Azərbaycan və Ermənistan liderlərinin iyulun 15-də Brüsseldə olan növbəti görüşündə tədbirin təşkilatçısı Aİ Şurasının Prezidenti Şarl Mişel tərəfindən hər iki tərəfdən əsir götürülən hərbçilərin azad edilməsilə bağlı təklif irəli sürülüb.
Ş. Mişel bu fonda bildirib ki, təsadüfən sərhəddi keçən əsgərlərin qarşılıqlı azad olunması, minaların təmizlənməsi və itkin düşənlərlə bağlı məsələlər müzakirə olunub:
“Biz saxlanılanlar məsələsini də müzakirə etdik. Liderlər alicənablıq anlayışına sadiqliklərini bir daha təsdiqlədilər və bununla da ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması asanlaşacaq. Mən hər iki tərəfdən saxlanılanların azad edilməsinin tərəfdarı olduğumu bildirdim”.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan hərbi qulluqçularımızı dərhal azad etməlidir - Ombudsman
Əsir götürülmüş hərbçilərimizin Şarl Mişelin təklif etdiyi formulla azadlığa qovuşmaları mümkündürmü?
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, Ş. Mişelin təklif etdiyi formula uyğun əsirlərin azad edilməsi baş verməyəcəyi təqdirdə, sülh müqaviləsi də daxil, digər məsələlərin həlli sual altında qalacaq:
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüssel formatı çərçivəsində növbəti görüş keçirildi. Bu görüşdə tənzimlənməsi strateji cəhətdən əhəmiyyətli olan məsələlər ətrafında ciddi müzakirələr gedib. Bir çox məsələlərdə mövqelərin yaxınlaşdığı ilə bağlı fikirlər səslənir. Bu məqam Ş. Mişelin bəyanatında da öz əksini tapıb.
Həmin məsələlərdən biri də təsadüfən sərhədi keçərkən əsir götürülən hərbçilər və onların taleyilə bağlıdır. Məhz təsadüf nəticəsində Ermənistan tərəfindən əsir götürülən Azərbaycanın iki hərbçisinə münasibətdə İrəvan yenə də beynəlxalq hüquq normalarına zidd addımlar atır. Ermənistan onlara qarşı qondarma məhkəmə quraraq, həbslərlə bağlı qərarlar qəbul edib. Belə olan vəziyyətdə, Ş.Mişel əhəmiyyətli təşəbbüslə çıxış edərək, belə hallarda qarşılıqlı şəkildə həmin hərbçilərin geri qaytarılması məsələsini gündəmə gətirib. Bununla o, Azərbaycanın bu məsələdəki mövqeyinə yaxın, oxşar mövqe irəli sürüb”.
Deputat hesab edir ki, Aİ Şurası rəhbərinin mövqeyi İrəvan tərəfindən də düzgün qiymətləndiriləcək:
“Çünki belə halların qalması digər məsələlərin həllinə kölgə salır. Ermənistan Azərbaycan əsgərlərini əsir saxlayırsa, orlarla qeyri-insani davranış ortaya qoyursa, qanunsuz hökmlər çıxarırsa, yaranmış vəziyyət iki dövlət və xalq arasında etimad mühitinin formalaşmasına ciddi əngəllər yaradır.
Belə vəziyyət isə digər vacib məsələlər, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların bərpası və sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin təmin edilməsi imkanlarını buxovlayır. Hesab edirəm ki, Ş. Mişel tərəfindən qaldırılam bu məsələ nəticə etibarı ilə müsbət həllini tapacaq. Buna bir əminlik var. Çünki bu olmayacağı təqdirdə, digər məsələlərin həlli sual altında qalacaq”.
Rüfət Sultan, Bizim.Media