Son günlərdə İran İslam Respublikasının xarici siyasətində ciddi yeniliklər müşahidə edilir. Belə ki, Tehran hökumətinin ardıcıl olaraq keçirdiyi görüşlərin müsbət nəticələr verməsi barədə ölkə mediasında xəbərlər dərc olunur.
Belə ki, sentyabrın 12-də İraqın baş naziri Mustafa əl-Kazımi İrana səfər edib. Bağdad rəsmisinin İran Prezidenti İbrahim Rəisi ilə görüşündən sonra təşkil olunan mətbuat konfransında iranlılar üçün İraqa səfər zamanı viza rejiminin ləğv olunduğu bildirilib.
Bundan əlavə, eyni gündə MAQATE nümayəndəsinin də İrana səfəri baş tutub. Belə ki, təşkilatın baş direktoru David Qrossinin İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ilə görüşündən sonra Tehranın nüvə obyektlərində MAQATE-nin müşahidə kameraları yerləşdirməsinə icazə verdiyi ictimaiyyətə açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev İran səfiri ilə görüşdü – NƏYİ MÜZAKİRƏ ETDİLƏR? - FOTO
Tehran üçün yeniliklər günü
Ümumilikdə, hər iki görüşdə əldə olunan razılaşmaların Tehranın son dönəmlərdə yeritdiyi xarici siyasətlə müəyyən uyğunsuzluq təşkil etdiyini söyləyə bilərik. Xüsusilə də atom enerjisi sahəsində İranın xeyli müddətdə sonra Qərbin tələblərini qulaqardına vurmamasını daha böyük yenilik kimi qəbul etmək olar.
Təbii ki, İranın siyasi xəttində bu cür yeniliklərə imza atacağını əvvəlcədən proqnozlaşdırmaq bir qədər çətin idi. Ələxsus da, İbrahim Rəisi kimi mühafizəkar görüşlərin daşıyıcı olan liderin ölkə prezidenti seçilməsini, eyni zamanda sonrakı dönəmdə İran rəsmilərinin Qərbə yönələn sərt bəyanatlarını diqqətdə saxladıqda, birdən-birə bu cür yumşalma dünya ictimaiyyəti üçün də gözlənilməz oldu.
Lakin görünən qədərilə, rəsmi Tehran ölkəyə yönələn sanksiyalar və blokada şəraiti ilə yaşamaqdan cana gəlib. Eyni zamanda iqtisadi vəziyyəti onsuzda ürəkaçan olmayan İrana pandemiya səbəbindən vurulan zərbəni də nəzərə alsaq, rəsmi Tehranın öz barışmaz mövqeyindən gec-tez müəyyən dərəcədə imtina edəcəyini ehtimal etmək olardı.
Ümumilikdə isə sadalanan hadisələrdən sonra, İranın regional siyasətində də müəyyən dəyişikliklərin baş verməsi ehtimalları yaranıb. Xüsusilə də, Cənubi Qafqazla bağlı.
Məlum olduğu kimi, uzun müddətdir İrandan Qarabağın ermənilər yaşayan hissəsinə ardı-arxası kəsilmədən naməlum və bəzi hallarda gizli formada TIR-ların getdiyi ilə bağlı əsaslı faktlar mövcud idi.
Lakin səbr kasası dolan Bakı Tehrana qarşı qonşuluq və dostluq mövqeyindən çıxış edərək xəbərdarlıq və notalar verməyin ciddi təsir gücünə malik olmadığını nəzərə alaraq, Gorus-Qafan yolunda nəzarət rejimi tətbiq etməyə başladı. Belə olan halda isə önəmli bir sual meydana çıxır:
Rəsmi Tehran Azərbaycana qarşı mövqeyindən imtina edə bilərmi?
Təbii ki, İranın istər 30 ilə yaxın davam edən Azərbaycan-Ermənistan münaqişə dönəmində, istərsə də post-müharibədövründə ermənilərə qarşı simpatiyasının olduğunu inkar edə bilmərik.
Lakin Tehranın Cənubi Qafqazda sərgilədiyi mövqeyindən imtina etməsi üçün bir sıra faktorlar mövcuddur:
1. İranın Bakı ilə olan əlaqələrinə də ciddi önəm verdiyi gerçəkliyini kənara atmaq olmaz. Çünki Azərbaycan İranın Şimala çıxışını təmin edəcək əsas ölkədir.
2. Azərbaycanın diplomatik dildən əlavə, praktikada da öz mövqeyini ortaya qoymasından Tehranın lazmi dərsi çıxaracağını ehtimal etmək olar.
3. İranda yaşayan 30 milyon soydaşımızın ziddinə gedərək, Ermənistana tərəf mövqe tutmaq Tehrana qarşı daxili narazılıqları daha da artıra bilər.
Ümumilikdə isə, bütün sadalananları və İranın son günlərdə xarici siyasət xəttini yenidən diqqətdən keçirməsini nəzərə alsaq, Tehranın İrəvan və Bakıya qarşı sərgilədiyi mövqeyində də müəyyən dəyişikliklərə gedəcəyini əvvəlcədən ehtimal etmək olar.
Murad Əhmədov, Bizim.Media