Ermənilər tərəfindən işğal olunaraq yandırılan Bağanis Ayrım kəndi Ermənistanın Qazax rayonunda işğalçılıq siyasətinin ilk qurbanlarından biri olub. Bağanis Ayrım İcevan-Noyemberyan avtomobil yolunun kənarında yerləşir, Ermənistan rahat gediş-gəlişi təmin etmək üçün kəndin işğalı üçün xüsusi plan hazırlayıb.
Bizim.Media xəbər verir ki, 1990-cı il martın 24-də gecə saat 3 radələrində Ermənistan Respublikasının Noyemberyan rayonunun Bağanis kəndinin bir qrup silahlı erməni sakini Qazax rayonunun Bağanıs-Ayrım kəndini iriçaplı silahlardan, pulemyotlardan və qumbaraatanlardan. intensiv atəşə tutub.
Təxminən saat 08:00 radələrində müxtəlif avtomaşınlarla (“Ural”, “UAZ”, “Kamaz”, “Qaz-53”) kəndə daxil olaraq evlərə və küçədə olan kənd sakinlərinə atəş açıblar.
Silahsız yerli sakinlər qonşu kəndlərə və meşələrə qaçmalı olublar. Erməni qəsbkarları onların evlərini qarət etməyə, qaçan sakinləri təqib edərək diri-diri yandırmağa başlayıblar. Yeddi kənd sakini ağır işgəncələrə məruz qalaraq yandırılıb Yananlardan ən kiçiyi 39 günlük körpə, ən böyüyü 75 yaşlı Dadaş Əsliyevdir. Daha 2 nəfər güllələnib. Bu faciə zamanı 100 evdən 17-si yandırılıb, 11-i talan edilib.
Həmin dəhşətli hadisələrin şahidi Səməd Ocaqverdiyevin sözlərinə görə, 5 nəfərdən ibarət Əsliyevlər ailəsi və bir kənd sakini diri-diri yandırılıb, Məcid adlı polis də öldürülüb:
“Bundan başqa, ermənilər kənd sakini Əliməmməd Məhərrəmovu da yandırıblar. Dadaşın ailəsi bıçaqlanaraq tövlədə yandırılıb. Sovet əsgərləri kənd camaatının müdafiəsində qəsdən fəallıq göstərməyiblər”.
Ermənilərin dinc Bağanis-Ayrım kəndinə hücumu nəticəsində aşağıdakı dinc sakinlər həlak olub:
Əsliyev Dadaş Bayram oğlu, 1915-ci il təvəllüdlü;
Əsliyeva Pakizə Qulu qızı, 1927-ci il təvəllüdlü;
Əsgərova Havaxanım Dadaş qızı, 1959-cu il təvəllüdlü,
Adıgözəlova Aliyə Dadaş qızı, 1963-cü il təvəllüdlü;
39 günlük körpə (ona ad qoyulmayıb).
Güllələnənlər:
Adıgözəlov Hafiz Ramiz oğlu, 1942-ci il təvəllüdlü;
Məhərrəmov Əliməmməd Gülməmməd oğlu, 1942-ci il təvəllüdlü;
Əhmədov Məcid Oktay oğlu, 1965-ci il təvəllüdlü, Qazax RPŞ-nin polis əməkdaşı.
Ermənilər Aliyə Adıgözəlovanın və Havaxan Əsgərovanın qarın boşluğunu kəsərək, daş və çınqılla örtüb, Pakizə Əsliyeva, Dadaş Əsliyev, Xafiz Adıgözəlov, Əliməmməd Məhərrəmov və 39 günlük körpəni D.Əliyevin həyətindəki tövlədə yandırıblar. Videodan aydın görünür ki, yandırılmadan əvvəl hamıya işgəncə verilib, hətta 39 günlük körpənin başı sındırılıb.
Daha sonra ermənilər rayonun Bağanıs-Ayrım kənd sakinləri Adıgözəlov Mülkədar İsrafil oğlunu və Əhmədov Zirəddin Musa oğlunu yaralayıblar. Bbenzin tökərək Bağanıs-Ayrım kəndində 12 evi yandırıblar. Onlar kənd məktəbinin binasını dağıdıb, yararsız vəziyyətə salıb, kəndin və kolxoz sakinlərinin mal-qarasını, habelə şəxsi evlərini və qızıl-zinət əşyalarını talayıb, kənd sakinlərinə 578 min 72 rubl məbləğində maddi ziyan vurublar.
Faciə günü təcili tibbi yardım briqadasının tərkibində Bağanıs Ayrıma ilk gələnlərdən biri olan həkim Elxan Bayramov deyib:
“Ora gedəndə orada heç kim yox idi. Polis və yanğınsöndürənlərlə, təcili yardım maşını ilə kəndə daxil olduq. Qadınların qarınları daşla dolu idi. Onlara öncə işgəncə verilib, öldürülüb, sonra da yandırılıb. Ermənilər bir polis serjantını da güllələyib öldürmüşdülər. Amma o, artıq kənddən çıxarılmışdı. Bizdən bir saat sonra kəndlilər qayıtdılar. Bütün hadisələr tamamilə rusların nəzarəti altında baş vermişdi. Biz orada olarkən Rusiya helikopterləri Bağanis Airim üzərində dövrə vururdular, axıra qədər nəzarət edirdilər. Hətta 2-3 dəfə helikopterlər video görüntülərə də düşüb. Ümumiyyətlə, bunda rusların əli var idi”.
Faciə günü adətən adları çəkilməyən daha üç nəfər ermənilərin qurbanı olub: 1959-cu il təvəllüdlü Kamran Əmrahov; 1961-ci il təvəllüdlü Bəxtiyar Əmrahov, 1962-ci il təvəllüdlü Xəqani Saniyev. Faciədən xəbər tutan kimi onlar Bağanis Ayrıma gediblər. Ermənilər hər üçünü əsir götürüblər. Nəticədə onları apmaq mümkün olmayıb.
Bu gün Qazax rayonunun yeddi kəndi - Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Sofulu, Bərxudarlı, Qızılhacılı, Yuxarı Əskipara Ermənistanın işğalı altındadır.
Bizim.Media