Ermənistanın “antikvar” silahlarının sirri açılıb. Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin təşkil etdiyi əməliyyat tədbirləri nəticəsində Müdafiə Nazirliyi üçün silah tədarük edən iş adamı David Qaltsyan bu gün həbs olunub. Qaltsyanın həbs səbəbi kimi, Ermənistan ordusuna köhnəlmiş və istifadəyə yararsız top mərmiləri satması göstərilir.
Xatırladaq ki, David Qaltsyanın adı 2020-ci ilin iyul ayında Ermənistan hökümətinin qanunsuz silah satışı ilə bağlı skandalda hallanırdı.
Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın ifşa etdiyi sənədlərə əsasən, Ermənistan Rusiyadan güzəştli kreditlərlə silah alır və daha sonra bu silahların üçüncü ölkəyə baha qiymətə satışını həyata keçirirdi.
MÖVZU İLƏ BAĞLI:
Səudiyyə müsəlmanlarının erməni sevgisi
Bu işə nəzarət etmək isə David Qaltsyana həvalə edilib. Qaltsyan əldə olunan gəlirin bir qismini mənimsəyir, bir qismini isə Ermənistan Müdafiə Nazirliyinə ötürürmüş.
Qaltsyan Ermənistanda “silah baronu” hesab olunurdu və xarici ölkələrdəki əlaqələrindən istifadə edərək Ermənistan Müdafiə Nazirliyi üçün silah tədarükü işini koordinasiya edirdi.
Lakin sən demə, David Qaltsyan elə ən böyük kələyi Ermənistanın özünə gəlibmiş.
Araşdırmalar nəticəsində məlum olub ki, David Qaltsyan Çexiyadan Ermənistan Müdafiə Nazirliyi üçün 1983-86-cı illər istehsalı top mərmilərinin tədarük edilməsi tapşırığını alıb.
Təhlükəsizlik xidmətindən verilən açıqlamada Çexiyadan alınan top mərmilərinin 1977-ci il istehsalı olduğu bildirilir. Hansı ki, 44 günlük müharibədə bu mərmilərin istifadəyə yararsız olması ortaya çıxıb və mərmilər döyüş atışlarının icra olunmasına əngəl törədib.
Adı çəkilən silahlar istifadə müddəti sona çatdığı üçün Qaltsyan tərəfindən daha ucuz qiymətə alınıb. Ermənistan Müdafiə Nazirliyinin silahların alınması üçün ayrılmış maliyyə vəsaitinin böyük bir hissəsi isə Qaltsyan tərəfindən mənimsənilib.
Qaltsyanın təkcə top mərmilərinin alınması işində mənimsədiyi məbləğ 1 milyon ABŞ dolları həcmində qiymətləndirilir.
Lakin Qaltsyanın koordinasiya etdiyi digər işlərdə də oxşar maxinasiyaları icra etdiyi ehtimal olunur. Təhlükəsizlik xidmətinin məlumatında Qaltsyanın üçüncü ölkəyə satılması işində rolunun da araşdırıldığı qeyd olunub.
Ermənistanla hərbi sahədə əməkdaşlıq etmiş bir sıra ölkələr isə mövcud vəziyyətdən narahatdır.
Ermənistanın öz ordusu üçün aldığı silahlar istifadəyə yararsız və vaxtı keçmiş məhsullardırsa, satışı həyata keçirilən silahların keyfiyyəti şübhə doğurur.
Ermənistandan silah almış ölkələr arasında BƏƏ və İordaniya kimi ölkələr yer alır. Bu ölkələrə silah satışı da məhz David Qaltsyan tərəfindən kordinasiya edilib.
Rəvan Əliyev, Bizim.Media