Akif Alaferdov: “Qırğızıstan 90 il ərzində azərbaycanlıların 5 nəslinin vətəninə çevrilib” - MÜSAHİBƏ

Akif Alaferdov: “Qırğızıstan 90 il ərzində azərbaycanlıların 5 nəslinin vətəninə çevrilib” - MÜSAHİBƏ

Hazırda oxunan: Akif Alaferdov: “Qırğızıstan 90 il ərzində azərbaycanlıların 5 nəslinin vətəninə çevrilib” - MÜSAHİBƏ

113622

Qırğızıstanda fəaliyyət göstərən Azərbaycanlıların “Azəri” İctimai Təşkilatının fəxri prezidenti, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdov vb.kg saytına eksklüziv müsahibə verib.

Bizim.Media onun müsahibəsini sizə təqdim edir:

- 2022-ci il Qırğızıstan-Azərbaycan münasibətlərində nə ilə yadda qaldı? 

- Ötən 2022-ci il Qırğızıstan və Azərbaycanın həyatında tarixi hadisələrlə yadda qaldı. Aprel ayında Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfər edib. Danışıqlar zamanı Sadır Japarov və Azərbaycan prezidenti İlham Əliyev dövlətlərin gələcək üçün strateji mövqeyini müəyyən ediblər. Qırğız Respublikasının başçısı həmçinin Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşüb, onları böyük və perspektivli layihələrə, o cümlədən mədənçıxarma sənayesi, hidroenergetika və kənd təsərrüfatı sahələrinə sərmayə yatırmağa çağırıb.

Qırğız Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyi ilə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Strateji tərəfdaşlıq və Qırğız Respublikası ilə Azərbaycan arasında Dövlətlərarası Şuranın yaradılması haqqında Bəyannamə imzalanıb.

Səfər zamanı kənd təsərrüfatı, informasiya texnologiyaları, hava nəqliyyatı, antiinhisar hesablaşmaları və əqli mülkiyyətin qorunması kimi sahələr də daxil olmaqla 10 mühüm sənəd və saziş imzalanıb. Azərbaycan tərəfi Qırğızıstanı Avropaya çıxış üçün nəqliyyat infrastrukturu ilə təmin etməyə hazır olduğunu bəyan edib. İlham Əliyev vurğulayıb ki, Azərbaycanın bütün nəqliyyat kommunikasiyaları, limanları qırğız qardaşlar üçün açıqdır.
Və altı ay sonra, oktyabrda Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstana rəsmi dövlət səfərinə gəldi. Qırğızıstan prezidentinin administrasiyası məni görüşənlərin heyətinə daxil etdi. Qırğızıstan prezidenti Azərbaycan prezidentini ən fəxri qonaq kimi qarşıladı. 

İlham Əliyev çıxışında 6 ay sonra Qırğızıstana gəlməsinin səbəbini açıqladı. Onun sözlərinə görə, Sadır Japarovla Bakıda görüş zamanı qeyd etdiyi inteqrasiya proseslərini sürətləndirmək vacibdir. 

Bu səfər Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələ oldu. Azərbaycan Prezidenti “Ata Beyit” Milli Tarix-Memorial Kompleksini ziyarət etdi, 1916-cı ilin faciəli hadisələri nəticəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoydu.

Danışıqlar nəticəsində ikitərəfli əməkdaşlığın qurulmasına yönəlmiş bir sıra sənədlər imzalanıb. O cümlədən, Qırğız Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında 25 milyon ABŞ dolları nizamnamə kapitalı ilə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması haqqında sazişə imza atılıb. Fond iqtisadi əməkdaşlığa, modernləşməyə kömək etmək məqsədilə yaradılıb və investisiya sahəsində əməkdaşlığın aktivləşməsunə və genişləndirilməsinə təkan verəcək. Qərargah Bişkekdə yerləşəcək. Və düşünürəm ki, Azərbaycan bu istiqamətdə fəal işləyəcək, çünki prezident İlham Əliyevin birbaşa göstərişi var.

Bişkekə səfər zamanı Qırğızıstan-Azərbaycan dostluq parkının açılışı olub. Parkın açılışı ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin bariz sübutu idi və rəmzi məna daşıyır.
Həmçinin, dövlət başçılarının iştirakı ilə iki təntənəli mərasim - Bişkek şəhər 20 nömrəli məktəb-gimnaziyaya Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adının verilməsi və paytaxtda 103 nömrəli tam orta məktəbin açılışı olub. Azərbaycanın vəsaiti hesabına tikilən məktəb dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. 

İlham Əliyev məktəbdə çıxışı zamanı bu məktəblərin şagird və müəllim heyətini Azərbaycana səfərə dəvət edib. Dekabr ayında 32 şagird və 17 müəllim səfərdən qayıdıb. Onlar tarixi yerləri ziyarət ediblər, Bakı Avropa Məktəbində və Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olublar, həmyaşıdları ilə söhbət ediblər və böyük təəssüratla qayıdıblar. Həmçinin azərbaycanlı məktəbliləri Qırğızıstana səfərə dəvət ediblər.

- Prezidentlərin görüşlərində əldə olunan razılaşmalardan hansı bu il həyata keçiriləcək?

- Danışıqlar zamanı müzakirə olunan məsələlərdən biri də birbaşa Bişkek-Bakı aviareysinin açılması (ən azından tranzit reysi) məsələsi idi. İndi bu məsələ üzərində iş gedir. Bu il reallaşacağına ümid edirik. Düşünürəm ki, gələcəkdə Qırğızıstana xam neftin verilməsi məsələsinə baxılacaq və ola bilsin ki, Heydər Əliyevin dövründə planlaşdırılan və sonradan dondurulan neft emalı zavodunun tikintisi məsələsi də gündəmdə olacaq.

- Yəni Qırğızıstan-Azərbaycan münasibətləri yüksəlişdədir?

- Məncə, bizim münasibətlərimiz öz inkişaf həddini bilmir, yalnız yaxşılığa doğru gedir. İki dövlət başçısı müəyyən edib ki, münasibətlər aşağıdakı məqsəd və istiqamətlər əsasında formalaşmalıdır. Bunlar strateji dəstək və qarşılıqlı yardım, dərin inteqrasiya və yaxınlaşma, innovativ yanaşma və güvən, universal fayda və qarşılıqlı qazancdır. Bu da eyni zamanda səfirliklərin işinin əsas postulatlarıdır.  

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksələn siyasi və diplomatik sahədə inkişafında hər iki ölkə səfirlərinin kifayət qədər xidmətləri var. Qırğız Respublikasının Azərbaycandakı səfiri təyin olunan Kayrat Osmonəliyev Azərbaycanın elm və siyasi dairələrində nüfuz sahibidir. Azərbaycanın Qırğız Respublikasındakı səfiri Lətif Seyfəddin oğlu Qəndilovun da üzərinə mühüm missiya və böyük məsuliyyət düşür. Və biz onun işinin nəticəsini öz gözümüzlə görürük. Səfirlərin fəaliyyəti bizi çox sevindirir.

- Müxtəlif tarixi şəraitə görə Qırğızıstana gələn azərbaycanlılar necə yaşayırlar?

- Qırğızıstan 90 il ərzində azərbaycanlıların beş nəslinin vətəninə çevrilib. Qırğızıstan repressiyaya məruz qalan azərbaycanlıları 1933-cü ildə qəbul edib. Mən dost qırğız xalqına çox xas olan bir faktı qeyd etmək istərdim. Qırğızıstan “Repressiyaya məruz qalanlara kompensasiya haqqında” qanunu qəbul edən ilk ölkələrdəndir. 1994-cü ildə qəbul edildi, lakin dayandı.

1997-ci ildə diasporumuzun rəhbəri olduqdan sonra bu məsələni qaldırdım və diasporumuzun üzvlərinə, 1930-cu illərdə Qırğızıstana sürgün edilən azərbaycanlıların nəslinə təzminat almaq üçün hüquqi dəstək verdim. Bu prosedur məhkəmə qərarını nəzərdə tuturdu. 1933-cü ildə repressiyaya məruz qalan azərbaycanlıların 1956-cı ilə qədər doğulmuş bir çox nəsli isə təzminat alır. Onun miqdarı az olsa da mənəvi cəhəti önəmlidir. Və biz Qırğızıstan rəhbərliyinə minnətdarıq ki, bu qanun dəqiq həyata keçirilir.

- Ötən il sizin üçün necə oldu?

- Çox zəngin və aktiv oldu. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məni ölkələrimizin xalqları arasında dostluğun möhkəmləndirilməsinə görə medalla təltif etdi. Mənim üçün bu, böyük şərəfdir. Bu mükafat, məncə, qarşıma böyük məsuliyyət qoyur. Ötən il dekabrın 11-də mən Türkiyədən qayıtdım və orada Komitə sədri Fuad Muradovun dəvəti ilə dünya üzrə azərbaycanlı alimlərin əlaqələndirmə şurasının ilk iclasında iştirak etdim.

Mən çox şad və qürurlu idim ki, Azərbaycan çoxlu elm adamları yetişdirib. Onların arasında Nobel Sülh Mükafatı laureatı Bəxtiyar Siracev də var. Onunla görüşəndə məlum oldu ki, 40 ildir ki, Ak-Taladan olan qırğız qadınla evlidir. İstanbula da onunla birgə gəlmişdi. Biz Qırğızıstan haqqında çox danışdıq. İstanbulda nanotexnologiyalar üzrə Azərbaycan Dövlət Mükafatı laureatı Məmmədovla tanış oldum. O, 1929-cu ildə Qırğızıstana deportasiya olunan  böyük Rəfibəyovlar nəslindən idi. Bu gün onların nəsli Qırğızıstanda yaşayır. 

Koordinasiya şurasının üzvləri arasında Dövlət Mükafatları laureatları, Avstraliya, Kanada, İsveç, Yaponiya, Çin və digər ölkələrdən dünya şöhrətli azərbaycanlı alimlər də var idi. Qeyd edək ki, biz ictimai təşkilat yaratdıq, onun sədrini və köməkçilərini seçdik.
Öz müxtəlifliyi və potensialı ilə seçilən Azərbaycan diasporuna alimlərin daxil olması onun gələcək inkişafı üçün böyük perspektivlər vəd edir. Bu, tarixi Vətənlə əlaqələrin möhkəmlənməsini təmin edəcək, müxtəlif proqramlar vasitəsilə Azərbaycan Respublikasının inkişafına, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə töhfə verəcək, elm sahəsində çalışan gənc nəslin yetişməsinə kömək edəcək. 

Mən forumun gündəliyinə dağlıq rayonların davamlı inkişafı məsələsinin daxil edilməsini təklif etdim, çünki ekologiya, iqlim, sosial və tibbi məsələlər həyat üçün vacibdir. Bildiyiniz kimi, dünyanın bir çox ölkələri prezident Sadır Japarovun 2022-ci ilin dağlıq rayonların beynəlxalq ili elan edilməsi təklifinə reaksiya verdi. 2021-ci il dekabrın 16-da BMT Baş Assambleyası müvafiq qətnamə qəbul edib. Amma dağ rayonlarının dayanıqlı inkişafının problemləri bir ildə həll oluna bilməz və ona görə də proqram daha beş il müddətinə təsdiq olundu. Problem bütün dünya üçün qlobaldır, çünki dünya əhalisinin böyük hissəsi dağlıq ərazilərdə yaşayır.

Mən repressiyaya məruz qalanların xatirəsi məsələsini də qaldırdım. Məsələn, 1937-ci ildə Qırğızıstanda repressiyaya məruz qalan azərbaycanlılar güllələnib. Nə üçün onların xatirəsini ehtiramla yad etmək üçün həm həmin hadisələrlə, həm də  repressiyaya məruz qalanlarla bağlı arxiv sənədlərini qaldırmayaq? Hətta onların vurulduğu yerə xatirə lövhələri də qoymaq olar. Tarixçilərə, hüquqşünaslara bu istiqamətdə işləməyi təklif etdim. Mənim təklifim alimlərin əlaqələndirmə şurasını da maraqlandırdı.

Dekabrın 24-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin onlayn iclası keçirilib. Orada bütün dünyada yaşayan Azərbaycan diasporundan 500 nəfər, o cümlədən Qırğızıstandakı diasporumuzun nümayəndələri də iştirak edirdi. 
Qeyd edək ki, Fuad Muradov həmfikirlərdən ibarət yaxşı komanda yaradıb. O,  komitəyə rəhbərlik etdikdən sonra milyonlarla soydaşımızı birləşdirən bu mühüm strukturun işi nəzərəçarpacaq dərəcədə intensivləşib. 

Prezident İlham Əliyevin komandanlığı ilə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın qələbə ilə azad edilməsindən sonra Azərbaycanda böyük yüksəliş müşahidə olunur. 

Ədalət zəfər çaldı. İndi rəsmi Bakı çalışır ki, Azərbaycan, Rusiya və Ermənistan arasında Qarabağda müharibənin dayandırılması ilə bağlı üçtərəfli sazişin müddəaları və sülh şərtləri dəqiq yerinə yetirilsin. Biz Qırğızıstanda yaşayan azərbaycanlılar tarixi Vətənimizdəki qardaşlarımızla həmrəyik.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO