“Bu haqda dəqiq məlumatım yoxdur, sadəcə eşitdiyim qədər YAP-da növbədənkənar qurultay keçiriləcək. Ancaq bizə partiya üzvü kimi rəsmi şəkildə bu barədə heç nə bildirilməyib”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili, YAP-ın üzvü Ramil Həsən mediada bu həftə sonu YAP-da qurultayın keçiriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
YAP qurultaya gedir – BU HƏFTƏ!
“Mən də bu barədə səhər mətbuatdan öyrəndim. Yəqin ki, gün ərzində bizə də partiya üzvü kimi qurultayın keçiriləcəyi barədə məlumat verilər. Hələ ki, bu barədə heç bir dəqiq məlumat yoxdur”.
Sonda millət vəkili ölkədə gedən reforma və islahatlara start verildiyini, gələcəkdə bunun Yeni Azərbaycan Partiyasına da şamil olunacağının gözlənildiyini də istisna etmədiyini bildirib.
“Düşünürəm ki, gələcəkdə YAP-da da bu islahatlar gedəcək. Mən buna qan təzələmə prosesi deyirəm. Bizldiyimiz kimi YAP-ın sədri cənab Prezident İlham Əliyevdir və hər bir şey partiya sədri kimi onun qərarından asılıdır”.
YAP-ın siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə indi qurultayın gündəmdə olmadığını deyib.
O, bildirib ki, Yeni Azərbaycan Partiyası zamanın tələbinə uyğun olaraq həmişə dəyişib, mərkəzi və yerli aparatlarının fəaliyyətini qurub:
“Son dövrdə Yeni Azərbaycan Partiyası şəhid ailələri, qazi və digər müharibə iştirakçıları ilə çox sıx işləyir. Onların da bir qisminin partiya işinə cəlb olunması istiqamətində işlər görülür.
Hər qurultayda yeniliklər olur.
Düzdür, bu gün qurultay məsələsi gündəmdə deyil. Bununla belə partiya, hər qurultayda istedadlı şəxslərin irəli çəkilməsində maraqlıdır.
Qurultay gözlənilməsə də məsələnin diqqəti cəlb etməsi göstərir ki, insanlar partiyaya inanır və YAP-ın potensialını görürlər. Partiya ilə bağlı istənilən xəbər onlar üçün maraqlıdır.
Partiya bu etimadı qorumağa və çoxaltmağa çalışır”, - deyə Aydın Mirzəzadə cavabını yekunlaşdırıb”.
Anar Rəhimov, Vüsalə Balayeva, Bizim.Media