Sentyabrın 13-də Rusiya Federasiyası Baş nazirin müavini Aleksey Overçuk İrəvana səfər edib. Səfər çərçivəsində o Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdən sonra isə Aleksey Overçuk mətbuata açıqlamasında bildirib ki, bu il Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 16 milyard dollar təşkil edə bilər:
“2024-cü ildə Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 14-16 milyard dollar arasında dəyişə bilər ki, bu da 2020-ci ilin müvafiq göstəricisindən (2,3 milyard dollar) altı dəfə çoxdur”.
Bu açıqlama sovetlər dövründəki məşhur lətifəni xatırlatdı:
MÖVZU İLƏ BAĞLI:
Qərb və Rusiyadan qarşlıqlı NÜVƏ TƏHDİDLƏRİ – Bəşəriyyət qiyamətə sürüklənir?
“Hər inəkdən ildə 2 baş bala”
Nəzərə alaq ki, bu ilin may ayının 8-də Moskvada Prezident Vladimir Putin baş nazir Nikol Paşinyanla görüşündə açıq şəkildə etiraf etmişdi ki, 2023-cü ildə Moskva ilə İrəvan arasında ticarət dövriyyəsi rekord həddə çatıb və 7 milyard dolları ötüb:
“2023-cü ilin yanvar-may aylarında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 86% artıb. Bir il əvvəl ölkələr arasında ticarət 5 milyard dollara çataraq rekord qırdı”.
İki ölkə arasında ticari əlaqələrin cəmi iki il ərzində 5-6 dəfə artması təbii ki, xeyli maraq doğurur. Maraqlıdır ki, Ermənistanın xarici ticarət dövriyyəsi əsasən 2022-ci ildən sonra sürətlə böyüyüb. Məsələn, 2022-ci ildə xarici ticarət dövriyyəsi 69 faizlə rekord artıma çatıb. 2023-cü ildə də bu artım davam edib. Ümumilikdə ötən il Ermənistanın ticarət dövriyyəsi 20,7 milyard ABŞ dollar olub. Bunun da 12,3 milyard ABŞ dolları idxalın, 8,4 milyard dollarsa ixracın payına düşüb.
Son üç ilin göstəricilərinə nəzər salsaq görərik ki, 2021-ci illə müqayisədə 2023-cü ildə Ermənistanın xarici ticarət dövriyyəsi 2,5 dəfə, idxal 2,3 dəfə, ixrac isə 2,8 dəfə artıb. Bu artımı diqqətlə araşdırdıqda süni təsirlərin əlamətini görmək olar. Ermənistanın xarici ticarətinin ölkələr baxımından strukturuna baxdıqda isə görərik ki, Rusiya ilə ticarət əlaqələri 2022-ci ildə 2 dəfə artıqdan sonra 2023-cü ildə Rusiya ilə ticarətdə 43 %-lik artım qeydə alınıb. 2023-cü ildə də əvvəlki ildə olduğu kimi Ermənistanın ticarət dövriyyəsinin üçdə birindən çoxu, yəni 35 %-i məhz Rusiyanın payına düşüb.
Ermənistanın dövlət büdcəsi necə formalaşır?
Nəzərə alaq ki, Ermənistanın dövlət büdcəsi əsasən xarici yardımlar hesabına formalaşır. Son 30 ildə yardımın əsas hissəsi Rusiyadan gəlib. Ancaq 2022-ci ildə Ukrayna ilə müharibə başlayandan sonra Rusiya Ermənistana yardımlarını azaltmaq məcburiyyətində qaldı.
Yeri gəlmişkən, hər ilin sentyabr-oktyabr aylarında Rusiyanın baş naziri və yaxud baş nazirin müavini İrəvana səfər edir. Bu səfərlər çərçivəsində Ermənistanın növbəti il üçün büdcəsi müzakirə edilir. Amma son 2 ildə bu səfərlər Ukrayna müharibəsi səbəbi ilə təxirə salındı. Bundan inciyən Paşinyan da yardım üçün Qərbə üz tutdu.
Lakin Qərb Ermənistana lazım olan yardımı vermədi. Ona görə də rəsmi İrəvan yenidən Moskvaya sığınmaq məcburiyyətində qaldı. Baş nazirin müavini Aleksey Overçuk yeni ilin büdcəsinin hazırlandığı bir zamanda İrəvana gəldi və tərəflər arasında müəyyən razılaşmalar oldu. Üstəlik, çox böyük vədlər verildi ki, bu il iki ölkə arasında ticarət dövriyyəsi 16 milyard dollara çatacaq.
İki ölkə arasında ticarət dövriyyəsi niyə bu qədər artdı?
Məlumdur ki, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Moskva da bu sanksiyalardan yayınmaq üçün üçüncü ölkə üzərindən öz məhsullarını Avropaya ötürür. Eləcə də, həmin ölkələr üzərindən öz zəruri ehtiyaclarını ödəyir. Həmin üçüncü ölkələrdən biri də Ermənistandır.
Əldə etdiyimiz məlumata görə, hazırda Ermənistan Rusiyadan böyük ölçüdə sənaye və qida məhsulları idxal edir. Daha sonra isə həmin malları Avropa və digər ölkələrə ixrac edir.
Təbii ki, bu prosesdən Qərbin də məlumatı var. Ermənistana birbaşa maliyyə yardımı verməkdənsə, Qərb bu üsulların tətbiqini daha məqbul sayır. Məsələn, Beynəlxalq Maliyyə İnstitutunun (IIF) sabiq baş iqtisadçısı Robin Bruks dəfələrlə bəyan edib ki, Ermənistan Rusiyaya sanksiyalardan kənar məhsulların ixracında kömək edir:
“Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqından Ermənistana ixrac 200% artıb. Bu məhsullar isə Ermənistandan tranzit kimi istifadə olunmaqla Rusiyaya gedir”.
Robin Bruksun sözlərinə görə, Qərb ölkələri öz məhsullarının Rusiyaya tədarükünü dörd tranzit ölkə vasitəsilə davam etdirir:
“Qərbdən Ukrayna ilə müharibə aparan Rusiyaya tədarük edilən mallar arasında hərbi sənaye kompleksində istifadə olunan ikili təyinatlı məhsullar da var. Rusiyaya məhsul tədarükündə Almaniya lider ölkədir. Berlin Qırğızıstan, Qazaxıstan, Gürcüstan və Ermənistandan tranzit kimi istifadə edərək Rusiyaya müxtəlif təyinatlı məhsullar göndərir. ABŞ məhsullarının Rusiyaya tədarükünü əsasən, Gürcüstan üzərindən həyata keçirir. İtaliya isə marşrut olaraq daha çox Qırğızıstan və Ermənistandan tranzit kimi yararlanır”.
Maraqlıdır ki, Rusiya ilə əlaqələr fonunda Ermənistanın digər tərəfdaşları ilə ticarət dövriyyəsi azalıb. Belə ki, 2023-cü ildə xarici ticarətdə Aİ-nin payı 13 faiz, Çinin payı 10 faiz, İranın payı isə cəmi 3,3 faiz səviyyəsində olub.
Bütün bu faktlarsa onu göstərir ki, Rusiya və Qərb Ermənistandan tranzit ölkə kimi faydalanır.
Üzdə Rusiyaya qarşı sanksiyalar olsa da, reallıqda Qərb və Moskva Ermənistan üzərindən ticarət əlaqələrini günbəgün genişləndirir.
Bir daha xatırladırıq ki, Ermənistanın xarici ticarət dövriyyəsi 2021-ci ildə 14,129 milyard dollar olduğu halda 2022-ci ildə birdən-birə 18, 2023-cü ildə isə 20,7 milyard dollar olub. Amma Overçuk bildirir ki, bu il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 16 milyarda dollara çatacaq. Bu da o deməkdir ki, Ermənistanın xarici ticarət dövriyyəsi kəskin şəkildə artacaq və bu dövriyyədə əsas pay sahibi Rusiya olacaq.
Bütün bu faktlar iki nəticəni ortaya çıxarır:
1. Qərbin ikiüzlülüyü. Üzdə Rusiyanı düşmən elan etmiş Qərb, pərdə arxasında Ermənistan üzərindən al-verdən əl çəkmir.
2. Rusiya və Qərbin Ermənistanı gücləndirmək üçün işbirliyi. Qərb-Rusiya ticarətinə kuratorluq edən Ermənistan təbii ki, bundan ciddi qazanc götürür. Yəni, həm Qərb, həm də Rusiya “örtülü bazar” kimi Ermənistanı seçməklə İrəvanın güclənməsinə də şərait yaradırlar...
Bizim.Media-nın Analitik qrupu