"42 min manatı nazirliyin sektor müdirinə verdim" - Səlim Müslümovun işində şahid

Hazırda oxunan: "42 min manatı nazirliyin sektor müdirinə verdim" - Səlim Müslümovun işində şahid

98482

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Səfadar Cavadov ifadə verib. O bildirib ki, 2009-cu ildə "Şıxlı" MMC-ni təsis edib. 

Səfadar Cavadovun sözlərinə görə, Əlillərin bərpa mərkəzinin Sumqayıt filialının elan etdiyi tenderdə 2014-cü ildə iştirak edib:

"Biz də layihə verdik, tenderdə qalib olduq. Yumşaq mebellər, həmçini uşaq preparatları alınmasını təşkil etdik. Bunları əlillərin bərpa mərkəzinə təhvil verdik".

Şahid qeyd edib ki, tenderin müqaviləsində göstərilən məbləğ 198 min manat olub. Onun sözlərinə görə, tenderdə iştirak etməyi ona "Muğanbank"ın filial rəhbəri olmuş Arif müəllim təklif edib: "Mən də Arifin təklifi ilə sənədləri hazırladım və tenderdə iştirak etdim. Bizim şirkətimiz tenderdə qalib gəldi. Bizdən əlavə tenderdə 3 şirkət iştirak edirdi".

Prokurorun suallarını cavablandıran şahid deyib ki, tenderin müqaviləsində göstərilən puldan heç kimə verməyib. Onun sözlərinə görə, 2014-cü ilə kimi belə böyük tenderlərdə iştirak etməyib. O deyib ki, 2009-cu ildə də başqa bir tenderdə iştirak edib. O bildirib ki, Arifi uşaqlıqdan tanıyıb və qazancdan Arifə heç nə verməyib. 
Hakim şahidin istintaqa verdiyi ifadəsini səsləndirib. Həmin ifadədən məlum olur ki, onlar Vüqar Əhmədli vasitəsi ilə 198 min manatın 42 min manatını "otkat" kimi nazirliyinin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova çatdırıb. 

Şahid isə məhkəmədə deyib ki, Vüqar Əhmədlini tanımayıb. Amma hakim onun Vüqar Əhmədli ilə ibtidai istintaq zamanı üzləşdirildiyi protokolu elan edib. Həmin üzləşdirmədən məlum olur ki, Vüqar Əhmədli Səfadar Cavadovdan 42 mini alaraq Dəyanət Fərəcova verdiyini təsdiqləyib. 

Daha sonra ifadə verən Tural Hacıyev bildirib ki, atası Söhbət özünün və onun adına 4 şirkət təsis edib. Bildirib ki, nazirliyin tenderlərində iştirak ediblər və qalib olduqdan sonra əlillər, şəhid ailələri üçün nəzərdə tutulmuş Oğuz, Qusar və Xaçmaz raynlarında 9 ev tikiblər.

Onun sözlərinə görə, evlərin smeta dəyərləri fərqli olub:

"Elə ev var idi 3 otaq idi, eləsi də var idi ki, 2 otaq olub. Buna görə də evlərin dəyəri də fərqli olub. Hər evə görə, nə qədər pul köçürülüb, məndə dəqiq məlumatım olmayıb. Bunları atam dəqiq bilib. Mən atamın yanında işləmişəm. Atam isə 2016-cı ildə vəfat edib".

Şahidin istintaq ifadəsi elan olunub. Onun həmin ifadəsindən məlum olub ki, 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin idarə rəisi atası Söhbət Hacıyevi qəbul edib: "Atamın tenderdə iştirak etməsini istədi. Tenderdə nəzərdə tutulmuş əlillər və şəhid ailələri üçün Oğuz, Qusar, Xaçmaz rayonlarında tikilməsi nəzərdə tutulan 9 evin hər biri üçün 5 min manat tələb etdi. Atam da onunla razılaşdı. Atam 45 min manatı Natiq Əzizova verdi. Bundan sonra işə başladıq".

Şahid istintaqa verdiyi ifadəsini təsdiqləyib. 

Daha sonra ifadə verən Anar Rəhimov bildirib ki, adına dayısı Mirisrafil 7 şirkət açıb və ona ayda 700 manat maaş verib: "Biz nazirliklə bu şirkətlər arasında müxtəlif satınalmalar üzrə müqavilələr imzalamışıq. 2016-cı ildən sonra başa düşdüm problem olacaq, ona görə adımda olan bütün şirkətləri çıxartdım". Pulları nazirliyinin nümayəndəsi Dəyanətə verirdim. Nazirlikdə təxminən 10 dəfə olmuşam".

Növbəti proses oktyabrın 17-də davam edəcək. 

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO