Korotçenko: “Moskva səfəri Paşinyanın son şansıdır, əgər fürsəti qaçırsa...” – ÖZƏL 

Korotçenko: “Moskva səfəri Paşinyanın son şansıdır, əgər fürsəti qaçırsa...” – ÖZƏL 

Hazırda oxunan: Korotçenko: “Moskva səfəri Paşinyanın son şansıdır, əgər fürsəti qaçırsa...” – ÖZƏL 

191049

“Ermənistan-Rusiya münasibətləri müasir tariximizin ən pis dönəmini yaşayır. Təbii ki, münasibətlərin bu qədər korlanmasında əsas səbəb Ermənistanın dostluğa sığmayan, hətta deyərdim ki, düşməncəsinə apardığı anti-Rusiya kampaniyasıdır. Belə bir vəziyyətdə erməni baş nazirin Moskvaya səfəri çox maraqlı görünür. Bu səfər bəlkədə münasibətlərin aydınlaşdırılmasında və Rusiya əleyhdarı qüvvələrin Ermənistana gətirilməsi təşəbbüslərinin qarşısının alınmasında sonuncu şansdır”. 

Bu fikirləri Nikol Paşinyanın bu gün baş tutacaq Moskva səfərini Bizim.Media üçün şərh edən Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko deyib. 

O bildirib ki,  Putinlə Paşinyan artıq xeyli müddətdir ki, görüşmürlər:

“İki liderin sonuncu görüşü 2023-cü ilin dekabrında olub. Amma nəzərə alaq ki, Paşinyan Moskvaya rəsmi dəvət edilməyib. O sadəcə Avrasiya İqtisadi İttifaqının yubiley tədbirində iştirak üçün gəlir. Üstəlik, Ermənistan hazırda Aİİ-ə sədrlik edir. Ona görə də Paşinyan protokol qaydalarına əsasən öz vəzifəsini icra etməyə gəlir. 

Amma bu səfər çərçivəsində Paşinyanın Rusiya lideri ilə təkbətək görüşü də planlaşdırılır. Bu görüşdə isə müzakirə ediləsi çox məsələ var. Yəqin ki, Putin bu görüşdə daha əsaslı arqumentlərlə Paşinyanı başa salacaq ki, Ermənistanın apardığı anti-Rusiya kampaniyası hər iki tərəfə çox böyük zərər verir. 

Hesab edirəm ki, bu görüş pozitiv əhval-ruhiyyədə olacaq. Ən başlıcası isə Ermənistan nəhayət başa düşməlidir ki, onların götürdüyü Qərbə meyillənmək siyasəti ölkəyə heç bir iqtisadi və siyasi dividend gətirmir. Əksinə, bu təşəbbüslər Ermənistanın mövcud durumunun və onun xarici iqtisadi əlaqələrinin pisləşməsinə təkan verir”. 

İqor Korotçenko onu da qeyd edib ki, Paşinyan bir ay öncə Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşündə iştirak edib:

“Həmin görüşdə Paşinyana vəd olunmuşdu ki, Ermənistanın təhlükəsizliyi üçün müəyyən hərbi yardımlar ediləcək. Hətta Ermənistanın gələcəkdə Aİ üzvlüyünə namizədlik məsələsinə də baxıla bilər. Baxmayaraq ki, 1999-cu ildə Aİ bu namizədliyi Gürcüstana da verib. Amma ötən 25 ildə ortada heç nə yoxdur. 

Çox təəssüf ki, Qərb həmişə olduğu kimi bu dəfə də səmimi deyil. ABŞ və Aİ Cənubi Qafqazda sabitliyi pozmaq üçün Ermənistandan alət kimi istifadə edir. Hədəf odur ki, Ermənistanı silahlandırmaqla Azərbaycana və digər müttəfiqlərinə qarşı yeni cəbhə açılsın. 

Burada əsas hədəflərdən biri də Ermənistanı KTMT-dən çıxartmaqdır. Ona görə də bugünkü görüşlər ola bilsin ki, Rusiya ilə Ermənistanın, eləcə də Ermənistanla digər müttəfiqlərin arasında münasibətlərin normallaşdırılması üçün son şans olsun. Əgər bu şans bu dəfə də qaçırılsa, onda yəqin ki, Moskva ilə İrəvan arasında münasibətlər geri dönüşü olmayan bir məcraya yönələcək”.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO