Korotçenko: “Rusiya və İranın Ermənistana cavabı sərt olacaq” – MÜSAHİBƏ

Korotçenko: “Rusiya və İranın Ermənistana cavabı sərt olacaq” – MÜSAHİBƏ

Hazırda oxunan: Korotçenko: “Rusiya və İranın Ermənistana cavabı sərt olacaq” – MÜSAHİBƏ

203371

Son günlər regionda maraqlı hadisələr baş verir. İyulun 15-də başlanan ABŞ-Ermənistan hərbi təlimlərinə cavab olaraq Xəzər dənizində Rusiya-İran hərbi təlimləri start götürüb. Eyni zamanda, Qərb Ermənistana hərbi yardımlarının miqyasını daha da genişləndirir. Belə ki, Avropa Sülh Fondu Ermənistana 10 milyon avro həcmində hərbi yardım paketi ayırıb.

Bütün bunlar təbii ki, regionda gərginliyi daha da artırır.

Bəs hadisələrin sonrakı inkişafı necə olacaq?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını Xəzər (Rusiya) Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- İqor Yuriyeviç, iyulun 15-də başlanan Ermənistan-ABŞ birgə hərbi təlimləri bu gün başa çatır. Sizcə bu təlimlərin hədəfi nədir?

- Ermənistan-ABŞ birgə təlimlərinin sülhməramlı olduğu deyilsə də, bu əslində iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşməsinə xidmət edir. Bu məsələdə diqqət çəkən əsas məqam odur ki, ABŞ bu və digər adla öz hərbçilərini Ermənistana yerləşdirir.

Təsadüf deyil ki, bir müddət əvvəl Pentaqon bəyan etmişdi ki, ABŞ-Ermənistan hərbi əməkdaşlığını genişləndirmək üçün İrəvanda xüsusi nümayəndəlik açılacaq. Beləliklə də ABŞ-Ermənistan hərbi əməkdaşlığı möhkəmlənir. Hədəfsə odur ki, ABŞ regiona yerləşsin. Perspektiv planda isə Ermənistanın KTMT-dən çıxsın və bu ölkədə ABŞ-ın milli təhlükəsizlik xidmətinin elektron kəşfiyyat bölməsi yaradılsın. Sonrakı mərhələdə isə Ermənistanda Amerikanın hərbi bazası formalaşdırılsın. Bütün bunlar region üçün yaxşı heç nə vəd eləmir. Nə qədər ki, rəsmi İrəvan Qərbin siyasi aləti kimi davranacaq, bir o qədər də Cənubi Qafqazda gərginlik və müharibə təhlükəsi qalacaq.

- Belə çıxır ki, Qərb Cənubi Qafqazda yeni münaqişə ocağı hazırlayır…

- Əminliklə deyə bilərəm ki, ABŞ və Aİ Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir. Bunun də bir sıra səbəbləri var. Məlumdur ki, Cənubi Qafqaz unikal tranzit imkanlarına malikdir. Həm Qərb-Şərq, həm də Şimal-Cənub dəhlizi bu regiondan keçir. Amma Qərb Şimal-Cənub dəhlizinin inkişafında maraqlı deyil. Çünki Qərbin iqtisadi sanksiyalarından sığortalanmaq üçün Şimal-Cənub dəhlizi Rusiyaya çox lazımdır. Məhz bu səbəbə görə Qərb Ermənistanın əli ilə bu dəhlizin fəaliyyətini birdəfəlik sıradan çıxarmaq istəyir.

Təsadüfi deyil ki, Ermənistan Qərbin “troya atı” kimi Cənubi Qafqazda sabitliyin pozulmasına “töhfə” verəcək yeganə ölkədir. Unutmayaq ki, ABŞ digər regionlarda olduğu kimi Cənubi Qafqazda da bütün dəhlizləri öz nəzarətinə götürmək istəyir. Məhz Vaşinqtonun təzyiqlərinə görə Ermənistan 4 ildir ki, Zəngəzur dəhlizinin açılmasını əngəlləyir.

- Bu proseslər fonunda Rusiya və İran Xəzər dənizində 2 gün öncə birgə hərbi təlimlərə başladı. Sözügedən təlimlərin əsas məqsədi nədir?

- Xəzər dənizində baş tutan Rusiya-İrən birgə təlimləri öz növbəsində ABŞ-Ermənistan hərbi təlimlərinə bir cavabdır. Moskva və Tehran bununla açıq şəkildə ABŞ-a və onun Avropadakı müttəfiqlərinə mesaj verir ki, regionda kənar oyunçuların peyda olmasına laqeyd qalmayacaqlar. Moskva və Tehran bu təşəbbüslərə qarşı ən sərt şəkildə cavab verəcək.

- Amma, görünən odur ki, Qərb dayanmaq fikrində deyil. Avropa Sülh Fondu 2 gün əvvəl Ermənistana 10 milyonluq hərbi yardım göndərdi...

- Əlbəttə, Avropa Sülh Fondunun Ermənistana son hərbi dəstəyi göstərir ki, Qərb Ermənistanı silahlandırmağa davam edəcək. Nəzərə alaq ki, bundan bir az əvvəl Fransa Ermənistana müasir hərbi texnikaların tədarükünə başlayıb. Görünən odur ki, Fransa ilk növbədə Ermənistanın hava hücumundan müdafiəsinə nail olmaq istəyir. Yəqin ki, növbəti mərhələdə Ermənistana Fransa istehsalı olan zenit raket komplekslərinin ilk partiyası göndəriləcək. Eyni zamanda, hava məkanına nəzarət üçün radiolokasiya stansiyalarının quraşdırılması da perspektiv planlara daxildir. Bir sözlə, Qərbin hədəfi odur ki, Ermənistanda NATO hərbi sistemləri formalaşdırılsın.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO