“Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəmində olduğunu düşünmürük”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.
O qeyd edib ki, hücumla bağlı bütün məsuliyyət İran tərəfinin üzərinə düşür.
Ayxan Hacızadə əlavə edib ki, son aylarda İran mediasında anti-Azərbaycan təbliğatı geniş yer alıb.
“Bunun hücuma rəvac verdiyini düşünürük. Azərbaycan İranla hər zaman yaxşı qonşuluq tərəfdarı olub, İranın da buna müsbət cavab verəcəyini gözləyib. Lakin bu təxribatlar mənfi təsir göstərir”, - o əlavə edib.
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizim.Media