Paşinyanın konstitusiya SINAĞI – Ermənistan yeni daxili böhranla ÜZ-ÜZƏ

Paşinyanın konstitusiya SINAĞI – Ermənistan yeni daxili böhranla ÜZ-ÜZƏ

Hazırda oxunan: Paşinyanın konstitusiya SINAĞI – Ermənistan yeni daxili böhranla ÜZ-ÜZƏ

208627

Nikol Paşinyanın Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 34-cü ildönümü münasibətilə dərc olunmuş təbrik mətni erməni millətçi dairələrinin amansız hücumlarına səbəb olub.

Mətbuatın yazdığına görə, erməni millətçilərinin fikrincə, Paşinyanın müraciətində Müstəqillik Bəyannaməsi ilə hazırkı Ermənistan Konstitusiya arasında ziddiyyətlərin olmasının vurğulaması təsadüfi deyil. Belə ki, bu müraciət konstitusiyanın preambulasından bəyannaməyə istinadların çıxarılmasına zəmin hazırlamaq cəhdidir.

Erməni revanşistlərinin qəzəbinə Paşinyanın 1990-cı il avqustun 23-də qəbul edilmiş Bəyannamənin 5-ci maddəsinə əsasən silahlı qüvvələr, daxili qoşunlar, dövlət və ictimai təhlükəsizlik orqanları o vaxtkı Ermənistan SSR Ali Sovetinə tabe olması barədə dedikləri olub. Halbuki Ermənistanın hazırkı Konstitusiyasına görə onlar əvvəlcə ölkə prezidentinə, 2018-ci ilin aprelindən sonra isə hökumətə tabe olublar.

Qeyd edək ki, Ermənistanın mövcud Konstitusiyası Azərbaycanla sülhün əldə olunmasına əngəl yaradan əsas maneədir. Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistana “ilhaq edilməsi” məsələsi yer alıb

Paşinyanın konstitusiya ilə bağlı açıqlamaları isə revanşist qüvvələrin yenidən aktivləşməsinə səbəb olub. Belə ki, onlar Paşinyanın fikirlərinə etiraz edərək, konstitusiya dəyişikliklərinin yolverilməz olduğunu bildiriblər

Belə olan halda, Ermənistanda növbəti daxili böhranın yaşanması qaçılmaz görünür.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirir ki, Paşinyan Ermənisitanı xilas etmək və bunun çıxış yolunun Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçdiyini dərk etdiyi üçün Bakının haqlı tələbinə diqqət yetirmək məcburiyyətindədir:
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan böhran içərisindədir, əhalinin 70%-i reallıqla barışıb” - Vardanyan


“Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında mühüm şərtlərdən biri Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Məsələ ondadır ki, ermənilər qəbul etdikləri Müstəqillik Aktında Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə qoyublar. Digər tərəfdən, “Dağlıq Qarabağ Muxtar Vilayəti”ni Ermənistanın tərkib hissəsi kimi təqdim ediblər. Bu müddəalar Ermənistan Konstitusiyasının preampula hissəsində öz əksini tapıb. 

Ona görə də Paşinyan Ermənisitanı xilas etmək və bunun çıxış yolunun Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçdiyini dərk etdiyi üçün Bakının haqlı tələbinə diqqət yetirmək məcburiyyətindədir. Nə qədər həmin müddəa Ermənistan Konstitusiyasından çıxarılmayıb, istənilən sülh sazişinin bağlanmasının əhəmiyyəti yoxdur”. 

Konstitusiya dəyişdirilməsə...

Partiya sədri qeyd edir ki, bu məqamlar aradan qaldırılmadan Paşinyandan sonra hakimyyətə gələn istənilən iqtidar belə vəziyyətdə həmin kağız parçasını zibil qutusuna atıb, ona münasibətdə cinayət məsuliyyəti yarada və Azərbaycana qarşı yenidən ərazi iddialarını ortaya qoya bilər:

“Ona görə də Azərbaycanın bu istiqamətdə qoyduğu tələb obyektiv olmaqla yanaşı, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sülh və təhlükəsizliyin yaranmasına xidmət edən tələbdir. Paşinyanın Ermənistanı xilas etmək üçün atmaq niyyətində olduğu bu addım da erməni müxalifəti tərəfindən top-tüfənglə qarşılanıb. 

Bu da gözlənilən idi. 

Çünki revanşistlər Azərbaycanın 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrın 20-də 24 saatlıq antiterror əməliyyatında qazandığı qələbənin ağrılarını ciddi şəkildə yaşamaqda davam edirlər. Erməni revanşistləri ciddi psixoloji sarsıntı içindədir. Paşinyan isə əzilmiş cəmiyyəti, gələcəyi olmayan dövləti qoruyub saxlamağa çalışır. Bunun üçün də Azərbaycanın tələblərini yerinə yetirməyə məcburdur”. 

Həmsöhbətimiz deyir ki, bu reallığı qəbul etməyən müxalifətin Paşinyanı devirə biləcək real gücü yoxdur:

“Paşinyanın devrilməsinin yeganə açarı Rusiyanın əlindədir. Moskva Ermənistanın əldən getdiyini dərk etsə, nəinki təkcə Paşinyanı, bütövlükdə Ermənistanı cəzalandıracaq. Paşinyan isə Ermənistanı vəziyyətdən çıxarmaq üçün manevrlər edir. Buna nail olub-olmayacağını demək isə çətindir. Çünki Ermənistan üzərində nəhəng qüvvələrin geopolitik mübarizəsi gedir. Proses mürəkkəb müstəvi üzərində gedir. Azərbaycanın mövqeyi çox güclüdür. Ermənistanda istənilən qüvvə Azərbaycana qarşı təhdid yaradarsa, silahlı qüvvələrimiz bir daha öz sözünü deyəcək. Buna kimsənin şübhəsi olmasın”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO