İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyyid Abbas Musəvi Azərbaycanın İranla sərhəd ərazilərinin erməni işğalından azad olunmasından sonra sərhədlərinin tam bərpa olunması ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşüb.
Səfir bildirib ki, İranla Azərbaycan arasında 760 km-lik həmsərhəd ərazilər mövcuddur. Sərhədlərin tam bərpası iki ölkə xalqları üçün sülh, təhlükəsizlik və dostluq sərhədi olaraq qalacaq:
“İran xalqı işğal olunmuş ərazilərin azad olunmasına görə Azərbaycan xalqının sevincinə şərikdir. Torpaqların işğaldan azad olunması təbii olaraq sərhədin hər iki tərəfində ünsiyyəti və rəsmi münasibətlərin qanuniliyini asanlaşdıracaq.
Bu əlaqələr sərbəst ticarət zonaları və müştərək bazarlar vasitəsilə gücləndiriləcək. İran dövlətinin bu istiqamətdə bir neçə plan və layihəsi var”.
Eyni zamanda azad olunan ərazilərin bərpasında İran tərəfi də öz töhfəsini verə bilərmi?
- sualına cavab olaraq Seyyid Abbas Musəvi əlavə edib ki, İran İslam Respublikası azad edilmiş ərazilərə ən yaxın qonşu kimi bu bölgənin yenidən qurulması və inkişaf etdirilməsində fəal iştirak edəcək :
“Çünki ölkəmiz müharibə zonalarının yenidən qurulması və bərpası sahəsində geniş təcrübəyə malikdir. Bu səbəbdən İran İslam Respublikası sözügedən sahələrin inkişafında mümkün qədər çox iştirak etməyə hazır olduğunu bəyan edir”.
Gülşanə Mustafayeva, Bizim.Media