Atom enerjisi ilə bağlı Tehran görüşü - Baydenin gəlişi İrana

Atom enerjisi ilə bağlı Tehran görüşü - Baydenin gəlişi İrana "yaşıl işıq"dır?

Hazırda oxunan: Atom enerjisi ilə bağlı Tehran görüşü - Baydenin gəlişi İrana "yaşıl işıq"dır?

12680

Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri Rafael Grossi 20 fevral tarixində İrana rəsmi səfər edib.

Grossi Tehranda İranın atom enerjisi qurumunun sədri Əli Əkbər Salehi və xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. Görüş zamanı tərəflərin İranın nüvə fəaliyyəti ilə bağlı bəzi məsələləri müzakirə etdiləri bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Atom enerjisi ilə bağlı Tehran görüşü


Görüşdən sonra Rafael Grossinin verdiyi açıqlamada isə İranla nüvə sazişinə daha 3 ay əməl edilməsi ilə bağlı razılığa gəlindiyini qeyd edib.

Bu razılaşmanın texniki xarakter daşıdığını qeyd edən Grossi, beynəlxlaq müşahidəçi sayının da dəyişməyəcəyini qeyd edib. Texniki razılaşmaya görə Beynəlxalq Atom Enerjisi Agentliyi daha 3 ay İranın nüvə fəaliyyətlərinə nəzarət etmək imkanı əldə edib.

Lakin İranın yeni tələbinə əsasən Agentliyin müşahidəçiləri hər dəfə yoxlamalar aparmaq üçün rəsmi icazə almalıdırlar.

Qeyd edək ki, son aylarda olduqca gərginləşən İran-ABŞ münasibətlərinin fonunda İran nüvə fəaliyyətləri də ciddi şəkildə artıracağını elan etmişdi.

İrana qarşı sanksiyalarının tamamilə aradan qaldırılmasını tələb edən Tehran rəhbərliyi, ancaq bu şərtlər daxilində nüvə sazişinə geri dönəcəklərini qeyd etmişdi.

ABŞ prezidenti Co Bayden isə öz müsahibəsində yaxın vaxtlarda İranla bağlı sanksiyaların qaldırılmasının müzakirə belə olunmadığını qeyd etmişdi.

Lakin son həftələrdə hər iki tərəf nüvə sazişinə qayıtmaq barədə ümidverici siqnallar veriblər.

 

Belə ki, ABŞ-ın xarici işlər naziri Antoni Blinken Parisə İngiltərə, Almaniya və Fransanın daxil olduğu E3 qrupu ilə keçirdiyi görüşü zamanı ABŞ-ın hansı şərtlər altında nüvə sazişinə geri qayıda biləcəyini açıqlayıb.


Blinkenin sözlərin görə, əgər İran nüvə sazişindən irəli gələn şərtlərin hər birinə əməl edəcəksə, ABŞ-ın yenidən müqavilədə təmsil olunması mümkündür.

Nazir eyni zamanda ABŞ-ın İranla müqaviləyə rəsmi şəkildə dəvət olunduğu təqdirdə buna müsbət cavab verəcəklərini də qeyd edib.

Rəsmi Tehran isə məsələdə öz prinsipiallığını qorumağa çalışır. Xarici işlər naziri Məhəmməd Cavad Zərif Blinkenin açıqlamasına verdiyi cavabında “ilk addımı ABŞ-ın atmalı olduğunu” qeyd edib.

Onun sözlərinə görə, müqavilə məhz ABŞ və müttəfiqlərinin davranışlarına görə pozulub. Buna görə də ilk addım məhz onlardan atılıb. İran istənilən addıma cavab verməyə hazırdır.

Rəsmi Tehran İrana qarşı sanksiyaların götürülməsi üçün 23 fevral tarixinə qədər vaxt verdiyini elan edib.

 

Bu tarixə qədər nəticə əldə olunmazsa, İran nüvə fəaliyyətləri üzərindəki müşahidəçilik imkanlarını məhdudlaşdıracağını qeyd edib. 3 ay sonra isə İran nüvə fəaliyyətini tam gücü il davam etdirəcək.


Blinkenin bu açıqlamaları ABŞ-ın İranla nüvə anlaşmazlığını mümkün olan ən uyğun vasitə olan diplomatik yolla hətta etməyə çalışması ilə izah oluna bilər.

Co Bayden administrasiyası Donald Trampdan qalmış problemləri tez-bir zamanda neytrallaşdırmağa çalışır. Çünki bu problemlər ABŞ-ın qlobal və regional maraqlarını indiki anda təhdid edir və lazımsız güc israfına səbəb olur.

Bir sözlə Bayden administrasiyası mövcud gərginlikləri yumşaltmaqla yeni xarici siyasət kursunu tətbiq edilməsi üçün zəmin hazırlayır. 

Növbəti 3 ay ərzində isə İran və ABŞ arasında müqavilə ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

Bayden administrasiyası üçün Trampın miras qoyduğu vəziyyət o qədər də ürək açan deyil. Hərbi yol ən azından indiki dövr üçün Baydenin strateji xəttinə uyğun deyil.

 

Ancaq ABŞ-ın  İrana münasibətdə daha mülayim mövqe sərgilməsi də nüfuzu və maraqları baxımından təhlükəlidir. Ona görə də Bayden ən qısa zamanda İranla məsələni mövcud şərtlərdə həll etməyə çalışır. 


Xarici işlər nazir Blinkenin ABŞ-ın nüvə sazişinə qayıtması ilə bağlı verdiyi müsbət anonslar da bu baxımdan qiymətləndirilə bilər.

Hazırkı şəraitdə münaqişənin ən yaxşı həll yolu əvvəlki müqavilə şərtlərinə qayıtmaqdır. Ancaq unutmayaq ki, bu sadəcə məsələni bir müddətlik dondurmaq üçün atılan addımdır. Bayden administrasiyasının İranla bağlı yekun planları isə hələ məlum deyil.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO