ABŞ iqtisadiyyatı defolt vəziyyətdədir. Avropa İttifaqı isə mövcud olduğu 25 ildə ən ağır iqtisadi dönəmini yaşayır. Bu isə o deməkdir ki, Qərbin planları düzgün işləmir. Xüsusən də Rusiya ilə bağlı Qərbin planı iflasa uğradı. Məlumdur ki, son 30 ildə ABŞ və bəzi Avropa dövlətləri ərəb ölkələrində törədilən rəngli inqilablar, dövlət çevrilişləri və vətəndaş müharibələri nəticəsində büdcələrində yaranmış kəsirləri ödəyirdi.
Amma Yaxın Şərqi talan edəndən sonra Qərb üzünü Şərqi Avropaya tutdu. Budəfəki hədəf Ukrayna və Rusiya idi. Qərb bu iki qardaş ölkənin birini şirin vədlərlə, digərini isə təhdidlə yola gətirib, iqtisadi imkanlarını istismar etmək istədi.
Ukraynada Qərb istədiyinə nail oldu.
Bu gün Ukrayna faktiki olaraq Qərb tərəfindən idarə olunur. Bu idarəçilik ən xırda sahələrə qədər gedib çıxır. Məsələn, bu gün Ukraynadan çox ucuz qiymətə alınan kənd təsərrüfatı və sənaye malları Avropa ölkələrinin piştaxtalarını bəzəyir. Bu da əhalinin gündəlik ehtiyaclarını sərfəli qiymətlərlə ödəyir və sosial narazılıqların qarşısını alır.
Bununla belə Ukraynadan gələn ucuz məhsullar Avropa ölkələrindəki istehsalçıların əl-qolunu bağlayır. Bir sözlə, Ukraynanın ixracı Avropadakı sahibkarlara və fermerlərə ciddi şəkildə ziyan vurur. Təsadüfi deyil ki, Avropa dövlətlərində 2 ildir ki, fermerlərin və kiçik sahibkarların etirazları dayanmır. Amma əhalinin gündəlik tələbatını ödəmək və sosial partlayışın qarşısını almaq üçün Qərb yerli istehsalçıların haqlı tələblərinə məhəl qoymur.
Qərb Rusiyadan istədiklərini ala bilmədi
Ukraynadan fərqli olaraq Qərb Rusiyadan gözləntilərini ala bilmədi. ABŞ və Aİ elə zənn edirdi ki, Rusiyanı Ukraynadakı müharibəyə cəlb etməklə bu ölkənin sonunu gətirəcək. Ən azından Putinin gedişinə nail olacaq. Onun yerinə gətirilən “Qərbyönümlü” president isə Rusiyanın ucsuz-bucaqsız iqtisadi imkanlarını Qərbin ayaqları altına atacaq.
Amma bu baş vermədi. Nə müharibə, nə də sanksiyalar Rusiyanı və hətta Putinin sonunu gətirmədi. Nəticədə, son iki ildə Qərb çox böyük iqtisadi itkilərə məruz qaldı. Hazırda istənilən Aİ dövlətində çox böyük həcmdə büdcə kəsiri mövcuddur.
Qərb yeni “bazar” axtarır.
Ukraynanı məhvə sürükləyən, amma Rusiyaya “diş batıra” bilməyən Qərb düşdüyü iqtisadi labirintdən xilas olmaq üçün yeni planlar qurur. Həmin planların icra coğrafiyası isə postsovet ölkələridir. Nəzərə alaq ki, bir neçə ay qabaq Aİ Ukrayna, Moldava və Gürcüstana “muştuluq” verdi ki, özünüzü yaxşı aparsanız 2030-cu ildə Aİ üzvü ola bilərsiniz.
Bunun hesabına da Qərb Moldova və Gürcüstanı regional əməkdaşlıqdan çəkindirdi. Hazırda nə Moldava, nə də ki, Gürcüstan regional əməkdaşlığa o qədər də maraq göstərmir. Ancaq Qərbin göstərişləri ilə hərəkət edirlər.
Bununla eyni vaxtda Qərb Ermənistana daha böyük vədlər verməyə başladı. Doğrudur, Qərb Ermənistana NATO və Aİ üzvlüyü vəd etmədi, ancaq ona daha konkret təkliflər etdi. Yəni Ermənistan Qərbin Cənubi Qafqaza soxulmasına dəstəkçi olsa, onda həm Paşinyanın siyasi hakimiyyəti toxunulmaz qalacaq, həm də Ermənistanın büdcə kəsirləri Qərbin maddi yardımları ilə aradan qaldırılacaq.
Qərbin təklifləri Paşinyan iqtidarı üçün olduqca cəlbedici idi.
Çünki o özünü onsuz da Qərbin “adamı” hesab edir və bilir ki, Rusiya onun siyasi hakimiyyətinin legitimliyini üzdə tanısa da, reallıqda onu dəstəkləmir. Üstəlik, Ukrayna müharibəsindən sonra Rusiya Ermənistana maddi yardımları dayandırdı. Bunu fürsət bilən Paşinyan Qərbin şirnikləndirici təkliflərinə boyun əydi və Qərbdən perspektiv üçün yox, cari məsələlər üçün kömək istədi.
Yəni Paşinyanın hazırda Ermənistanın NATO və Aİ üzvlüyünə namizədlik kimi bir iddiası yoxdur. Erməni baş nazirin tək istəyi siyasi hakimiyyətini qorumaqdır. Bundan başqa Qərbin yardımları hesabına dövlət büdcəsini ayaqda saxlamaq Paşinyan üçün prioritetdir. Bu iki xahişi qarşısında Paşinyan Qərbin istənilən təklifinə hazır olduğunu bildirdi.
Bundan sonra Qərb Cənubi Qafqazı böyük ölçüdə özünün təsir dairəsinə salmaq üçün hərəkətə keçdi. Paşinyan əvvəlcə ABŞ-ın hərbi laboratoriyalarının Ermənistanda fəaliyyətinə “yaşıl işıq” yandırdı. Daha sonra ABŞ, Fransa hərbçilərinin Ermənistanda yuva salmasına qapı açdı. Bunun ardınca isə Aİ müşahidəçi missiyasının Ermənistana gəlişinə “ok” verdi.
Lakin Qərb bunlarla kifayətlənmək istəmir.
Cənubi Qafqaza yerləşmək və regionun idarəçiliyin əlinə keçirtmək istəyən Qərb Gürcüstanla paralel Ermənistana da basqılarını artırır. Qərbin istəklərini öz şəxsi maraqları üçün istifadə etməyə çalışan Paşinyan iki təklif irəli sürüb. Həmin təkliflərin birincisi onun hakimiyyət toxunulmazlığı, ikincisi isə iqtisadi dəstəkdir.
Əvəzində isə Paşinyan nəinki Azərbaycana, hətta Rusiya və İrana qarşı cəhbə açacağına da boyun olub. Təsadüfi deyil ki, son vaxtlar Cənubi Qafqazda gərginlik xeyli artıb. İlk baxışdan nisbi sakitlik görünsə də, Cənubi Qafqaz hər an partlamağa hazır bombaya çevrilib. Paşinyanın destruktiv və uzaqgörməyən siyasəti hesabına region hər an qanlı müharibə ocağına çevrilə bilər.
Öz ölkəsində Rusiyanın hərbi bazalarını saxlayan və KTMT kimi hərbi bloka üzvlük edən Ermənistan ABŞ və digər NATO dövlətlərini öz ölkəsinə gətirir. Bu gəlişi rəsmiləşdirmək üçün aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə görüş keçiriləcək. Hətta bu görüşdən sonra üçtərəfli paktın imzalanacağı da gözlənilir.
Rəsmi İrəvan bu paktın məqsədinin Ermənistanın Avropa İttifaqı və ABŞ ilə qarşılıqlı əlaqələrini dərinləşdirmək olduğunu bildirsə də əslində bu Qərbin Cənubi Qafqaza soxulması layihəsinin bir parçasıdır. Qərbsə Ermənistana xoş məramla gəlmir. Qərbin məqsədi odur ki, bölgədəki siyasi-iqtisadi sabitliyi pozsun bu coğrafiyada prosesləri özləri yönləndirsinlər. Bu isə region dövlətlərinin siyasi-iqtisadi maraqları ilə daban-dabana ziddiyyət təşkil edir. Üstəlik, regionun təhlükəsizliyinə ciddi təhdid yaradır.
Bir sözlə, Ermənistan “odla oynayır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
13:00 / 28.03.2024
Təhlükəsizlik, yoxsa təhlükə PAKTI? – TƏHLİL
Hazırda oxunan: Təhlükəsizlik, yoxsa təhlükə PAKTI? – TƏHLİL
Hazırda oxunan: Təhlükəsizlik, yoxsa təhlükə PAKTI? – TƏHLİL
184545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.