Qazaxla sərhəddəki “yanğın”ın alovu bütün Ermənistanı BÜRÜYƏCƏK? – TƏHLİL

Qazaxla sərhəddəki “yanğın”ın alovu bütün Ermənistanı BÜRÜYƏCƏK? – TƏHLİL

Hazırda oxunan: Qazaxla sərhəddəki “yanğın”ın alovu bütün Ermənistanı BÜRÜYƏCƏK? – TƏHLİL

190035

Xəbər verdiyimiz kimi aprelin 19-da Ermənistan və Azərbaycanın sərhəd demarkasiyası komissiyaları Tavuş-Qazax rayonları istiqamətində sərhəd demarkasiyasına başlamaq barədə razılığa gəliblər. Razılığa əsasən sərhədin demarkasiyası 4 may 2024-cü ilə qədər başa çatdırılmalıdır.

Bundan başqa iyulun 1-i sülh müqaviləsinin əsasını təşkil edən təsviri protokolun tərtib edilməsi üçün son tarixdir. Göründüyü kimi ilk dəfə Azərbaycanla Ermənistan sülhə bu qədər yaxındır. Əgər proseslər razılaşdırılmış qrafikə uyğun getsə, yəqin ki, yaxın aylarda sülh sazişi masaya qoyulacaq.

Bəs kimlər bu prosesi dayandırmaq istəyir?

Ermənistanın daxilində və xaricində olan bəzi qüvvələr 19 aprel razılaşmasına qarşı birləşiblər. Təsadüfi deyil ki, artıq neçə gündür Tavuş bölgəsində gərginlik davam edir. Ötən günsə Ermənistanda etirazçılar Spitak-Gümrü avtomobil yolunu bağlayıblar. Göründüyü ki, təxribatçı qüvvələr hər vasitə ilə razılaşmanı pozmağa və münaqişə törətməyə çalışır.

Bölgədəki etirazlara İrəvandan dəstək verənlər də çoxdur. Məsələn, Ermənistan parlamentinin sədr müavini, fövqəladə və səlahiyyətli səfir Ara Saakyan deyir ki, Qərb nəyin bahasına olursa-olsun Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və İranın Ermənistandakı təsirini neytrallaşdırmaq istəyir:

“Aydındır ki, Tavuşda sərhədin delimitasiyası Qərb ssenarisidir, çünki belə dövlətlər öz bəyanatları ilə prosesi dəstəkləyirlər. Qərbin alçaqlığı ondadır ki, onlar heç bir ölkədə belə qeyri-insani, ürəksiz şəkildə münaqişəyə getməzdilər, amma Ermənistan kimi kiçik bir ölkəyə bunu etdilər. Dövlətimizə və erməni diasporuna hörmət yoxdur”.

Başqa bir erməni siyasətçi Qohar Meloyansa deyir ki, əgər hökumət öz vətəndaşlarının təhlükəsizliyinə təminat verə bilməyəcəyini bəyan edərsə, o zaman həmin hökumət hakimiyyətdə qala bilməz:

“Hökumət Tavuşda başlayan prosesin irəliləməsi üçün beynəlxalq hüquqa müraciət etməyə, Ermənistan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə buranın erməni əraziləri olmadığını sübut etməyə çalışır”.

Başqa bir erməni, Tavuş Yeparxiyasının rəhbəri Baqrat Srbazansa daha irəli gedib. O Tavuşda “həqiqət uğrunda mübarizə aparmaq”la çox həyəcanlı günlər yaşadıqlarını deyir:

“Həqiqət naminə çarmıxa çəkilməkdən və onu ən böyük şərəf kimi qəbul etməkdən başqa bir şey yoxdur. Hər kəs belə düşünməlidir”.

Göründüyü kimi Tavuşda gərginlik kifayət qədər yüksəkdir. Ən pisi də odur ki, orada bir xaos var. Proseslərin kimlər tərəfindən idarə edildiyini ayırd etmək çox çətindir. Etirazçıların arasında siyasətçi də var, dövlət məmuru da, keşiş də. Bir maraqlı məqamsa odur ki, etirazçılar təkcə Paşinyanı yox, həm də Qərbi və Rusiyanı da tənqid edirlər. Bu da vəziyyətin rəngini xeyli tündləşdirir. Bu əsl xaos timsalıdır.

Bəs bu xaos bütün Ermənistana yayıla bilərmi?

İndiki məqamda bu o qədər də real görünmür. Çünki mərkəzi hakimiyyət qərarında kifayət qədər qəti görünür. Bundan əlavə yerli polis qüvvələri etirazçılara qarşı çox qətiyyətli görünür. Bu da onunla bağlıdır ki, Ermənistan polisi Paşinyan hökumətinə Ermənistan ordusundan daha çox sadiqdir. Ona görə də polis təxribatların qarşısını almaqda daha qətiyyətlidir.

Lakin burada iki əsas məqam var: Qərb və Rusiyanın iğtişaşların Ermənistana yayılma istəyi. Doğrudur, Paşinyan hökuməti ilə soyuq müharibə yaşayan rəsmi Moskva bu məsələdə bir qədər maraqlı tərəf kimi görünür.

Bəlkə də Paşinyanın hakimiyyətdən devrilməsi üçün bu unikal imkan ola bilər. Amma bu gün Rusiyanın Ermənistanda stavka etdiyi konkret siyasətçi yoxdur. Həm Robert Köçəryan, həm də Serj Sarkisyan rusların kadrı olsa da, onlar artıq öz dövrlərini başa vurub. Ən əsası onların Ermənistanda kifayət qədər elektoratı yoxdur. İndiki məqamda Rusiya daha çox seyirçi mövqedən çıxış etməyə üstünlük verir. Ona görə də Rusiya iğtişaşların Ermənistana yayılmasında heç də maraqlı deyil.

Qərb də bu məsələdə maraqsızdır.

Pisiylə, yaxşısıyla Paşinyan Qərbin adamıdır. O, son 35 ildə Qərbin Ermənistana bu qədər təsir imkanı olmayıb. Bu imkanın yaradılmasında digər faktorlarla yanaşı Paşinyanın da müəyyən rolu var. Ona görə də Qərb Ermənistanda vətəndaş müharibəsinin olmasında o qədər də maraqlı deyil. Əksinə, Qərb istəyir ki, Paşinyanın mövqeyi daha da möhkəmlənsin.

Amma Qərb onun iştirakı olmadan demarkasiya prosesinin və danışıqların olmasından narazıdır. Bəlkə də bu iğtişaşla Qərb Paşinyana sadəcə öz yerini xatırlatmaq istəyir. Çətin ki, Qərb indiki halda bundan artığını istəyə.

Bütün bunlarsa o deməkdir ki, Tavuşda baş verən iğtişaşlar yaxın günlərdə səngiyəcək. Paşinyan və onun komandasının bəzi addımları da bunun olacağı əminliyini yaradır.

Təsadüfi deyil ki, erməni baş nazir son 20 gündə iki dəfə Tavuşa gəlib. Yerli sakinlərlə özü danışıqlar aparıb.

Bəlkə də, ona görə də yerli sakinlər etirazçılara təsadüfi hallarda qoşulur. Etirazçılar əsasən Ermənistanın müxtəlif bölgələrindən gələn anti-Paşinyançılardır. Onlarınsa günlərlə İrəvan-Lars yolunda yatacaqları inandırıcı kimi görünmür. Yaxın bir həftədə hadisələr dinc axarına düşəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO