Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Bosniya və Hersoqovinada rəsmi səfərdə olub. Səfər çərçivəsində bu ölkənin rəsmilərilə bir sıra görüşlər baş tutub. Bosniya və Hersoqovina səfərindən öncə Azərbaycan regionun digər ölkələri Serbiya və Bolqarıstanla da mühüm əlaqələr qurub.
Azərbaycan Prezidenti dəfələrlə sözügedən iki ölkə liderlərilə görüşlər keçirib. Bosniya və Hersoqovina səfəri də daxil olmaqla Balkan yarımadası ölkələrilə yaradılan əlaqələr göstərir ki, Azərbaycan üçün bu region mühüm əhəmiyyət kəsb edir.
Balkan regionu nəyə görə Azərbaycan üçün böyük önəm kəsb edir?
Bizim.Media-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlı bildirib ki, Bosniya daxil olmaqla Balkan ölkələri Azərbycan üçün Avroatlantik məkanda daha sadiq müttəfiq rolunu oynayacaq:
MÖVZU İLƏ BAĞLI:
Prezident: “Azərbaycan Bosniya və Herseqovinaya sərmayə qoymaqda maraqlıdır“
“Azərbaycanın hələ sosializm dövründən Balkan regionu ölkələri müəyyən əlaqləri olub. Yeni dövrdə isə Balkan regionu keçmiş sosialist məkanın Azərbaycan üçün ən maraqlı hissəsidir. O mənada ki, Qərbə ilk inteqrasiya edən, prosesdə sürətlə iştirak edən dövlətlər arasında keçmiş Yuqoslaviya dövlətləri də var.
Onların heç də hamısı bu yolu eyni dərəcədə, eyni tarix və eyni istiqamətdə keçməyib. Amma əsasən bu yolu keçiblər. Bosniya və Hersoqovina hələlik Avropa İttifaqına üzv olmayıb. Lakin bu prosesdə xeyli yol keçib. Belədə Avropanın bir parçası kimi bu ölkənin Balkan yarımadası dövlətlərinin Azərbaycanla münasibətləri baxımından potensialı daha yüksəkdir.
Ekspert qeyd edib ki, Balkan yarımadası ölkələri coğrafi baxımdan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi yolunda vacib istiqamətlərdən biridir.
“Sırf Bosniya və Hersoqovina ilə bağlı əməkdaşlığın inkişafında isə ən azı iki məqam vardır. Azərbaycan həm Bosniya müsəlmanları, həm də buradakı serblər və Serbiyanın özü ilə də yüksək münasibətlər qurmağa nail olub. Dünyada Azərbaycan qədər Bosniya misalında bunu uğurla aparan ikinci bir dövlət yoxdur. O baxımdan həm bu səfər, həm Bakının regional marağı, həm də strateji tərəfdaşlıqla bağlı sənədin imzalanması təbiidir.
Düzdür, sözügedən Balkan ölkəsi müxtəlif problemlərlə üz-üzədir. Orada vəziyyəti qarışdırmağa çalışan xarici və daxili qüvvələr var. Amma istənilən halda Bosniya və Hersoqovina Azərbaycanın xüsusi münasibətlərə malik olduğu dövlət kimi çox əhəmiyyətli ölkədir. Uzun müddətli perspektivdə Sarayevo Aİ-yə üzvlük məsələsini həll etsə, Avroatlantik məkana inteqrasiyanı daha sürətlə həyata keçirə bilsə, Azərbycan üçün həmin qurumlarda daha sadiq müttəfiq rolunu oynayacaq.
Azərbaycan Avroatlantik məkanın üzvü olan az sayda dövlətin timsalında bunun şahidi olub. O baxımdan Balkan ölkələrinin həmin məsələdə potensialı yüksəkdir”.
Ekspert qeyd edir ki, sərmayə qoyuluşu baxımından da Balkanlar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Keçmiş Yuqoslaviya ölkələrinin sərmayəyə ehtiyacı, turizm və s. istiqamətlər üzrə inkişaf potensialı fonunda Azərbaycan da həmin regionu özü üçün münbit hesab edir”.
Rüfət Sultan, Bizim.Media