Cənubi Qafqaz geosiyasi toqquşmalar poliqonuna çevrilə bilər.
"Fransa prezidentinin Ermənistana səfəri nəzərdə tutulub və Paris açıq-aşkar postkonflikt vəziyyətinə keçmiş münaqişə vəziyyəti ilə bağlı qeyri-obyektiv mövqe sərgiləməkdədir.
Qərb dairələrinin hədəfi aydın görünməkdədir.
Bu ondan ibarətdir ki, Ermənistan regionda yenidən gərginlik yaratsın. Münaqişənin hələ davam etdiyi fonu formalaşdırılsın və bu zaman ABŞ ilə Fransanın istəyinə uyğun olaraq artıq tarixdə qalmış konfliktin tənzimlənməsi məsələsinin ATƏT-in Minsk Qrupu formatına qaytarılması üçün əsaslar yaranmış olar. Yəni, Qərb buna çalışır".
MÖVZU İLƏ BAĞLI:
Makron Ermənistana səfər edəcək
Bu sözləri Bizim.Media-ya açıqlamasında deyən millət vəkili Elşad Mirbəşiroğlu qeyd etdi ki, proseslərdə aktiv iştirak təşəbbüsünü Kreml ələ aldığı halda Ağ Ev və Paris Cənubi Qafqazda münaqişə üzərindən formalaşdırdıqları mövqelərini itirməkdədirlər. Bunun üçün isə onlar konfliktin bərpa olunmasında maraqlıdırlar:
"Hətta Makron Fransa hərbi hissələrinin sərhəd boyunca yerləşdirilməsi təşəbbüsü ilə də çıxış edir. Bu da Cənubi Qafqazda kəskin qarşıdurmalara gətirib çıxara bilər. Region geosiyasi toqquşmalar poliqonuna çevrilə bilər".
Deputat bildirdi ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin və gələcək əməkdaşlığın təmin olunması üçün addımlar atmaqdadır. Ermənistan isə davranışları ilə regional sülhü təmin etmək imkanlarını məhdudlaşdırır.
Xatırladaq ki, artıq bir neçə gündür Rusiya politoloqları da Makronun Ermənistana səfərini balanslaşdırılmamış siyasi addım kimi şərh edərək bunu diplomatik çərçivələrə sığmadığını yazırlar.
Rusiya siyasi çevrələri Fransanın bu hərəkətinin Cənubi Qafqazda stabilliyin pozulmasına xidmət etdiyini və Qərbin Moskva, eləcə də Ankaranın regionda söz sahibinə çevrilməsi ilə barışmadığının göstəricisi kimi qiymətləndirirlər.
Anar Rəhimov, Bizim.Media