Ermənistanın ədliyyə naziri Srbuhi Galyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır. Onun sözlərinə görə, sənəd əvvəlcə hakim “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətində, daha sonra isə eyniadlı parlament fraksiyasında müzakirə olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Galyan martın 16-da Ədliyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclasında danışıb.
Nazir qeyd edib ki, layihənin nə vaxt ictimaiyyətə açıqlanacağı hələ məlum deyil.
Onun sözlərinə görə, Konstitusiya islahatları şurası hər həftə iclas keçirir və mətn hazır olsa da, dərc məsələsi ilə bağlı son qərar partiya rəhbərliyi və parlament fraksiyasındakı müzakirələrdən sonra veriləcək.
Galyan daha əvvəl də bildirmişdi ki, yeni Konstitusiya layihəsinin mətni 2026-cı ilin martında hazır olmalıdır və bu sənədin referendum yolu ilə mövcud Konstitusiyanı əvəz etməsi planlaşdırılır. Eyni zamanda Ermənistan tərəfi artıq bəzi əsas istiqamətləri də açıqlayıb: məsələn, ölkənin idarəetmə formasının parlament respublikası olaraq saxlanacağı gözlənilir.
Bu proses region siyasəti baxımından da diqqətlə izlənir. Çünki Azərbaycan uzun müddətdir bildirir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar dəyişdirilmədən yekun sülh sazişinin imzalanması mümkün deyil.
Bizim.Media






























































































