Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçiriləcək.
Bizim.Media "haberler.com" saytına istinadən xəbər verir ki, paytaxt Ankaranın İdman Kompleksində baş tutacaq qurultayda partiya sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "2023-cü ilin manifesti" adlı geniş nitq söyləyəcək.
MÖVZU İLƏ BAĞLI:
“Nə edirlər etsinlər, Türkiyəni yıxa bilməyəcəklər” - Ərdoğan
Bir saat yarım davam edəcəyi gözlənilən çıxışında onun əsasən martın 2-də açıqlanan İnsan Hüquqları üzrə Fəaliyyət Planına və iqtisadi islahatlara toxunacağı gözlənilir.
Bundan başqa, qurultayda partiya fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul ediləcək.
Belə ki, təşkilatın İdarə Heyəti üzvlərinin sayı 50-dən 75-ə çatdırılacaq. Ehtiyat üzvləri ilə birlikdə 100 nəfərdən ibarət olacaq İdarə Heyətində keçmiş nazir və deputatlarla yanaşı yeni şəxslərin təmsil olunacağı gözlənilir. Eyni zamanda İdarə Heyətində gənclərin və qadınların sayı artırılacaq.
“Hürriyət”dən Gizem Karakışın xəbərinə görə, İnformasiya və Texnologiya adlı yaradılacaq yeni şöbə partiyanın sosial media fəaliyyətləri ilə məşğul olacaq.
Bəzi bölmələrin adlarında və strukturlarında dəyişikliklərin planlaşdırıldığı da qeyd olunur.
Nümayəndələrin qurultaya qatılması üçün salonda ağ oturacaqlar, təhlükəsizlik üçün maneələr qoyulub. Qurultay zamanı həkimlərin daxil olduğu pandemiya lövhəsi də xidmət edəcək.
AKP qurultaya 11 partiyaya dəvət göndərdiyi halda, HDP, DEVA və Gələcək Partiyasını dəvət etməyib.
CHP, MHP, İYİ Partiyası, BBP, SP, DP, DSP, Vətən Partiyası, Yenidən Rifah Partiyası, Ana Vətən Partiyası, Azad İş Partiyası qurultaya dəvət edilib.
Bizim.Media