Son günlər mütəmadi olaraq, Azərbaycan Müdafiə Nazirliyi həm Naxçıvan, həm də Kəlbəcər istiqamətində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayır. Maraqlı məqam isə ondan ibarətdir ki, Ermənistan tərəfi əvvəlcə sözügedən xəbərləri təkzib edirdi. Sonradan isə rəsmi İrəvan prosesin birgə araşdırılması ilə bağlı Bakıya müraciət etdi.
Ermənistan baş naziri Nikol Paşinyan bununla bağlı rəsmi Bakıya müraciətində bunları deyib:
“Sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün Bakıya təklif verməyə hazıram. Mövcud vəziyyət həllini tələb edir. Razılaşma olarsa, mexanizmi işə salmaq çətin deyil”.
MÖVZU İLƏ BAĞLI:
“Paşinyan bir addım irəli, iki addım geri atır” – Deputatların ŞƏRHİ
Maraqlı məqam isə atəş səsləri fonunda kövrək sülh dilənən İrəvanın sözügən mövzuda nə qədər səmimi olmasıdır. Bir tərəfdən Fransa ilə silah müqavilələri və atəşkəsin pozulması, digər tərəfdən isə sülh danışıqları...
Həqiqətənmi Ermənistan Baş nazirinin ordu üzərində nəzarəti yoxdur? Atəşkəsin pozulmasının pərdə arxası məqamlarını Bakı ilə araşdırmaq istəyində nə qədər səmimidir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan rus politoloqlar hesab edir ki, bu həm Paşinyanın növbəti oyunu, həm də çarəsizliyi ola bilər.
Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bildirib ki, ABŞ və Fransadan asılı olan Paşinyanın sözügedən təklifdə səmimi olmasını gözləmək lüzumsuzdur:
“Açığı, söhbət Azərbaycanı Ermənistan üçün faydalı olacaq hansısa birgə fəaliyyətə cəlb etməkdən gedir. Ona görə də, hesab edirəm ki, burada ilk növbədə Azərbaycanın dövlət strukturlarının müvafiq arqumentlərə əsaslanaraq, bunu etmək lazım olub-olmaması ilə bağlı Ermənistana tutarlı cavab verə biləcək mövqeyinə diqqət yetirmək lazımdır.
Nəzərə alsaq ki, Paşinyanın arxasında Fransa və ABŞ, eləcə də təxribat xarakterli kəşfiyyat fəaliyyəti ilə məşğul olan Avropa Birliyinin müşahidə missiyası dayanır, Paşinyanın Azərbaycana təkliflərinin Qərbin böyük geosiyasi oyununun tərkib hissəsi ola biləcəyi göz qabağındadır. Əlbəttə ki, əsl niyyətlər arxasınca getmək yerinə, tamamilə fərqli problemləri həll etmək taktikasını seçiblər. Ordu Paşinyanın bütün əmrlərini yerinə yetirir, ona görə də generallar daxili siyasi böhranlara qarışmayıb”, - deyə İ.Korotçenko qeyd edib.
“Paşinyan siyasi böhran içərisindədir”
Avrasiya Problemləri Monitorinq Mərkəzinin (Rusiya) direktoru Aslan Rubayev isə Paşinyan həm səmimi, həm də qeyri-səmimi ola biləcəyini qeyd edib.
“Paşinyanın gücsüzlüyü, onun ordu üzərində tam hakimiyyətini bərpa edə bilməməsi atəşkəsdən xəbərsiz olduğunu qismən təsdiqləyir. Hazırda Ermənistanın siyasi institutları çox xaotik nizam içindədir. Xüsusilə göz qabağındadır ki, itirilmiş müharibədən sonra Müdafiə Nazirliyinin rəhbərliyi arasında Paşinyanın özünə qarşı böyük iddialar var. Onun tamamilə ardıcıl olmayan xarici və daxili siyasətinin mənbəyi budur.
Paşinyan indi çox çətin siyasi böhran içindədir, çünki onun heç kimə dəstək nöqtəsi yoxdur. Onun hazırkı gücü yalnız Amerika Birləşmiş Ştatlarının və regionda sabitliyi pozmaq məqsədi ilə onu hakimiyyətə gətirən kollektiv Qərbin üzərindədir.
Həmçinin Qərbin istəklərini yerinə yetirən Paşinyan sülh pərdəsi arxasında münaqişəni davam etdirməkdə maraqlı ola bilər.
“Bir tərəfdən Azərbaycanı Paşinyan özü təxribat çəkə bilər. Çünki o, regionda sabitliyi pozmalıdır, çünki Amerika Birləşmiş Ştatları bunu istəyir. Digər tərəfdən, Azərbaycan Paşinyandan yan keçərək, Ermənistan silahlı qüvvələri arasında revanş arzusunda olan və itirilmiş ərazilərini nəzarətə qaytarmaq istəyən mühafizəkar elektorat tərəfindən hərbi əməliyyatlara və revanşist əhval-ruhiyyəyə təhrik ediləcək.
Belə olan halda vəziyyət təşviş doğurur. Azərbaycan israrlı olmalı və başa düşməlidir ki, Ermənistandakı müxtəlif dairələr Azərbaycanı təxribata çəkəcək. Belə olan halda kollektiv Qərbdən təzyiqlər gələ bilər. Amma mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi kimi, onu qorumağı da bacaracaq. Bu vəziyyətdən də Azərbaycan qalib çıxacaq, çünki ədalət və həqiqət Azərbaycanın tərəfindədir”, - deyə A.Rubayev əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media