DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

Hazırda oxunan: DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

605391

Türkiyə ilə Ermənistan arasında 1993-cü ildən bağlı olan quru sərhədinin yaxın aylarda açılması ehtimalı yenidən gündəmə gəlib. Açıq mənbələrdə yayılan məlumatlara görə, Alican–Marqara və Akyaka–Axuryan keçid məntəqələri üzrə texniki hazırlıq işləri xeyli irəliləyib. 

Bizim.Media xəbər verir ki, DW-yə istinadla yayılan informasiyalarda bildirilir ki, Ermənistan tərəfi hazırlıqları əsasən tamamlayıb, Türkiyə tərəfi isə son mərhələyə yaxınlaşıb.

Bu mövzu ilə bağlı oxşar məlumatlar son aylarda Bloomberg-ə istinadən başqa nəşrlərdə də dərc olunub.

Məlumata görə, sərhədin açılması Ermənistanın baş naziri Nikol Paşinyan üçün ciddi siyasi uğur sayıla bilər. Çünki o, uzun müddətdir Ankara ilə münasibətlərin normallaşdırılmasına çalışır. Xüsusilə sərhəd parlament seçkilərindən əvvəl açılarsa, bu, İrəvanın həm Türkiyə ilə yaxınlaşma, həm də Qərblə inteqrasiya xəttində mühüm nəticə kimi təqdim oluna bilər. Erməni rəsmilər daha əvvəl də sərhədin yaxın aylarda açıla biləcəyini bildirmişdilər.
 

Hazırda iki ölkə arasında ticarət əsasən Gürcüstan üzərindən gedir və bu, logistik xərcləri artırır. Sərhədin açılması ilə ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Türkiyə-Ermənistan Biznes Şurası təmsilçiləri birbaşa əlaqənin qurulacağı halda dövriyyənin 1 milyard dollara qədər yüksələ biləcəyini deyirlər. Xüsusilə Türkiyənin şərq vilayətləri sərhədin açılmasından həm ticarət, həm də turizm baxımından fayda gözləyir.


Bununla belə, prosesə təsir edən siyasi amillər qalır. Türkiyə tərəfi sərhədin tam açılmasını uzun müddətdir Ermənistan-Azərbaycan münasibətlərində irəliləyişlə əlaqələndirir. Son aylarda texniki hazırlığın sürətləndirildiyi barədə siqnallar verilsə də, hələlik dəqiq rəsmi açılış tarixi elan edilməyib. Bu da göstərir ki, proses siyasi razılaşmalardan asılı olaraq hələ dəyişə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO