Ermənistanda qadınlar üçün könüllü hərbi xidmətin tətbiqi planlaşdırılır. Bu barədə açıqlama verən Ermənistan Baş naziri Nikol Paşinyan artıq sözügedən istiqamətdə qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb.
Ermənistanın qadınları orduya cəlb etmək planı mühüm bir məsələni gündəmə gətirib:
Hal-hazırda bu ölkənin ordusu nə durumdadır?
Əvvəla, onu qeyd edək ki, 44 günlük müharibə və ötən ilin sentyabrında baş tutan sərhəd toqquşmaları Ermənistan ordusunun maddi-texniki təchizatına dağıdıcı təsir edib. Müxtəlif hesablamalara görə, 44 günlük müharibədə Ermənistan ordusu 4-5 milyard dollarlıq silah-sursat itirib. Sentyabr döyüşləri üçün isə bu rəqəmin yarım milyard dollar civarında olduğu təxmin edilir.
Bu rəqəmlər Ermənistan dövlət büdcəsindən hərbi sektora ayrılan vəsaitlə müqayisədə olduqca böyük itkidir. Digər tərəfdən, 2023-cü il üçün dövlət büdcəsində Ermənistan hökuməti hərbi xərcləri kəskin artırıb. Belə ki, Ermənistan bu il 1,2 milyard dollar vəsaiti hərbi sahəyə ayıracaq. Bu isə ümumi büdcə xərclərinin 47 faizi deməkdir.
“Global Firepower”in sonuncu hesabatına görə Ermənistan ordusu dünya sıralamasında 94-cü pillədə qərarlaşıb. Azərbaycan isə həmin siyahıda 57-ci yerdədir. Bundan əlavə, Ermənistan ordusunu 68,5 min nəfər aktiv, 210 min nəfər isə rezerv personalı var.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Qarabağla bağlı səhvini açıqladı
Ermənistan ordusunun hazırki durumu ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Ədalət Verdiyev ilk növbədə qadınların orduya cəlb olunmasının səbəblərindən bəhs edib:
“Ermənistanın qadınları orduda könüllü xidmətə cəlb etməsi birmənalı olaraq, bu ölkənin ordusunda mövcud olan çoxsaylı vakansiyaları onların hesabına komplektləşdirmək məqsədilə atılan addımdır. Bu, fərari erməni ordusunun döyüş hazırlığına qətiyyən təsir etməyəcək”.
Ekspertin sözlərinə görə, Ermənistan ordusu Vətən müharibəsində aldığı zərbələrdən hələ də özünə gəlməyib:
“Onu döyüş potensialının yalnız silah-sursat baxımından bərpası üçün 5 milyard dollara yaxın vəsait lazımdır. Ordunun döyüş potensialının bərpası üçün bu həcmdə vəsaitin yaxın 15-20 ildə hansı mənbələr hesabına əldə olunacağı isə sual doğurur. Ordu təchizatına gəlincə isə, Ermənistan bəzi ölkələrdən silah almağa çalışır. Lakin bunlar müasir silahlar deyil.
Məsələn, Hindistanın Ermənistana verəcəyi silahları isə bu günə qədər başqa hər hansı ölkə almağa cəhd etməyib.
Ümumiyyətlə, Hindistan silahlarının dünya bazarında reytinqi o qədər də yüksək deyil. Nəzərə almaq lazımdır ki, Ermənistanın Hindistandan silah ixracı məsələsi də sadəcə mətbuatda yayılan məlumatlardır. Bunu təsdiq edən hər hansı rəsmi sənəd yoxdur və BMT-nin silah reyestrində də sözügedən məlumatlar öz əksini tapmayıb. Eyni zamanda sözügedən silahlar keçmiş SSRİ-də, daha sonra isə Rusiyada istehsal olunan silahların plagiat formalarıdır”.
Murad Əhmədov, Bizim.Media