“Əlbəttə, müharibədə uğur qazanmaq üçün biz çox önəmli layihələri icra etməli idik və etdik. Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə səsləndirib.
“Bizim təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı onlarla ölçülür. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır”, deyə o, qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “Ordumuz indi daha güclüdür, bunu Ermənistan və hər kəs bilməlidir”
Prezident bu layihələrin Azərbaycana əlavə maliyyə imkanı yaratdığını bildirib:
“Biz, ilk növbədə, bu maliyyə imkanlarını hərbi potensialın gücləndirilməsinə yönəltdik. Mənim prezidentlik dövrümdə əgər dövlət büdcəsinin xərclərinə nəzər salsaq, görərik ki, birinci yerdə hərbi xərclərdir, birinci yerdə. Halbuki, ölkənin başqa ehtiyacları var. Bir milyona yaxın məcburi köçkünün də problemlərini biz həll edirdik, onları da biz yeni evlərlə təmin edirdik. Sosial problem, maaşlar, pensiyalar, bunları da biz artırmalı idik və artırırdıq. Daha çox artırmaq istəyirdik və istəyirik. Ancaq, ilk növbədə, orduya, ilk növbədə, Qələbəyə aparan yola daha böyük maliyyə dəstəyi verirdik. Bu gün də belədir”.
İlham Əliyev gələn il üçün Azərbaycanın dövlət büdcəsinin, o cümlədən hərbi xərclərə ayrılacaq vəsaitin rekord həddinə çatdığını deyib:
“Sual oluna bilər nə üçün, müharibə arxada qaldı, iki il keçib. Cavab çox sadədir. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır.
Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq”.
Bizim.Media