Yeni tədris ili İranda Təhsil Nazirliyinin hələ də yeni nazir təyin edilmədən və 30 min şəraitsiz məktəb problemi ilə üz-üzə qalması ilə başlayıb.
Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi təhsil nazirindən başqa, təklif etdiyi bütün nazirlər üçün məclisin etimad rəyini ala bilib.
Rəisinin təhsil naziri postu üçün təklif etdiyi Hüseyn Bağgülünün namizədliyi isə məclis üzvləri tərəfindən rədd edilib.
Qanuna görə, prezidentin parlamentə yeni nazirin namizədliyini irəli sürməsi üçün üç ay vaxtı olsa da, məktəblərin açılması mövsümü ən qısa zamanda yeni nazirin təyin edilməsini tələb edir. Hələ ki, bu nazirlik 16 milyon şagird qarşısında məsuliyyət daşıyır.
İranda təhsil nazirliyinin problemləri çoxdur. Korona şəraitində məktəbləri açmaq, distant təhsilə keçmək, dərs kitablarının təmin edilməsi, müəllim və tədris mərkəzlərinin çatışmazlığı, elmi-texniki tərəqqiyə uyğun təhsil problemi, dövlət və özəl məkdəbdə çalışan müəllimlərin aylıq maaşlarında və başqa imtiyazlarında ayrıseçkilik, 30 min qəzalı vəziyyətdə və təmirə ehtiyacı olan məktəblər və daha onlarca problemlər...
Eyni zamanda, İranda ən böyük təhsil problemlərindən biri də istifadəyə yararsız məktəblərin olmasıdır.
Təhsil Nazirliyinin rəsmi statistik rəqəmlərinə görə, şagirdlər 30 min köhnə və istifadəyə yararsız məktəbdə təhsil almağa çalışır. Bu məktəblər öz-özlüyündə təbii olaraq şagirdlərin həyatı üçün də böyük təhlükə yaradır.
Bizim.Media