Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili şəbəkədə yayılan və onun yemək yediyini əks etdirən kadrlara reaksiya verərək bildirib ki, o, yalnız orqanizmin həyati funksiyalarını saxlamaq üçün mineral əlavələr qəbul edir.
Bizim.Media xəbər verir ki, bundan əvvəl Gürcüstan Ədliyyə Nazirliyinin xüsusi penitensiar xidməti Saakaşvilinin aclıq aksiyasını dayandırması ilə bağlı bəyanatını dəstəkləyən video və foto yayıb. Görüntülərdən aydın olur ki, həkim ona püre verir, eks-prezident isə onu yeyir.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili həkimlərin nəzarəti altında qida qəbul etdi - EKSKLÜZİV VİDEO
"Heç kim tibb məntəqəsinə yemək üçün getmir. Burada kameralar çəkilişi sonradan şəbəkəyə yerləşdirmək üçün yox, təhlükəsizliyi təmin etmək üçün qurulub.
Təbii ki, hər şeyin qeydə alındığını bilirdim, video görüntüləri yaymaq absurd idi". Saakaşvili “Facebook” sosial şəbəkəsində yazıb.
Keçmiş Gürcüstan liderinin sözlərinə görə, o, qəbul etdiyi qidalarla bağlı sənədləri imzalayır. Eyni zamanda o, fotosu şəbəkədə yayılan “konservlər”in göstərildiyi sənədə imza atmadığını vurğulayıb. Saakaşvili qeyd edib ki, yalnız kamerada yemək yeməyə icazə verilir, təcili yardım məntəqəsində isə resept əsasında dərman qəbul edilir.
Üstəlik, sabiq prezident hesab edir ki, kadrlar onun xeyrinədir. İndi hamı əmindir ki, o, aclıq edir və yaxşı formada deyil.
Daha əvvəl bildirilmişdi ki, uzun sürən aclıq aksiyası fonunda Saakaşvilidə koqnitiv pozğunluqlar, xüsusən də yaddaş problemləri yaranıb. Eks-prezidentin vəkili bildirib ki, o, insanların adlarını unudur.
Mixail Saakaşvili oktyabrın 1-də ölkəyə qanunsuz daxil olduqdan sonra Gürcüstanda saxlanılıb. Siyasətçi bir neçə il əvvəl bankir Sandro Qirqvlianinin qətli ilə bağlı ona qiyabi çıxarılan hökmə əsasən həbs edilib.
Bizim.Media