20 günə kökəldən TƏHLÜKƏ – Qeydiyyatdan keçməyən dərman ölkəyə necə DAXİL OLUR? – FOTOFAKT

20 günə kökəldən TƏHLÜKƏ – Qeydiyyatdan keçməyən dərman ölkəyə necə DAXİL OLUR? – FOTOFAKT

Hazırda oxunan: 20 günə kökəldən TƏHLÜKƏ – Qeydiyyatdan keçməyən dərman ölkəyə necə DAXİL OLUR? – FOTOFAKT

159660

Azərbaycanda dərman bazarı tam olaraq sağlamlaşdırılmayıb. Ölkəyə hələ də qeyri-qanuni idxal olunan və dövlət qeydiyyatından keçməyən dərman, eləcə də qida əlavələri daxil olur. Bu azmış kimi dövlət qeydiyyatından və ekspertizasından keçməyən təhlükəli tərkibli məhsulların sosial şəbəkələrdə kütləvi satışı həyata keçirilir. 

Bizim.Media belə bir faktı ortaya çıxarıb. 
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB 2 aydır xəstələrə bu dərmanı niyə VERMİR? – ŞİKAYƏT/FOTO


“İnstagram” platformasında “elen cosmetics” adlı səhifə istifadəçilərə bir çox problemlərlə bağlı alıcılara müxtəlif çeşidli dərman və qida əlavələri təklif edir. Hansı ki, kütləvi şəkildə satdıqları məhsulların çoxu hormonal, yan və zərərli təsirlərə malikdir. 

Qeyd edək ki, dərman vasitələrinin dövlət qeydiyyatı, təkrar qeydiyyatdan keçirilməsi və qeydiyyat dosyesində olan dəyişikliklərin qeydiyyatı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilir. Ekspertizanın keçirilmə qaydaları Nazirlər Kabinetinin 25 dekabr 2020-ci il tarixli 502 nömrəli qərarı ilə tənzimlənir.

Potensial təhlükə

Azərbaycan bazarında populyarlıq qazanan və çəki artırmaq üçün nəzərdə tutulan “Samyun Wan” məhsulunu araşdırdıq. Tərkibində “jenşen” olduğu bildirilən dərman əlavəsi ilə nəinki Azərbaycanda, dünyada heç bir dövlətin reyestrində rəsmi şəkildə qeydiyyata alınmayıb. 

Bu məhsulun ölkəyə gətirilməsi ilə bağlı nə Səhiyyə Nazirliyinin İnnovasiya idarəsindən rəy, nə Qida Təhlükəsizliyi Agentliyindən sertifikat, nə də ki başqa bir rəsmi sənəd mövcuddur. Bir sözlə, məhsulla bağlı Azərbaycanın heç bir orqanı tərəfindən rəsmi sənəd verilməyib. Alıcılara 20 gün ərzində nə az, nə çox 8 kq çəki artımı zəmanəti verilir. Maraqlısı da budur ki, həmin müddət ərzində dərman öz effektini verir. 

Bundan əlavə qablaşdırma üzərində göstərilmiş istehsalçı nə İndoneziyada, nə də ki Çində var.

Yəni, məhsulun konkret mənşəyi məlum deyil. Qablaşdırma heç bir inkişaf etmiş ölkənin QOST-larına (dövlət standartları) uyğun deyil. Saxlama şərtlərinin, ştrix-kodların, normativ sənədlərin və bu məhsula görə cavabdeh olan təşkilatlara istinadların olmaması aydın şəkildə göstərir ki, bu qaçaqmalçılıqla gətirilmiş, nədən hazırlandığı məlum olmayan saxta bir məhsuldur. 

Tərkibində gizli komponentlər olan məhsulun tərkibində çox zərərli hormonal dərman olan deksometazonun olması potensial təhlükə yaradır. Hansı ki, deksometazon yalnız ağır və kritik xəstələrə tətbiq edilir.  

Qeyd edək ki, “elen cosmetics” adlı səhifə başqa çeşidli dərman və qida əlavələrinin satışı ilə də məşğuldur. 

Maraqlıdır, dövlət qeydiyyatından və ekspertizasından keçməyən bu cür məhsullar ölkəyə necə daxil olur? 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi sözügedən məhsulun dövlət qeydiyyatından və ekspertizasından keçmədiyini təsdiqləyib. 

Məsələ ilə bağlı məhsulun satışını həyata keçirən “Elen cosmetics” adlı səhifə ilə də əlaqə yaratdıq. Məhsulun Azərbaycanda qeydiyyatda keçmədiyini təsdiqləyən səhifə rəsmisinin sözlərinə görə bunun üçün aidiyyəti qurumlar tərəfindən çətinliklərlə və ağır şərtlərlə qarşılaşırlar. Bu səbəbdən məhsulu Azərbaycanda qeydiyyatdan keçirə bilmirlər. 

Təhlükəli olmasına gəlincə, səhifənin nümayəndəsi bizi məhsulun tərkibində zərərli qatqıların olmadığına inandırmağa çalışıb.

Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov isə Bizim.Media-ya açıqlamasında bildirib ki, ölkə ərazisinə kommersiya məqsədləri üçün gətirilən bioloji fəallığa malik qida əlavələrinin gömrük rəsmiləşdirilməsi aidiyyəti dövlət qurumlarının icazə sənədi əsasında həyata keçirilir:

“Həmin icazə sənədi ilə təmin olunan malların ölkə ərazisinə idxalına icazə verilir. Bioloji fəallığa malik qida əlavələri fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirildikdə isə hər hansı icazə sənədi tələb olunmur”.

Amma sözügedən məsələdə şəxsi istifadədən söhbət getmir. Eyni zamanda qurumun açıqlamasında konkret məhsula, qanunsuz və kütləvi satışına toxunulmur. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə hələki sorğumuzu cavablandırmayıb. Görünən odur ki, dövlət qurumları da qanunsuz dövriyyəsi həyata keçirilən məhsulları araşdırmağa maraqlı deyillər... 

Xatırladaq ki, bu məsələ Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə məsuliyyət yaradır. 

Bizim.Media olaraq yalnız bir məhsulun nə qədər zərərli olduğunu ortaya çıxartdıq. Daha geniş araşdırma aparılarsa, dövlət qeydiyyatından keçməyən digər məhsulların tərkibi və mənşəyi ilə bağlı da çox güman ki, bənzər faktlar üzə çıxacaq. 

Mövzunu diqqətdə saxlayacağıq...


Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO