Moldova parlamentinin binasında 8 Noyabr - Zəfər Günü münasibətilə sərgi açılıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, sərginin açılış mərasimində Moldova parlamentinin sədri İqor Qrosu, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, deputatlar və yerli KİV-lər iştirak ediblər.
İqor Qrosu sərginin açılışında çıxış edərək Moldova parlamentinin binasında belə bir sərginin açılmasından məmnun olduğunu bildirib.
Azərbaycana səfərini xoş xatirə kimi xatırlayan Moldova parlamentinin sədri Şuşaya səfəri barədə danışaraq deyib:
“Parlament sədri kimi çox sevinirəm ki, iki ölkə arasında münasibətlərimizdə yeni səhifə açılıb. Qarabağın mədəniyyət beşiyi olan Şuşaya bu il etdiyim səfər məndə xoş təəssürat oyadıb. Şuşada çox sayda tarixi, mədəni abidələr var. Şuşada olarkən şəhərdə tam bərpa və yenidənqurma işlərinin aparıldığının şahidi oldum”.
Spiker vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın və onun incisi olan Şuşanın inkişafına, tarixi və mədəni abidələrin bərpasına çox böyük töhfə verir.
İqor Qrosu Moldova və Azərbaycan dövlətlərinin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək iki ölkənin dost münasibətlərindən danışıb.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə çıxış edərək Zəfər Günündə Moldova parlamentinin binasında belə bir sərginin təşkil olunmasına verdiyi dəstəyə görə İqor Qrosa təşəkkürünü bildirib.
“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalda olan ərazilərimizi azad etdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin. Bu, bizim şanlı tariximizdir və əbədi olacaq. Bu gün isə Azərbaycan regionda sülhün tərəfdarıdır, müharibə istəmir, regionun iqtisadi inkişafına öz töhfəsini verməyə hazırdır. Azərbaycan ədalətli sülhün tərəfdarıdır”, - deyə Əli Hüseynli əlavə edib.
O çıxışında Azərbaycan və Moldova arasında olan siyasi və iqtisadi əməkdaşlığın inkişafı məsələlərinə də toxunub.
Azərbaycan və Moldova arasında dost münasibətlərin olduğunu deyən səfir Qüdsi Osmanov isə bildirib ki, Moldova parlamentində Zəfər Gününə aid belə bir tədbirin keçirilməsi dost münasibətlərin bariz nümunəsidir.
Səfir bildirib ki, Şuşa şəhərinin işğaldan azad edildiyi gün Zəfər Gününün qeyd olunması Azərbaycan xalqı üçün rəmzi məna daşıyır. Çünki Şuşa Azərbaycanın incisi və Qarabağın ürəyidir.
Q.Osmanov Azərbaycanın Zəfərinin bu torpaqlara sülh gətirdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin regionda bütün xalqların sülh, sabitlik və firavanlıq şəraitində yaşamasına yönəldiyini də vurğulayıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:32 / 08.11.2022
Moldova parlamentinin sədri: “Şuşa məndə xoş təəssürat oyadıb” – VİDEO
Hazırda oxunan: Moldova parlamentinin sədri: “Şuşa məndə xoş təəssürat oyadıb” – VİDEO
Hazırda oxunan: Moldova parlamentinin sədri: “Şuşa məndə xoş təəssürat oyadıb” – VİDEO
103359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.