“İndi də Ermənistanın bəzi xarici havadarları bunu görmək istəmirlər. Sanki bu işğal olmayıb, sanki bu vəhşilik, düşmənçilik olmayıb. Otuz il ağzına su alıb susanlar, yaxud da ki, erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar, irad tuturlar, ittiham edirlər. Biz qurub-yaradan xalqıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Laçın rayonunun Zabux kəndinə səfəri zamanı kənd sakinləri ilə görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident 50 illik yubileyində laçınlılara verdiyi sözün artıq yerinə yetirildiyindən DANIŞDI
Ölkə başçısı qeyd edib ki, bütün evlər darmadağın idi, hər yeri viran qoyub gediblər:
“Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını. Siz indi o yolla – Qubadlıdan gəlmisiniz, görmüsünüz, bir dənə də salamat bina yoxdur, nə şəhərdə, nə kəndlərdə. Buranı ermənilər zəbt etmişdilər, burada qanunsuz məskunlaşma aparmışdılar, xaricdən erməniləri gətirmişdilər və burada özləri üçün evlər tikmişdilər. Onların heç biri də qalmayıb.
Mən dedim, buraya gələn zabuxlular Azərbaycan dövləti tərəfindən tikilən evlərdə qalmalıdırlar. O evlər artıq tarixin qara səhifəsində qaldı. Laçın şəhəri də tamamilə dağılmış vəziyyətdə idi. İndi yəqin ki, gedib görərsiniz, necə gözəl şəhər olub, dünya miqyasında.
Erməninin otuz il dağıtdığını biz iki ilə artıq qururuq, qurmuşuq, insanlar qayıdıblar. Biz öz torpağımızdayıq. Bura da əzəli Azərbaycan torpağı olub. İşğal dövründə hansı eybəcər ad verirsən-ver, onun əhəmiyyəti yoxdur. O ad da onların başına dəydi, elə onlarla da cəhənnəmə getdi”.
İlham Əliyev bildirib ki, Laçın, Kəlbəcər rayonlarının strateji əhəmiyyəti çox böyükdür:
“Düzdür, ermənilər heç bir rayonu qaytarmaq fikrində deyildi. Amma danışıqlarda deyirdilər ki, bəli, beş rayonu biz qaytarmağa hazırıq, amma Laçın və Kəlbəcər bizim nəzarətimizdə qalmalıdır. Çünki bunların strateji yerləşməsi təhlükəsizlik nöqteyi-nəzərindən önəmlidir”.
Bizim.Media