Qərb ölkələrindən Türkiyəyə qarşı HƏMLƏ – Konsulluqların bağlanması qərarı nəyə hesablanıb?

Qərb ölkələrindən Türkiyəyə qarşı HƏMLƏ – Konsulluqların bağlanması qərarı nəyə hesablanıb?

Hazırda oxunan: Qərb ölkələrindən Türkiyəyə qarşı HƏMLƏ – Konsulluqların bağlanması qərarı nəyə hesablanıb?

118424

Xəbər verildiyi kimi, Niderland, Böyük Britaniya, Almaniya və Fransa da daxil 9 ölkə terror təhlükəsini bəhanə edərək və bununla bağlı Ankaranı məlumatlandırmadan Türkiyədəki baş konsulluqlarının müvəqqəti bağlanmasına qərar veriblər.

Qərb ölkələrinin bu addımına cavab olaraq qardaş ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, Türkiyəyə qarşı psixoloji müharibə aparılır.

“Bunlardan birini biz etsək Türkiyəni dünyaya terror dövləti kimi qələmə verəcəklər. Torbaya girib bizi dişləyənləri tanıyırıq”, - deyə Soylu bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, xarici diplomatik missiyaların bağlanması məqsədlidir.

Onun sözlərinə görə, hələ ki ehtimal edilən hücumlarla bağlı konkret məlumat yoxdur:

“Əgər diplomatik missiyalara təhdid varsa, bu barədə bizə məlumat verilməlidir. Səfirliklərin və ya konsulluqların bağlanmasında məqsəd Türkiyədə terror təhlükəsinin olmasına dair imic yaratmaqdırsa, bu, dostluğa uyğun davranış deyil”.

M.Çavuşoğlu bildirib ki, prezident və parlament seçkiləri ərəfəsində baş verən bu hadisələr Türkiyə hakimiyyətinin nüfuzuna zərbə vurmaq məqsədi də daşıya bilər:

“Əgər yenə heç bir izahat verilmədən oxşar addımlar atılarsa, biz də adekvat caba verəcəyik”.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Nazim Cəfərsoy bildirir ki, Qərb ölkələrinin bu addımı Türkiyə ilə koordinasiya etmədən atmaları doğru davranış deyil:

“Qərb ölkələri konsulluqların bağlanma səbəbini terror təhlükəsilə əlaqələndirirlər. Ankara isə bunu xoşniyyətli olmayan, müttəfiqliyə zidd proses olaraq dəyərləndirib. Ancaq atılan addımın obyektiv və subyektiv səbəbləri ola bilər.

İsveçdə Türkiyə səfirliyi önündə Quranın yandırılması təxribatı baş verdi. Bu da Türkiyədə ciddi narazılıqla qarşılandı. Bu mənada Qərbdə düşünürlər ki, yaranmış vəziyyət Türkiyədəki xarici səfirliklərə qarşı terror aksiyasının gündəmə gəlməsi ehtimalını artırır. Fikrimcə, konsulluqlarını bağlayan ölkələr də məhz bu motivasiyadan çıxış edərək sözügedən addıma gediblər.

Lakin Türkiyə tərəfinin verdiyi açıqlamalardan ortaya iki məqam çıxır. Məsələ ondadır ki, konsulluqları bağlanan ölkələr bununla bağlı əllərində olan məlumatı Ankara ilə bölüşməyib.
Halbuki bunu Türkiyənin müvafiq qurumları ilə paylaşmalı idilər. Ankaranın da ilk reaksiyası buna görədir ki, təhlükə varsa niyə onları məlumatlandırmayıblar.

Digər tərəfdən, Ankara rəsmiləri bunu qəsdən Türkiyəyə yönəlmiş ədalətsiz yanaşmanın nümunəsi kimi xarakterizə ediblər.

Terror təhlükəsi hər yerdə mövcuddur. Amma bu fonda atılan addımı Türkiyə ilə koordinasiya etmədən atmaq doğru davranış sayıla bilməz. Qərbin Türkiyə ilə koordinasiya etmədən buna getməsi ola bilsin, tərəflər arasında son dövrlər yaşanan gərginliklə bağlıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO