Beynəlxalq “Reuters” agentliyində Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi 24 saatlıq antiterror tədbirləri barədə məqalə dərc olunub.
Bizim.Media xəbər verir ki, məlumatda Qarabağ bölgəsindəki erməni separatçılarının tədbirlər başladıqdan 24 saat sonra təslim olduğu və atəşkəsə razılaşdığı qeyd edilib.
Həmçinin, Azərbaycanın bu tədbirlərinin separatçı qüvvələri silahsızlaşdırmaq və onların tabeliyində olan ərazilərdə tam nəzarəti bərpa etmək üçün həyata keçirildiyi vurğulanıb:
“Hər iki tərəfin təsdiqlədiyi və çərşənbə günü saat 13:00-dan etibarən qüvvəyə minən razılaşmaya əsasən, separatçı qüvvələr tərksilah ediləcək və tam buraxılacaq. Cümə axşamı günü isə regionun gələcəyi və orada yaşayan etnik ermənilərlə bağlı danışıqlar başlayacaq. Özünü “Artsax Respublikası” adlandıran separatçılar bildiriblər ki, onlar Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın şərtləri ilə razılaşmağa məcbur ediliblər.
Azərbaycan ordusu qondarma rejimin müdafiə xəttini yardıqdan və bir sıra strateji mövqeləri ələ keçirdikdən sonra dünya ictimaiyyəti heç nə demədi və heç nə etmədi. Nəticədə separatçılar Rusiya sülhməramlı kontingentinin komandanlığının atəşi dayandırmaq təklifini qəbul edir”.
Rövşən Ziya, Bizim.Media