"Mən Atılmış yetiməm"-İlkin Xaliq

Hazırda oxunan: "Mən Atılmış yetiməm"-İlkin Xaliq

38318

Moderator.az saytı çoxsaylı müraciətləri nəzərə alaraq bir müddət öncə "Ədəbiyyat" səhifəsi yaradıb oxucuların ixtiyarına verdi. Bu vaxta qədər bir sıra gənc və təcrübəli şairlərin əsərlərini dərc etdik. Bu günkü qonağımız da istedadlı gənc şair İlkin Xaliqdır.

Əliyev İlkin Xaliq oğlu ( İlkin Xaliq):1981-ci il dekabr ayının 24-ü Sumqayıt şəhərində şair Xaliq Oğuzun ailəsində dünyaya gəlmişdir. Hələ 11 yaşında ikən atası Xaliq Oğuzun qəfil vəfatı balaca İlkini həyatın bütün amansızlıqları və bir çox məhrumiyyətləri ilə üz-üzə qoymuşdur. 1997-ci ildə orta təhsili bitirib,2000-ci ildə  “ Xüsusi texnalogiyalar” ixtisası üzrə  texniki təhsilini, 2007-ci ildə ali təhsilini bitirmişdir. Bədii yaradıcılığın şeir növü ilə 1993-dən məşğuldur. Orta məktəb illərindən indiyədək dövri mətbuatın müxtəlif qəzet  və jurnallarında şeirləri çap olunur. “ Gənc Şairlər Birliyinin” üzvüdür.

Evlidir. Bir qızı var.


Mən atılmış yetiməm.....

 

Bu həyat nağıl deyil, nağıla bənzəsə də.

Bu dünya noğul deyil,

           bir az yumru olub, noğula bənzəsə də

Atanı var dünyanın,

Satanı var dünyanın.

Ya atılan olarsan,

     ya da atan olarsan.

Ya satılan olarsan,

     ya da satan olarsan.

Mən də atılmışlardanam,

Mən də satılmışlardanam.

Səbəbini bilmirəm, niyə atıblar məni?!

Dünyaya gəldiyim gün bəlkə də

              seviniblər, göyə atıblar məni.

Bəlkə də əllərindən külək alıb aparıb,

Bəlkə qurbanlıq bilib fələk alıb aparıb.

Məni övlad bilənlər,

           övladların içinə qatmağı unudublar.

Məni göyə atanlar tutmağı unudublar.

                        Mən atılmış yetiməm !!!

 

Mən atılmış yetiməm...

Hələ körpə yaşından bu həyatın qoynuna,

Sarılıb dərdlərimin, həsrətimin boynuna

Zindan adlı həyatın zindanında

              döyülüb əqidəsin bərkidən,

Ömrünü sürə-sürə bu dünyanı tərk edən,

Bir sahibsiz, kimsəsiz,

  ömrü nazsız, qəmzəsiz,

Bu dünyanın dərdinə, dərd adlı namərdinə,

Bir suyun qiymətinə,

   Bir qoyun qiymətinə

Satılmış bir yetiməm.

                    Atılmış bir yetiməm.

 

Gah hansısa düzlüyün, həqiqətin yetimi,

Gah sonrası puç olmuş məhəbbətin yetimi.

İntizarın, həsrətin, acı qəmin yetimi,

Həm o dəmin yetimi, həm bu dəmin yetimi.

Bu aləmin yetimi,

                    Bu aləmin yetimi!!!

 

Ünvanım yetimxana, içim dərdlər adası.

Dünyanın taxtasında qurbanlıq piyadası...

Həyat çökdürüb məni, dizim sürtülüb çıxıb,

Göz yaşımı silməkdən gözüm sürtülüb çıxıb.

Mən dərdi həmdəm seçib, tənhalıqla danışan,

Göz yaşları sulara, torpaqlara qarışan,

Dərdimin manqalında,

Bəxtimin tonqalında çatılmış bir yetiməm.

                                Atılmış bir yetiməm....

 

 Talehinə əzəldən kimsəsizlik yazılan,

Qəbri sağkən qazılan,

Soğan kimi soyulub, soyanları ağladan,

Məzarına qoyulub, qoyanları ağladan,

Bir işğalçı dovlətin əsiri tək, qulu tək,

Hər uduzan ağanın uduzduğu pulu tək

Dünyanın qumarına qatılmış bir yetiməm.

                                Atılmış bir yetiməm...

 

Mənim ən böyük suçum, mənim yetimliyimdir.

Ömrümə, talehimə qənim yetimliyimdir.

Tuşlayıblar bu sözü üstümə silah kimi,

Gəzdirmişəm bu adı üstümdə günah kimi.

Boğazlarda ilişən tikə olubdur bu ad,

Mənə həyatım boyu ləkə olubdur bu ad.

Can yığışıb boğaza, qulaqlarım doyubdur,

Mən yetim olmamışam,

        məndən uzaqlaşanlar məni yetim qoyubdur...

Əlimdən tutmayıblar, əlim gödək olubdur,

Söz deyə bilməmişəm, dilim gödək olubdur.

Kim günah işləyibsə, mən olmuşam “səbəbkar”

Mən hamımın gözündə günahkaram,

                                               Günahkar !!!

Üstündə yetimliyi tutulmuş  bir yetiməm.

                        Atılmış bir yetiməm !!!

 

 

Dünya mənim evim deyil...

 

 Dünya mənim evim deyil,

 Evim olsa ağlamazdım.

 Dünya mənim evim deyil,

 Mən belə ev saxlamazdım!

 

 Dünya mənim evim deyil.

 Mən bir dərviş, mən bir qərib,

 Məni bu gidi dünyaya

 Səni göndərən göndərib.

 

 Dünya mənim evim deyil.

 Evim olsa yaşayardım,

Evim olsa mən köçəndə

 " Veş-vüşümü" daşıyardım!!!

 

Dünya mənim evim deyil,

...Təməl tökmək istəyirəm.

Mən burdakı qazancımla

Bir ev tikmək istəyirəm.

 

 Dünya mənim evim deyil,

 Mən deyiləm bura yiyə.

 Bu dünyanın öz yiyəsi

 Ã–zü burda qalmır, niyə?!

 

 

HAVAYI BİR ŞEYDİR.....

 

 Havayı bir şeydir, havayı bir şey

 Hər şey mənasızdır, eləcə boşdur.

 Kiməsə xoş gəlir pis bildiyimiz,

 Kimsə pis bildiyi bizlərə xoşdur.

 

 Havayı bir şeydir dünyada var da,

 Heç nəyin əsaslı təməli yoxdur.

 Sən özün yoxsansa bir gün dünyada,

 Bu gün var bildiyin deməli yoxdur.

 

 Havayı bir şeydir, havayı bir şey

 Üst-üstə arzular ucaltmağın da.

 Kiminsə yolunda ömür sərf edib,

 Ã–zünü boş yerə qocaltmağın da.

 

 Havayı bir şeydir, havayı bir şey

 Sevgi də, nifrət də, qəzəb də, kin də.

 Həqiqət Allahdır, həqiqət isə

 Tapmaz öz əksini hansısa dində!

 

 Axı nə fərqi var ağasan, qulsan,

 Cahilsən, abidsən, kafirsən, bütsən?..

 Havayı bir şeydir, havayı bir şey,

 Onsuz da torpağın altında lütsən!

 

 Havayı bir şeydir ölüb gedərkən

 Sənin ağlayanın oldu, olmadı -

 Kimsə yoxluğunu bildi, bilmədi,

 Adın bu dünyada qaldı, qalmadı.

 

 

 Baxıram,..

      baxıram görə bilmirəm

 Havayı şeylərdən savayı bir şey.

 Bu dünya, o dünya, o biri dünya...

 Havayı bir şeydir, havayı bir şey !!!

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO