olmadı. ABŞ başda olmaqla bir çox Qərb ölkəsinin Ukraynaya dəstəyini geri çəkməsi ilə bağlı məlumatlara rast gəlirik . Bütün bunlar həm xarici, həm də daxili siyasətdə Bayden hakimiyyətinin uğursuzluğunu göstərir. Ona görə də belə qoca adamın hansısa uğurundan danışa bilmərik. Baydenin seçkiləri udmaq kimi bir şansı yoxdur.
Süni şəkildə hansısa ştatların məhkəmə qərarları ilə Trampa mane olmasalar, sürpriz nəticələr ortaya çıxa bilər. ABŞ-nin iki ştatında yerli məhkəmələr seçkidə Trampın iştirakı ilə bağlı qadağa qoyublar”.
Politoloq əlavə edib ki, Ali Məhkəmə Trampın seçkidə iştirakına qadağa qoymasa, o, yenidən prezident seçilə bilər:
“Digər namizədlərin ictimai rəydə ciddi bir yer alacaqlarına inanmıram. Tramp dövlət adamı səviyyəsində biri deyil. Bayden demək olar ki, ömrünü tükətmiş, reallıqdan uzaqda yaşayan biridir. İstər Tramp, istərsə də Bayden seçilsin, bu, ABŞ-nin gələcəyi üçün çox ciddi boşluqlar vəd edir”.
Məhərrəm Əliyev, Bizim.Media