Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyini deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Astana Zirvə Toplantısının qəbulunda iştirak edib
Dövlətimizin başçısı xüsusilə Xəzəryanı ölkələr arasında münasibətlərin dostluq əsasında inkişafından razılığını ifadə edib.
Azərbaycanın müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırıb.
Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlətimizin başçısı bildirib ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib.
Dövlətimizin başçısı Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd edib.
Görüşdə İranla Azərbaycan arasında Ağbənd körpüsünün açılışının həm rəmzi, həm də böyük praktiki əhəmiyyətinin olduğu qeyd edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media