“Biz istənilən anda, günü bu gün dayanmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir. Hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır”.
Bizim.Media-nın xəbərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində belə deyib.
Dövlət başçısı bildirb ki, şübhəsiz, azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar:
“Azərbaycanlılar təkcə Dağlıq Qarabağın hüdudlarından kənarda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar - ilk növbədə, Şuşaya, Xankəndiyə və azərbaycanlıların əsrlərboyu məskunlaşdığı digər torpaqlara”-deyə Prezident əlavə edib.
Bizim.Media