Əli Əsədov Cevdet Yılmazla Qars-Naxçıvan dəmir yolunun əhəmiyyətindən DANIŞDI - FOTO

Əli Əsədov Cevdet Yılmazla Qars-Naxçıvan dəmir yolunun əhəmiyyətindən DANIŞDI - FOTO

Hazırda oxunan: Əli Əsədov Cevdet Yılmazla Qars-Naxçıvan dəmir yolunun əhəmiyyətindən DANIŞDI - FOTO

169931

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşüb. 

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Türkiyə vitse-prezidentinin rəsmi səfərinin iki ölkə arasında mehriban qonşuluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. 

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının və müttəfiqliyinin hərtərəfli inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri xüsusi vurğulanıb. 

Azərbaycan və Türkiyənin hər zaman bir-birini dəstəklədiyi məmnunluqla qeyd edilib. 

Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş türk xalqına və rəhbərliyinə bir daha dərin təşəkkür ifadə olunub. Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğu bildirilib. 

Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığının Kahramanmaraşda baş vermiş dəhşətli zəlzələ zamanı da özünü göstərdiyi qeyd olunub. Bildirilib ki, bu gün Azərbaycan dağıdıcı zəlzələdən sonra bərpa-quruculuq işlərində də Türkiyənin yanındadır. Azərbaycan Türkiyədə zəlzələdən zərər çəkən bölgələrin yenidənqurulmasına yardım üçün 100 milyon ABŞ dolları məbləğində vəsait ayırıb. 

İqtisadi-ticari əməkdaşlığın çox yüksək dinamikaya malik olduğu məmnunluqla vurğulanıb. Ötən il qarşılıqlı ticarətin həcmi 6 milyard ABŞ dollarına yaxın olub ki, bu da 25% artım deməkdir. Cari ilin 11 ayında bu artım daha böyük temp nümayiş etdirir – 33%. 
Preferensial Ticarət Sazişinin ticarət dövriyyəsinin genişləndirilməsinə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb. 

Mövcud olan geniş imkanlardan istifadə edilərək ticarətin həcminin daha da artırılacağına, iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişləndiriləcəyinə əminlik ifadə olunub. 

Bu baxımdan Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının, həmçinin Birgə Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların icrasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Komissiyanın ötən ilin noyabr ayında Bakıda keçirilmiş son iclası zamanı imzalanmış Fəaliyyət Planının böyük hissəsi hökumətlərimizin birgə səyləri nəticəsində icra edilib. 

Tərəflər Hökumətlərarası Komissiya çərçivəsində yaxından işləməyə hazır olduqlarını ifadə ediblər. 

İnvestisiya sahəsində əməkdaşlığın yüksək dinamikası təqdir edilərək Azərbaycanın Türkiyədə, Türkiyənin isə Azərbaycanda ən böyük sərmayədarlardan biri olduğu məmnunluqla qeyd edilib. 

Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars kimi enerji və nəqliyyat layihələrinin mühüm regional və qlobal əhəmiyyət daşıdığı vurğulanıb. 

Cənub Qaz Dəhlizinin strateji önəmi qeyd edilərək Azərbaycan ilə Türkiyənin bundan sonra da Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcəyinə ümidvarlıq ifadə olunub. 

İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin tikintisi də enerji gündəliyimizdə duran aktual məsələlərdən biridir. Türkiyə Prezidentinin cari ilin sentyabrında Naxçıvana səfəri zamanı dövlət başçıları tərəfindən təməli qoyulan bu layihənin də tez bir zamanda tamamlanacağına əminlik ifadə olunub. 

Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf dinamikası xüsusi vurğulanıb. 2023-cü ilin 10 ayında iki ölkə arasında daşınmış yüklər həcminin 35% artığı bildirilib. 

Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlərin müsbət məcrada həll olunduğu bildirilərək Azərbaycan tərəfindən dəmir yolu daşıma tariflərinə Türkiyə daşıyıcıları üçün əhəmiyyətli endirimlərin tətbiq edildiyi diqqətə çatdırılıb. 

Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan sentyabrda prezidentlər tərəfindən imzalanmış niyyət protokolunun önəmi vurğulanıb. 
Tərəflər hər iki ölkənin ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlığa böyük önəm verdiyini bildiriblər. 

Son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri fonunda dünyada su ehtiyatlarının artırılmasının və sudan səmərəli istifadənin ciddi aktuallıq kəsb etdiyi diqqətə çatdırılıb. 

Bütün ölkələr üçün olduğu kimi Azərbaycan üçün də su ehtiyatlarının qorunmasının strateji əhəmiyyət kəsb etdiyi bildirilib. Bu baxımdan iki ölkə arasında Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə bağlı əməkdaşlığın zərurəti xüsusi vurğulanıb. 

Görüşdə Türkiyə şirkətlərinin hazırda Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində fəal iştirakı məmnunluqla qeyd olunub. 

Tərəflər həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin kənd təsərrüfatı, humanitar, təhsil, turizm və maraq doğuran digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO