“Ermənistan və Azərbaycan hələ sülh müqaviləsi imzalanmadan bir-birinə daha tolerant yanaşma imkanlarını müzakirə ediblər”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın “TVP World” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, tərəflər sənəd imzalanmadan öncə də beynəlxalq platformalarda əməkdaşlıq qura bilərlər.
Mirzoyan qeyd edib ki, hazırda Bakı müqavilənin imzalanması üçün bir sıra əvvəlcədən şərtlər irəli sürür. Buna baxmayaraq, müxtəlif təşəbbüslərlə mövqelərin yaxınlaşdırılması mümkündür.
Nazir hesab edir ki, sülh müqaviləsi hər iki ölkəyə bir-birinin dəmir yollarından istifadə imkanı verəcək, daha sonra isə avtomobil magistralları və digər infrastrukturun açılmasına yol açacaq. Onun sözlərinə görə, bütün razılaşmalar qarşılıqlı olacaq.
“Dəmir yolu əlaqəsindən danışsaq, ekspertlərin qiymətləndirməsinə görə, onun tikintisi, məsələn, ən azı iki il vaxt ala bilər. Amma biz, məsələn, Azərbaycan Respublikasının infrastrukturu və ərazisindən istifadə edərək, yükləri göndərib qəbul edə bilərik”, - Mirzoyan qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar.
Həmin gün Ermənistan və Azərbaycanın xarici işlər nazirləri həmçinin ATƏT-in Minsk qrupunun və ona bağlı strukturların fəaliyyətinə son qoyulması ilə bağlı birgə müraciət imzalayıb. Bundan əlavə, iki ölkənin XİN rəhbərləri gələcək sülh müqaviləsinin mətnini paraflayıblar.
Bizim.Media