Ermənilərin birgəyaşayış ÇAĞIRIŞLARI – Səmimi istək, məcburiyyət, yoxsa növbəti HİYLƏ?

Hazırda oxunan: Ermənilərin birgəyaşayış ÇAĞIRIŞLARI – Səmimi istək, məcburiyyət, yoxsa növbəti HİYLƏ?

166667

Noyabrın 28-də Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, azərbaycanlılar istəsələr zamanla Ermənistanda məskunlaşa biləcəklər.

Erməni spikerin bu fikirləri birmənalı qarşılanmayıb. Çünki Ermənistan monoetnik dövlətdir. Digər xalqlara qarşı bu ölkədə münasibət birmənalı şəkildə nifrət ruhundadır. Ona görə də Simonyanın belə bir fikir səsləndirməsi xeyli təəccüblü görünür. Bu səbəbdən erməni spikerin bu açıqlamasını bəzi ekspertlər siyasi manipulyasiya kimi qəbul edirlər.

Lakin bütün hallarda bu fikir konkret auditoriya üçün səslənmiş olsa belə maraqlıdır. Bu ən azı erməni cəmiyyətinin nəbzini yoxlamaq üçün əla bir test idi.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanı gözləyən TƏHLÜKƏLİ SONLUQ – Qorxunun əcələ faydası olmayacaq...


Təsadüfi deyil ki, Ermənistanda Simonyanın bu söylədiklərinə qəti şəkildə etiraz edən də olmadı. Əksinə bütün erməni KİV-ləri erməni spikerin bu fikirlərini həvəslə yayımladı. Bu da onu göstərir ki, erməni cəmiyyətində azərbaycanlılara qarşı aqressiya getdikcə azalır. 

Erməni aqressiyası niyə zəifləyir?

Bunun da bir neçə səbəbi var. Hər şeydən əvvəl sadə ermənilər 35 il davam edən münaqişədən bezib və yorulublar. Ermənistan əhalisinin 80-ə faizə yaxını ölkədə baş verən siyasi proseslərə çox laqeyd yanaşır. Çünki əhali daha çox gündəlik güzəran barədə düşünür. Baş verən siyasi proseslər onlar üçün az əhəmiyyət daşıyır. 

Bu gün hansısa Mıkırtıç da, Arakel də intizarla gözləyir ki, Azərbaycan və Türkiyə ilə sərhədlər açılsın, dolanışıq üçün bu ölkələrə getsinlər. Çünki Rusiyadakı ictimai-siyasi vəziyyət və rublun həddən ziyadə dəyərsiz olması ermənilərin bu ölkəyə marağını azaldıb. Halbuki son illərə qədər iki ermənidən biri güzəranını Rusiyadan gələn gəlir hesabına formalaşdırırdı. Bu gün o gəlir ən azı 4-5 dəfə azalıb. 

Digər qonşu dövlət - İranın vəziyyəti isə Rusiyadan heç də yaxşı deyil. Gürcüstandakı əmək bazarı isə çox kiçikdir. Üstəlik gürcülərin də ermənilərə münasibəti birmənalı deyil. Qərb isə ermənilərə ancaq vəd verir. Qarabağdan gedən ermənilər hesab edirdi ki, Fransa və digər Avropa ölkələri onlara qucaq açacaq. Amma bunu görməyəndə  reallıqla barışmaq məcburiyyətində qalıblar. 
Reallıqsa ondan ibarətdir ki, Ermənistanın iqtisadi dirçəlişi Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir. Əslində Azərbaycanın təklif etdiyi “3+3” platforması Ermənistan üçün unikal imkanlar açır.

Qərb Ermənistanı Azərbaycanın moderator olduğu layihələrdən çəkindirir

Son 30 ildə böyük güclər Ermənistanla Azərbaycan arasında xalq diplomatiyasına imkan vermədi. Çünki, Ermənistanın bir terrorçu dövlət olması və qonşu türk dövlətləri ilə düşmən mövqedə olması həm Qərbin, həm də Rusiyanın maraqlarına uyğun idi. Lakin hazırkı status-kvo Rusiyanı müəyyən güzəştlərə getməyə sövq edir. 

Rusiya artıq Ermənistana əvvəlki kimi iqtisadi və siyasi dəstək vermir və ya verə bilmir. Üstəlik, Azərbaycanın regionda güc faktoruna çevrilməsi Rusiyanı Cənubi Qafqaz siyasətinə yenidən baxmaq məcburiyyətində qoyur. Rusiyanın ermənilər arasında apardığı anti-Azərbaycan təbliğatı iflasa uğradığından və Ermənistanın çətin iqtisadi durumu erməniləri azərbaycanlılarla münasibətə yenidən baxmağa vadar edir. 

Onu da qeyd edək ki, Qərbin Ermənistanı Azərbaycan və Türkiyə üzərinə qızışdırmaq fəndləri o qədər də effektiv deyil. Rusiyadan fərqli olaraq Qərbin təbliğatının iqtisadi əsasları yoxdur. Ona görə təkcə Alen Simonyan yox, bir çox erməni fenomenlər Azərbaycanla münasibətlərin normallaşmasından daha çox danışır. 

Məsələn, tanınmış erməni bloger Natali Aleksanyan bu günlərdə özünün “Facebook” səhifəsində yazırdı ki, “uzun müharibədən sonra niyə almanlar və fransızlar dinc yaşaya bilirlər, amma ermənilərlə azərbaycanlılar dinc yaşaya bilmirlər? Sizcə, onlar bizdən az müharibə aparıblar? 

Onlar yüz illərlə döyüşüblər, indi aralarında sərhəd yoxdur. Niyə onlar üçün mümkündür, amma bizim üçün yox? Buna kim qərar verir? Qərar verən şəxs bizim fikrimizi soruşub? Bizim uşaqlarımız müharibədə ölür. Sülh olmalıdır, sülhün alternativi yoxdur".

Gənc blogerin dediklərini bu gün Ermənistanda hər bir ermənini düşündürür. 

Maraqlıdır ki, Aleksanyan kimi əksər ermənilər artıq başa düşüb ki, “atan kazaklardır”. Çünki tarix boyu erməniləri türklərlə düşmən edən Ermənistanın dövlət və milli maraqları yox, Qərbin və Rusiyanın siyasi maraqları olub. Artıq yeni nəsil ermənilər bunu çox aydın şəkildə başa düşürlər. Qərbin və Rusiyanın maşası olmaqdan qurtulmaq üçün cəhdlər göstərirlər.  

Məsələn Bakıda doğulmuş erməni deputat Vilen Qabrielyan bu günlərdə yenidən Azərbaycana qayıdıb, burada yaşamaq istəyini dilə gətirib:

"Azərbaycan təhlükəsizlik təminatı verərsə, Bakıya getmək, orada yaşamaq istəyərdim. Eyni zamanda, Ermənistan da azərbaycanlıların Ermənistana qayıdışını təmin etməlidir. Dünya yeni yaranmayıb, bir-biri ilə müharibə aparan, sonra sülh şəraitində yaşayan çoxlu dövlətlər var”, - deyə o bildirib.

Nəzərə alaq ki, bir neçə il əvvəl bu cür fikir səsləndirənləri Ermənistanda sorğusuz-sualsız linç edirdilər. 

Amma artıq mənzərə dəyişir. 

Zəifdə olsa erməni cəmiyyətində yeni atmosfer formalaşır. Artıq reallıqları dəyərləndirən sağlam qüvvələr Ermənistanın xilasının Azərbaycan və Türkiyə ilə mehriban münasibətdən keçdiyini anlayır. Ona görə də simonyanlar, aleksanyanlar, qabrielyanlar Azərbaycanla dostluqdan danışırlar.

Sadə ermənilər bir yana erməni spikerin “azərbaycanlılar istəsələr zamanla Ermənistanda məskunlaşa biləcəklər” fikri həm də bəzi maraqlı mətləblərdən xəbər verir. Görünən odur ki, Azərbaycanın diplomatik səyləri öz nəticəsini verir. Ermənistan soydaşlarımızın Qərbi Zəngəzura qayıdışına “yaşıl işıq” yandırır. Əgər Simonyan fikirlərində səmimidirsə, ən geci 2024-cü ilin ortalarında soydaşlarımızın Qərbi Zəngəzura qayıdışı başlayacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO