Sentyabrın 1-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib.
Azərbaycan Prezidenti qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır.
Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev vurğulayıb ki, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib.
Dövlətimizin başçısı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatist rejimin bundan imtina etdiyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağın erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət edilməsinə baxmayaraq, onların bundan imtina etdiklərini xatırladıb.
ABŞ Dövlət katibi Antoni Blinken sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirib, Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:04 / 06.09.2023
ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib
Hazırda oxunan: ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib
Hazırda oxunan: ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib
153970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.