44 günlük müharibə və Laçın yolunda 31 gün ərzində davam edən duruş bir çox oxşar məqamlara malikdir. Bura tərəflər arasında qüvvələr balansı, Ermənistan və Fransanın destruktiv siyasəti, erməni diasporunun yüksək aktivliyi, beynəlxalq ictimaiyyətin reaksiyası, Azərbaycanın tələbləri və proseslərin inkişaf perspektivləri aiddir.
Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin araşdırmasında bildirilir.
Qüvvələr balansı
II Qarabağ müharibəsindən sonra Ermənistanın o vaxtkı müdafiə naziri D.Tonoyan ölkəsinin “böyük gücə - fövqəlsilahlanmış Azərbaycan ordusuna qarşı” dayandığını və tərəflər arasında kəmiyyət və resurs baxımından imkanların müqayisə olunmaz qədər fərqli olduğunu etiraf etdi.
Qeyd edək ki, müharibədən bir neçə ay qabaq baş qərargah rəisi O.Qasparyan N.Paşinyana Ermənistanın müharibəyə hazır olmadığına dair hesabat vermişdir.
Global firepower indeksinin 2023-cü il hesablamalarına görə Azərbaycan SQ-i 145 ölkə içərisində 57-ci, Ermənistan isə 94-cü yerdə qərarlaşıb. Qeyd edək ki, Azərbaycan 2022-ci ildə 63-cü yerdə qərarlaşmışdı. Beləliklə, zaman keçdikcə Azərbaycan və Ermənistan arasında güc fərqi daha artmışdır.
Ermənistanın destruktiv siyasəti
44 günlük müharibə zamanı Paşinyan Qarabağın tanınması, “islahedici ayrılması” və “xilas naminə birləşməsi” prinsipləri ilə dünya ölkələrinə müraciət etmişdir. Hazırda Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir və paralel olaraq Şuşa-Laçın yolundakı aksiyanı Qarabağ ermənilərinə qarşı soyqırım cəhdi kimi təqdim edir.
Məqsəd – ermənilərin Bakının yurisdiksiyası altında yaşaya bilməməsi narrativini beynəlxalq ictimaiyyətə satmaq və Qarabağı Azərbaycandan islahedici ayrılma prinsipi altında qoparmaqdır.
Fransanın destruktiv fəaliyyəti
II Qarabağ müharibəsi zamanı Fransa prezidenti E.Makron Bakı və Ankaranı suriyalı muzdluları cəlb etməkdə ittiham etmiş və BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etməyə cəhd göstərmişdir.
2022-ci ildə Fransa parlamentinin hər iki palatası “tamamilə həqiqətdən uzaq, yalan, iftira dolu müddəaları əks etdirən və açıq təxribat xarakterli” qətnamələr qəbul etmişdir.
Prezident Makron isə “təhqiramiz, qəbulolunmaz, yalan və təxribatçı” bəyanatla çıxış etmiş və İrəvanın ekoaksiya ilə bağlı narrativini təkrarlayaraq BMT TŞ-da Azərbaycana qarşı qərəzli qətnamənin qəbul edilməsinə cəhd etmişdir.
Beynəlxalq ictimaiyyətin reaksiyası
Müşahidələrə görə beynəlxalq ictimaiyyət 44 günlük müharibənin ilk yarısında aktiv, sonra isə passiv olmuşdur. Brukinqs İnstitutunun müharibə haqqında yeganə yazısı 30 sentyabra təsadüf edir. Bakı və Ankaranı xaricdən muzdlular cəlb etməkdə ittiham edən məqalə Belfer Center-də 8 oktyabrda dərc edilmişdir.
Chatham House 16 oktyabrda mülki itkilərin qabaqlanmasının yeganə çıxış yolunu islahedici ayrılmada gördüyünü bildirmişdir. Human Rights-ın tənqiddolu hesabatları 30 sentyabr və 23 oktyabr tarixlərinə təsadüf edir.
Ermənipərəst siyasətçilər və jurnalistlər iki il öncə də, indi də antiazərbaycan tvitlər və bəyanatlarla çıxış edirlər. Eyni tendensiyanı biz hazırda da müşahidə edirik. Laçın yolunda duruşun ilk günləri Azərbaycana fərqli təzyiqlər olsa da, hazırda vəziyyət sabitləşməyə doğru gedir.
Bakının tələbləri
44 günlük müharibə zamanı Bakı hərbi əməliyyatların dayandırılmasının əsas şərti kimi rəsmi İrəvandan ərazilərdən çıxma qrafikini verməsini tələb edirdi. Hazırda Bakının əsas tələbi təbii sərvətlərin talan edilməməsi və Laçın yolundan sırf humanitar məqsədlərlə istifadə etmək üçün nəzarət yoxlama məntəqəsinin qurulmasından ibarətdir.
Müharibə İrəvanın Bakıya qrafik verdiyi vaxta bitdiyi kimi Laçın yolundakı aksiya da nəzarət yoxlama məntəqəsinin qurulacağı zaman dayanacaqdır.
Perspektivlər
Ermənsitan 44 günlük müharibənin sonuncu gününə qədər destruktivlik nümayiş etdirib, Azərbaycanın tələbləri ilə razılaşmaq istəmirdi. Lakin, müharibə uzandıqca Azərbaycanın tələblər siyahısı da uzanırdı. Hazırda da İrəvan Bakının haqlı tələblərini icra etməkdən boyun qaçırmaqla ona qarşı irəli sürülən tələb/təzyiqləri artırmış olur.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:15 / 12.01.2023
44 günlük müharibə və 31 günlük duruş arasında paralellər
Hazırda oxunan: 44 günlük müharibə və 31 günlük duruş arasında paralellər
Hazırda oxunan: 44 günlük müharibə və 31 günlük duruş arasında paralellər
114317
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.