Müstəqil Azərbaycanın ilk nazirləri indi haradadır? – ARAŞDIRMA 

Müstəqil Azərbaycanın ilk nazirləri indi haradadır? – ARAŞDIRMA 

Hazırda oxunan: Müstəqil Azərbaycanın ilk nazirləri indi haradadır? – ARAŞDIRMA 

102104

Müstəqil Azərbaycanın ilk hökuməti hələ 18 oktyabrdan öncə, 1991-ci ilin mayın 21-22-də təşkil olunub. Belə ki, həmin vaxtlar dağılma dönəmində olan SSRİ-dən respublikalar bir-bir ayrılmağa başlamışdı. Azərbaycanda isə prezident kürsüsündə Ayaz Mütəllibov idi. 

1991-ci ilin mayında təşkil olunan hökumət 18 oktyabrdan sonra da fəaliyyətini davam etdirdi, 1992-ci il mayın 18-nə qədər. Daha sonra iyunun 3-də Əbülfəz Elçibəyin prezident seçilməsindən sonra II hökumət təşkil edildi.   

Bəs, həmin dönəm I Nazirlər Kabinetində təmsil olunan məmurlar indi haradadır?

Bizim.Media bu suala cavab axtarıb.

Həsən Həsənov

İlk hökumətin Baş naziri olan Həsən Həsənov 1991-ci ilin fevralından 1992-ci il aprelin 4-dək icra edib. O, 1993-cü ildə Tofiq Qasımovdan sonra Azərbaycan xarici işlər naziri olub və 1998-ci ilədək bu vəzifədə olub. Sonrakı dönəmdə H. Həsənov 2004-2021-ci illərdə ardıcıl olaraq Azərbaycanın Macarıstan və Polşada fövqəladə və səlahiyyətli səfiri olub. Hal-hazırda hər hansı dövlət vəzifəsində deyil.

Artur Rasizdə

I hökumətdə Baş nazirin I müavini kimi fəaliyyət göstərən Artur Rasizdə 1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləyib.2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olub. Hal-hazırda 87 yaşı olan sabiq məmur 2018-ci ildən bəri dövlət icra strukturlarında vəzifə tutmayıb.

Feyruz Mustafayev

Feyruz Mustafayev 22 may 1991-18 may 1992-ci illərdə Baş nazirin I müavini kimi fəaliyyət göstərib. O, 1992-ci ilin aprel-may aylarında Həsən Həsənovun istefasından sonra Baş nazir səlahiyyətlərini də icra edib. Sonrakı illərdə Feyruz Mustafayev Azərbaycan Respublikası "Azərquşsənaye" Dövlət Şirkətinin prezidenti, Azərbaycan Respublikasının Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti kimi vəzifələrdə olub.  2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 2018-ci ildə isə vəfat edib.

Matvey Radayev

Matvey Radayev baş nazirin müavini (1991–1992), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1989–1991) kimi vəzifələrdə çalışıb. 1992-ci ilin iyununda baş nazirin müavini vəzifəsindən azad edilib. 1993-cü ilin fevralında ürək çatışmazlığından dünyasını dəyişib.

Rəhim Hüseynov

1989–1992-ci illərdə R.Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. 1992-ci il mayın 14-də R.Hüseynov Azərbaycan Respublikasının baş naziri seçilib. R.Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın baş naziri vəzifəsində çalışıb. AXC hakimiyyəti dövründə könüllü olaraq baş nazir vəzifəsindən gedib. Sonrakı illərdə heç bir dövlət vəzifəsində çalışmayıb.

Zülfü Hacıyev

Zülfü Hacıyev də Rəhim Hüseynov kimi 1989-cu ildən Baş nazirin müavini kimi çalışıb. Lakin onun həyatı daha faciəli olub. Belə ki, Z. Hacıyev 1991-ci ilin 20 noyabrında Qarakənd faciəsinin qurbanlarından olub.

Arif Aslanov

I hökumətin buraxılmasından sonra öz vəzifəsinin icrasına davam edən nadir məmurlardan olan Arif Aslnov 1996-ci ilədək Nəqliyyat naziri kimi fəaliyyət göstərib. Aslanov fəaliyyəti dövründə dəfələrlə dövlət mükafatları və diplomlarla təltif edilib. O, 2007-ci ildə vəfat edib.

Məhəmməd Əsədov

İlk hökumətin daxili işlər naziri olan Məhəmməd Əsədov 1991-ci il noyabrın 13-dək bu vəzifəni icra edib. Həmin gündən, şəhid olduğu 20 noyabra kimi isə Prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri olub. O, da Qarakənd faciəsində dünyasını dəyişib.

Əlisaab Orucov

1985-1991-ci illərdə Azərbaycan SSR-in, 1991-1992-ci illərdə isə Azərbaycan Respublikasının Ədliyyə naziri olub. Əlisaab Orucov 1993–1995-ci illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyası Prezidentinin müavini, 1995-ci ilin iyul ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsinin rəisi işləyib. Sonrakı illərdə hər hansı dövlət vəzifəsində çalışmayıb.

Müzamil Abdullayev

İlk hökumətin kənd təsərrüfatı və ərzaq məhsulları naziri kimi çalışıb. Əbülfəz Elçibəy iqtidarı dönəmindəki bir illik fasilədən sonra, 1993-cü ilin iyulundan yenidən kənd təsərrüfatı naziri təyin edilib və 1994-cü ilin oktyabrındən bu vəzifəni icra edib. O, Azərbaycanın Göy-Göl rayonunda yerləşən “Göy-Göl şərab 2” fabrikinin təsisçisi olub. 2022-ci ilin iyulunda dünyasını dəyişib.

Bədir Qarayev

1991-ci ilin mayından 1992-ci ilin oktyabrındək maliyyə naziri vəzifəsini icra edib. Bu vəzifəsindən çıxdıqdan sonra B.Qarayev ömrünün axırınadək Azərbaycan Respublikasının Nazirlər Kabinetində məsul vəzifələrdə və Baş Nazirin müavini vəzifəsində işləyib. Oğlu Nadir Qarayev də maliyyə nazirliyində məsul vəzifələrdə çalışıb.

Polad Bülbüloğlu

Birinci Nazirlər Kabinetinin Mədəniyyət naziri olmuş Polad Bülbüloğlu 1988-2006-cı illərdə bu vəzifəni icra edib. 2006-cı ildən bu günə kimi isə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. 2015-ci ildə “Şərəf”, 2020-ci ildə isə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Tələt Qasımov

Tibb elmləri namizədi Tələt Qasımov Azərbaycan SSR əməkdar həkimi, Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri olub. 1992-ci ildə vəzifədən getdikdən sonra, dünyasını dəyişdiyi 1999-cu ilə kimi hər hansı dövlət vəzifəsi tutmayıb.

Lidiya Rəsulova 

1988–1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri olmuş, daha sonra Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləyib. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunub. 2012-ci ildə dünyasını dəyişib.

Ağasəlim Bağırov

Ağasəlim Bağırov 1989–1992-ci illərdə Azərbaycanın ticarət naziri olub. 1992-ci ildə isə bir neçə ay Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. Sonrakı dönəmdəki fəaliyyəti ilə bağlı hər hansı məlumata isə internet resurslarında rast gəlmədik.

Rafiq Feyzullayev

Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin müavini (1983–1988), xalq təhsili nazirinin müavini (1988–1989) və təhsil naziri (1989–1992), Respublika müdafiə nazirinin hərbi tədris müəssisələri və xarici ölkələrdə təhsil alanlar üzrə müavini (15 sentyabr 1992-ci ildən), Elm və Texnika Komitəsinin sədr müavini (1992–1996) vəzifələrində işləyib. 1993–2001‑ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin müavini vəzifəsini icra edib. Dələduzluq və dövlət vəsaitini israfetmə ittihamı ilə 2001-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edib. 2001-ci il iyunun 17-də Şüvəlan qasəbəsində yerləşən 3 saylı təcridxanada vəfat edib.

Hüseynağa Sadıqov

Hüseynağa Sadıqov 5 fevral 1991 — 29 may 1992-ci illərdə Azərbaycan Respublikasının birinci xarici işlər naziri kimi çalışıb. Sonrakı illərdə də diplomatik fəaliyyətinə davam edən Hüseynağa Sadıqov 1992-ci ilin iyun ayında Azərbaycan Rеspublikasının AFR, İsvеçrə, Hollandiya və Lüksеmburqda fövqəladə və səlahiyyətli səfiri təyin еdilib. O, Azərbaycanın Avropa ölkələrində ilk səfiri olub. 2004-cü ildən təqaüddədir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO