5 aprel tarixi yaxınlaşdıqca, həmin gün keçiriləcək görüşlə bağlı müzakirələr daha da artır. Söhbət Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında baş tutacaq görüşdən gedir.
Sözügedən görüşlə bağlı əsas diqqətçəkən məqam isə Ermənistanın ABŞ və Aİ ilə təhlükəsizlik paktını imzalaması məsələsidir. Doğrudur, Qərb rəsmiləri hər vəchlə bu məsələni gizlətməyə, görüşdə iqtisadi yardım məsələsinin prioritet olacağını ön plana çıxarmağa cəhd göstərirlər.
Yüz sözdənsə, bir əməl daha üstündür
Qərb nə qədər əsas məqsədini bəyanatlarla gizlətməyə çalışsa da, regionda gedən proseslər məsələnin iç üzünü daha yaxşı görməyə imkan verir. Belə ki, 5 aprel görüşünün anonsu veriləndən etibarən Ermənistanda siyasi dəyişikliklər nəzərə çarpır. Ermənistan rəsmiləri Rusiyaya qarşı ritorikanı daha da sərtləşdirib, Qərb sevdalarını açıq şəkildə göstərməyə başlayıblar. Ən əsası Rusiya sərhədçilərinin və hərbi bazasının Ermənistandan çıxarılması və NATO qüvvələrinin onların yerini tutması məsələsi artıq İrəvanın əsas gündəm mövzusuna çevrilib.
Üstəlik, Ermənistanda hərbi aktivlik də son günlərdə artmağa başlayıb. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun sərhədboyu istehkamlar qurduğu ilə bağlı görüntüləri rəsmi olaraq dərc edib. Bundan əlavə, ermənilər aprelin 2-də Naxçıvan istiqamətində atəşkəsi pozmaqla uzun müddətdir davam edən sükutu da pozdular.
Təbii ki, Ermənistanın bu cür vəziyyət yaratmaqda əsas məqsədi regionda gərginliyin olduğunu nümayiş etdirməklə, ABŞ və Aİ-nin təhlükəsizlik zəmanətinin önəmini göstərməkdir.
Məqsəd təhlükəsizlik kimi görünsə də, daha böyük təhlükə gözlənilir...
Çünki Ermənistanın hazırda getdiyi yol, Ukraynanın müharibədən əvvəlki siyasətini xatırladır. Rəsmi Kiyev bütün qüvvəsi ilə Rusiyadan uzaqlaşıb, Qərbi Ukraynada əsas söz sahibinə çevirməyə çalışdı və məqsədinə böyük ölçüdə çatdı. Ancaq Rusiya bunu xəyanət kimi qəbul etdi və bağışlamadı. Nəticədə 2022-ci ilin fevralından başlayan müharibə bu gün də davam edir. Ukrayna isə gün keçdikcə daha ağır itkilərə, dağıntılara məruz qalır.
Oxşar təcrübəni Saakaşvili dönəmində Gürcüstan da yaşamışdı. Qərbə bel bağlayıb, savaşa başlayan Gürcüstan sonradan Rusiya qarşısında yalnız buraxıldı. Nəticə isə hər birimizə məlumdur.
Hazırda Ermənistandakı durum məhz qeyd etdiyimiz nümunələri xatırladır. Bir də unutmayaq ki, tarix hər zaman təkrar olunur. Yəni, bu dəfə də fərqli olmayacaq. Çünki Qərbin əvvəlki dövrlərdən fərqli olaraq indi verdiyi sözü tutacağına inanmaq sadəlövhlük olar. Eynilə Rusiyanın xəyanəti bağışlamasını gözləmək kimi...
Ermənistanı gözləyən acı sonluq
Ermənistan hazırda regionun zəif bəndidir. Onun NATO-ya arxalanıb güclənmək cəhdləri isə əbəsdir. Çünki regional güclər bunu sakit qəbul etməyəcəklər. Nə də Azərbaycan Ermənistanın yenidən qüvvə toplayıb, münaqişə ocağını alovlandırmasına imkan verməyəcək.
Digər tərəfdən, beynəlxalq geosiyasi vəziyyət də İrəvan üçün yaxşı heç nə vəd etmir. Xüsusilə də, ABŞ-da demokratların mövqeyinin zəifləməsi və Trampın hakimiyyətə gəlmək ehtimallarının artması fonunda Ağ Evin Cənubi Qafqaz siyasətində dəyişikliklərin olacağı qaçılmazdır. Çünki Tramp hakimiyyəti üçün hər zaman prioritet ABŞ-ın daxili işləri və iqtisadiyyatı olub. Yəni, Tramp Ağ Evi görən kimi, Ermənistan yaddan çıxacaq.
Belə olan halda...
Bu durumda Ermənistan xəyanət etdiyi qüvvələrə cavab verməli olacaq. Paşinyanın isə verəcək cavabı, təbii ki, yoxdur. Belə vəziyyətdə Ermənistan üçün xaos ssenarisinin reallaşması qaçılmaz görünür. Yerləşdiyi coğrafi mövqeyi də nəzərə alsaq, Ermənistanın terror mərkəzinə, narkotrafikin cəmləşdiyi məkana çevrilməsi qaçılmazdır.
Görünən qədərilə, nə ABŞ və Aİ, nə də Ermənistan bu reallığı nəzərə almaq niyyətində deyil. Çünki tərəflər hər vəchlə Brüssel görüşü ilə bağlı reallıqları pərdələməkdə və öz bildikləri yola davam etməkdə israrlı görünürlər.
Belə görünür ki, 5 aprel Ermənistan üçün xaos erasının başlanğıc günü kimi tarixə düşəcək...
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Region
11:30 / 04.04.2024
Ermənistanda xaos erası BAŞLAYIR – 5 aprel görüşü İrəvanı hansı fəlakətlərə SÜRÜKLƏYƏCƏK?
Hazırda oxunan: Ermənistanda xaos erası BAŞLAYIR – 5 aprel görüşü İrəvanı hansı fəlakətlərə SÜRÜKLƏYƏCƏK?
Hazırda oxunan: Ermənistanda xaos erası BAŞLAYIR – 5 aprel görüşü İrəvanı hansı fəlakətlərə SÜRÜKLƏYƏCƏK?
185594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.