Ərdoğanın Prezident seçilməsinin Azərbaycan üçün ÖNƏMİ - ŞƏRH 

Ərdoğanın Prezident seçilməsinin Azərbaycan üçün ÖNƏMİ - ŞƏRH 

Hazırda oxunan: Ərdoğanın Prezident seçilməsinin Azərbaycan üçün ÖNƏMİ - ŞƏRH 

136051

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində səslərin 100 faizi hesablanıb. Nəticədə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 49,35 faiz səs toplayıb. Müxalifətin əsas namizədi Kamal Kılıçdaroğlu seçicilərin 45 faiz dəstəyini qazanıb. ATA Alyansının namizədi Sinan Oğan isə 5,22% səs toplayıb. 

Beləliklə, birinci turda qalib gəlmək üçün namizədlərdən heç biri 50% üstəgəl bir səs toplamayıb. Ona görə də prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur isə mayın 28-nə təyin edilib.

Siyasi ekspertlər, uzun müddət idi ki, Türkiyənin 13-cü Prezidentinin adına ikinci turda aydınlıq gələcəyini proqnozlaşdırırdılar. Bunu da müəyyən obyektiv səbəblərlə izah etmişdilər. 
 

MÖVZU İLƏ BAĞLI:

Bülletenlərin 99,9 faizi hesablandı: Ərdoğan liderdir


Amma prezident seçkilərinin ikinci tura qalması nəticə etibarilə Türkiyə dövlətinin və xalqının qələbəsidir. Bu fakt bir daha onu göstərdi ki, Türkiyə demokratik əsaslar üzərində qurulub və bu prinsiplərə də sadiqdir. Ona görə də bu seçki hər cür tərifə layiq və dünyaya demokratik və ədalətli seçkidən dərs keçən dövlətlərə bir dərsdir.

O ki qaldı hansı namizədin qalib gələcəyinə... 

Bunu mayın 28-də biləcəyik. Lakin bir xalq olaraq biz mayın 28-də Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini arzulayırıq. 

Bunun da bir sıra vacib və əsaslı səbəbləri var:

Birincisi, Ərdoğanın hakimiyyətdə olduğu müddətdə Türkiyə-Azərbaycan münasibətləri son 100 ildə görünməmiş səviyyədə inkişaf etdi. Sözün həqiqi mənasında biz son illər "bir millət, iki dövlət" fikrinin reallıqda təcəssümünü gördük. Ən başlıcası torpaqlarımızın işğaldan azad olmasında və suverenliyimizin bərpasında Türkiyənin müstəsna xidmətləri oldu. Eyni zamanda, iqtisadi-mədəni əlaqələrimiz kifayət qədər dərinləşdi.

Hətta fevralın 6-da baş verən zəlzələ də göstərdi ki, Azərbaycanla Türkiyəni ancaq sərhədlərimizdəki tikanlı məftillər ayırır. Amma həyatımızın bütün anında və bütün sahələrdə biz bir millət yox, həm də bir dövlətik. Halbuki, bunu xalqlarımız əsrlər boyu arzulayıb. Bütün bu uğurlarda isə Rəcəb Tayyib Ərdoğanın böyük payı var.

İkincisi, son 20 ildə Azərbaycanın beynəlxalq aləmdə ən qatı tərafdarı Türkiyə olub. Rusiyanın və Qərbin Azərbaycana qarşı yersiz və davamlı basqılarının son illərdə azalmasında rəsmi Ankaranın müstəsna rolu var. Təbii ki, Ankaranın siyasətini müəyyənləşdirən əsas sima da Ərdoğandır.

Üçüncüsü, Azərbaycanın Avropa bazarında möhkəmlənməsində Türkiyənin xüsusi rolu var. Nəzər alaq ki, son 20 ildə Azərbaycanın Avropa bazarına çıxması üçün 3 dəhliz istifadəyə verilib. Həm Bakı-Tbilisi-Ərzurum, həm Bakı-Tbilisi-Qars, həm də Bakı-Tbilisi-Ceyhan dəhlizlərinin qısa müddətdə istifadəyə verilməsində rəsmi Ankaranın əməyi az olmayıb. Onu da nəzərə alaq ki, körfəz ölkələri öz karbohidrogon ehtiyatlarını Avropaya çıxartmaq üçün rəsmi Ankaraya çoxlu sayda təkliflər və təzyiqlər ediblər. Amma Azərbaycanın maraqları naminə Türkiyə höküməti bütün alternativ variantlardan imtina edib.

Təsadüfi deyil ki, Türkiyədən keçən TANAP layihəsi hesabına Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas pay sahibi olan ilk üçlüyə daxil olub. Bu da həm ölkəmizin siyasi gücünü artırıb, həm də ölkəmizə milyardlarla dollar vəsaitinin axınına şərait yaradıb. Bütün bu uğurlarda isə Ərdoğanın imzası var.Yada salaq ki, Kamal Kılıçdaroğlu təbliğat kampaniyası zamanı təqdim etdiyi yeni orta dəhliz layihəsində Azərbaycanın adı belə keçmir.

Dördüncüsü, Böyük Turan ideyasının gündəmə gəlməsində və ülvi məqsədə çatmaq üçün Türkiyə son illər xeyli iş görüb. Artıq Böyük Turanın ayaq səsləri eşidilməkdədir. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması bu ideyanın reallığa çevrilməsinə önəmli töhfə verəcək. Bütün bunlarda Rəcəb Tayyib Ərdoğanın əvəzsiz rolu var. 

Ona görə də təkcə Azərbaycan və Türkiyənin deyil, bütün türk dünyasının daha böyük uğurlara imza atması üçün Rəcəb Tayyib Ərdoğanın prezidentliyinə ehtiyac var.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO